“Ölkədə meyvə qıtlığı ola bilər” - EKSPERT

Vahid Məhərrəmov: “Bir sıra mütəxəssislər Rusiyada, fərqqli şəraitdə həyata keçirilən təcrübələr barədə insanlara məsləhətlər verirlər”

Yaz aylarının başlamasına baxmayaraq, havanın temperaturunun aşağı düşməsi kənd təsərrüfatı sahələrində bir sıra problemlərin ortaya çıxmasına səbəb ola bilər. Xüsusilə də meyvəçilik sektorunun soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində xeyli zərər görəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Temperaturun kəskin aşağı düşməsi xüsusilə çəyirdəkli meyvə ağaclarının çiçəklənmə və mayalanma dövrünə təsadüf etməsi bir neçə ay sonra bazarlarda bu məhsullara olan tələbatı xeyli artıracağı halda təklifin formalaşmasını çətinləşdirəcək. Meyvə ağaclarının zərər görməsi məhsuldarlığı aşağı salacaq ki, bu da qiymətlərin bahalaşmasına səbəb olacaq. Ərik, gilas, şaftalı, albalı və alça kimi meyvələrin idxal səviyyəsi də yüksələ bilər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, bu il hansı meyvələrin bahalaşacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. V.Məhərrəmov bildirdi ki, şaxtaların meyvə ağaclarına nə qədər təsir zərər vurduğunu hesablamaq lazımdır. İqlmim dəyişiklinin bağçılığa təsiri ilə əlaqədar son zamanlarda çəyirdəkli meyvələrin, xüsusilə ərik, şaftalı, gilas kimi meyvələrin çox hissəsinin Azərbaycana xarici ölkələrdən idxal olunduğunu deyən eskpertin sözlərinə görə, Türkiyə, İran və Gürcüstandan ölkəyə meyvələr gətirilir. Vahid Məhərrəmov vurğuladı ki, şaxtalı havalar bu il özünü kəskin şəkildə göstərdi. Bəzi yerlərdə temperaturun -2 və -5 dərəcəyədək aşağı düşdüyünü deyən V.Məhərrəmov: "Bir çox rayonlarda dolu da müşahidə olundu. Havanın şiddətli şəkildə soyuq olması mövcud problemləri ortaya çıxardı. Əvvəlki illərin mart-aprel aylarında da havaların soyuq keçməsi nəticəsində məhsuldarlığın azalması, fermerlərin  zərərə məruz qalması və məhsul qıtlığı kimi tendensiyalar müşahidə olunub. Məhsuldarlığın aşağı olacağını  demək mümkün olsa da  bu il bazarda meyvələrin qiymətinin qalxacağını əvvəlcədən demək çətindir. Digər ölkələrdə bu kimi məshulların  istehsalı  arta bilər və bizim ölkəmizə idxal zamanı qiymətlərə yaxşı mənada təsir edər" - deyir. Vahid Məhərrəmov şaxtalı havaların Azərbaycanda əsasən alça, gilas, şaftalı, ərik və sair kimi meyvə ağaclarına mənfi təsir etdiyini qeyd edir. Ekspertin sözlərinə görə, soyuq havalar bu ağacların çiçəklənmə dövrünə təsadüf edib: "Şaxtalı hava ağacların mayalanma fazasında özünü göstərib. Ona görə də bir çox meyvə ağaclarında mayalanma prosesi axıradək getməyib. Bir müddətdən sonra müşahidələr aparıb məsələ barədə daha dəqiq informasiyalar verəcəyik".

"Ağaclar abiotik stressə məruz qalıblar"

Vəziyyətin yaxşılaşdırılması üçün bir sıra təbdirlərin görülməsi mümkündür. Məsələdə əsas məsuliyyət fermerlərin və əlaqədar orqanların üzərinə düşür. Sahə mütəxəssisləri məsləhətlər və profilaktik tədbirlər üçün sektorlara cəlb edilməlidirlər. Vahid Məhərrəmli bildirir ki, bir sıra mütəxəssislər Rusiyada şaxtalı havalar vaxtı ağacların don vurmasının qarşısını alınması üçün həyata keçirilən təcrübələr barədə kəndlilərə məsləhətlər verirlər. Ekspert bu tendensiyasını düzgün hal hesab etmir. V.Məhərrəmli hesab edir ki, şaxtalı havalar bir sıra meyvə ağaclarına mənfi təsir edib: "Məsələnin görünməyən tərəfi meyvə ağaclarının ciddi abiotik stressə məruz qalmalarıdır. Meyvə ağacları çiçəklənmə dövründə bütün gücünü, potensialını generativ orqanlarını formalaşdırmağa səfərbər edir. Havanın kəskin dəyişməsi bitkidə stresə səbəb olur, bu kimi amillər sonradan meyvə ağaclarının fizioloji durumuna təsir  edir". Vahid Məhərrəmov xüsusi olaraq vurğuladı ki, fermerlər ağaclara normal qaydada qulluq etməyə çalışmalıdırlar. Bitkilərin qidalanması üçün üzvi və mineral gübrələrdən istifadə edilməlidir. Vahid Məhərrəmov vəziyyətin o qədər də faciəli olmadığını deyir və bildirir ki, mayalanmış çiçəklər ağacların üzərində qalacaqlar: "Fermerlər yetişə biləcək meyvələri xəstəliklərdən, zərərvericilərdən qormağa səy göstərməlidirlər. Keyfiyyəti və məhsuldarlığı yüksəltmək üçün fermerlər aqrotexniki qaydalara əməl etməlidirlər".

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31