“Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olmaq çətinləşib” - FİKİR
Vahid Məhərrəmov: “Dünyanın 193 ölkəsindən yalnız 20-si qanun qəbul edərək GMO istehsalına, idxalına qadağa qoyub”
4 Aprel 2014 12:31 İqtisadiyyat"Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün əlavə yollar axtarılmalıdır. Geni dəyişdirilmiş orqanizmlərlə bağlı uzun zamandır ki, mübahisələr gedir" - "OLAYLAR"-ın məlumatına görə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyib. V.Mərhərrəmovun sözlərinə görə, bəzi alimlər bunun insan orqanizminə mənfi təsirindən danışır, bəziləri heç bir mənfi təsirinin olmadığını deyir. Ekspert hesab edir ki, əslində, hər iki tərəfin əsası var: "Əsas ondan ibarətdir ki, bu prosses insanlar tərəfindən idarə olunur. Yəni, istənilən anda həm insan orqanizmi üçün faydalı olan məhsul əldə etmək olar, həm də əksinə, orqanizm üçün ciddi fəsadlar yarada biləcək, hətta istehlakçının fiziki cəhətdən məhvinə səbəb ola biləcək məhsul əldə etmək olar. Əsas qarşıya qoyulan məqsəddir. Burda əsas məqsəd ölkənin ərzaq məhsullarına olan tələbatını təhlükəsiz məhsulla ödəməkdirsə, bu vaxt əlbəttə ki, ölkə özü bu istiqamətdə elmin inkişafına nail olmalıdır. Bu gün iqtisadi və elmi sahədə ciddi inkişafa nail olmuş ölkələr gen modifikasiyası ilə məşğul olur. Amma, dünyanın 193 ölkəsindən yalnız 20-si qanun qəbul edərək GMO istehsalına, idxalına qadağa qoyub. Düşünürəm ki, GMO məhsullarına birmənalı şəkildə qadağa qoymaq düzgün deyil. Ona görə ki, indi elə bir şərait yaranıb ki, kənd təsərrüfatı məhsullarının istehsalında ciddi problemlər var. Yaxın günlərdə biz abiotik stresslər nəticəsində məhsuldarlığın azalacağını proqnoz verdik. Bununla yanaşı biotik stresslər nəticəsində də məhsuldarlıq ciddi şəkildə azalır, yəni son zamanlar xəstəlik və zərərvericilərin bitkiçiliyə zərərli təsiri güclənib. Ona görə də nəzərə alınmalıdır ki, artıq ənənəvi qaydada kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olmaq çətinləşib. Yollar axtarmaq lazımdır ki, hansı yolla biz vəziyyəti yaxşılaşdıra, kənd təsərrüfatı məhsulunun istehsalını artıra bilərik. Bunlardan biri də gen modifikasiyası yolu ilə məhsuldarlığı artırmaq, bitkini abiotik, biotik stresslərə qarşı davamlı etməkdir. Bu yolla da, demək olar ki, inkişaf etmiş bir sıra ölkələr həm öz kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarıını ödəyə bilirlər, həm də ixrac qabiliyyətini artırırlar. Biz bu sahəni inkişaf etdirməliyik ki, gələcəkdə özümüzü keyfiyyətli ərzaq malları və kənd təsərrüfatı məhsulları ilə təmin edə bilək". ("OLAYLAR" İA)