İdxalda Türkiyə Rusiyadan geri düşüb

Sabah Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan birgünlük ziyarətlə Bakıya gəlir. Türkiyə hökumətindən verilən açıqlamaya görə, səfər zamanı bir sıra məsələlərlə yanaşı iqtisadi münasibətlər də diqqət mərkəzində olacaq. "Media forum" saytı xəbər verir ki, Türkiyə keçən il Azərbaycanın ticarət tərəfdaşları arasında ilk onluğa düşüb. 2013-cü ilin 11 ayı üzrə göstəriciyə görə, Azərbaycanın xarici ticarət tərəfdaşları arasında Türkiyə 5.8 faizlik payla 5-ci yerdə qərarlaşıb. Həmin dövrdə Türkiyə ixracda 2.19, idxalda isə 13.95 faizlik paya malikdir.

Diqqətçəkən məqamlardan biri də odur ki, keçən il Türkiyə idxal olunan məhsulların həcminə görə yenidən Rusiyadan sonraya düşüb. Hərçənd 2012-ci ilin müvafiq dövründə Türkiyə 15.1 faizlik payla Rusiyanı qabaqlayaraq birinci yerə çıxmışdı. 2013-də isə 14.2 faizlik payla Rusiya yenidən öndədir.

Prezident İlham Əliyevin keçən ilin noyabr ayında Türkiyəyə səfəri zamanı baş nazir Rəcəb Teyyub Ərdoğan mətbuat konfransında bəyan etmişdi ki, iki ölkə arasındakı ticarət dövriyyəsində hədəf 15 milyard dollardır. Hazırda dövriyyənin həcmi 4.2 milyard dollardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31