Bazarlarda qiymətlər “od tutub yanır” - AKTUAL
Novruz yarmarkaları da qiymətlərə təsir edə bilmədi
19 Mart 2014 13:51 İqtisadiyyatNovruz bayramının gəlişi ilə əlaqədar ölkənin bütün ticarət mərkəzlərində, o cümlədən kənd təsərrüfatı bazarlarında qiymət artımı davam edir. Vətəndaşların ərzağa daha çox üstünlük verdikləri, daha çox alış-veriş etdikləri ilaxır çərşənbənin arxada qalması belə qiymətlərin aşağı düşməsinə təsir edə bilməyib. Əksinə, reallıq ondan ibarətdir ki, satıcılar hələ martın sonuna qədər qiymətlərin sabit saxlanmasına çalışacaqlar. Məlumat üçün qeyd edək ki, Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşısını almaq məqsədilə pespublika ərazisində, o cümlədən Bakı şəhərində Novruz yarmarkaları təşkil edilmişdi. Təkcə paytaxtın 7 rayonunda təşkil edilən belə yarmarka beş gün davam etdi. Ancaq fakt ondan ibarətdir ki, həmin yarmarkalarda nəzərdə tutlan qiymət endiriminə nail olunmadı. Düzdür, mediada, xüsusən telekanallarda məlumatlar verildi ki, kənd təsərrüfatı yarmarkalarında qiymətlər digər bazarlarla müqayisədə 30-40 faiz ucuzdur. Ancaq bu ucuzlaşma qısa bir müddəti, yəni kənd təsərrüfatı naziri Heydər Əsədovun yarmarkalarda olduğu müddəti əhatə etdi. Qalan vaxtlarda qiymətlər yenə də kəllə-çarxa qaldırıldı. Xüsusən, ət və ət məhsulları satıcıların istəyinə uyğun qiymətləndirilirdi. Əgər yarmarkanın o başına gedəndə ət 5 manata satılırdısa, qayıdanda 7 manat olurdu. Məlumat üçün qeyd edək ki, əhalinin ciddi narazılığından sonra tədbir görüntüsü yaratmaq xatirinə bir satıcını bazardan uzaqlaşdırdılar, ancaq nazir ərazini tərk etdikdən sonra həmin satıcı 7 manata ət satışını davam etdirdi. Həttə bəzi məhsulların qiymətləri ticarət mərkəzlərindən də baha oldu. Məsələn, yarmarkalarda yumurta 10 qəpiyə satıldığı və bunun ucuzlaşma kimi təqdim edildiyi halda, şəhərin mərkəzindəki ticarət şəbəkələrində bu növ məhsul 9 qəpiyə təklif olunurdu. Onu da qeyd edək ki, yarmarkalarda məhsullar üçün iki qiymət göstəricisi satıcılar üçün adi hal alıb. Məhşur "Alma-almaya bınzər" filmində olduğu kimi qiymət talonunun bir üzündə bir, digər üzündə isə başqa qiymət yazılır. Məlumat üçün bildirək ki, bu dəfəki Novruz yarmarkalarında qiymətlər hən ötən illə, həm də əvvəlki aylarla müqayisədə yüksək idi. Göyərti, pomidor-xiyardan tutmuş balıq və ət məhsullarına qədər bütün növ mallarda qiymət artımı müşahidə olunurdu. Baxmayaraq ki, bu dəfə məhsulların keyfiyyətində də fərq qeydə alınırdı. Demək mümkündürsə, bazarda təzə deyil, saxlama kameralarında keyfiyyətdən düşmüş kənd təsərrüfatı məhsulları üztünlük təşkil edirdi. Yarmarkalara alverçilərin nüfuz etməsi isə qiymətlərin süni şəkildə artırılmasına şərait yaradıb. Belə ki, alverçilərin topdansatış mərkəzlərindən aldıqları məhsulların qiyməti fermerlər üçün sərfəli idi. Yəni, fermerlər rayonlardan gətirdikləri öz məhsullarına alverçilərin diktəsi ilə qiymət qoyurlar. Nəticədə Novruz bayramı ilə əlaqədar olaraq əksər məhsulların, o cümlədən kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunur. Qoz-fındıq, balıq məhsullarına isə yaxın düşmək mümkün deyil. Bazarlarda qiymət artımı rəsmi orqanlar tərəfindən də təsdiqini tapıb. Statistika Komitəsinin verdiyi məlumata görə, 2014-cü ilin fevral ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşıb. Ay ərzində ən çox bahalaşma mal və toyuq əti, yumurta, kartof kimi məhsullarda qeydə alınıb. İndi bazarlarda kartofun bir kiloqramı 1 man, 1 man 20 qəpiyə təklif olunur. Özü də baş verən bahalaşma həm yerli, həm də idxal məhsullarda müşahidə olunur. Ekspertlərin qənaətinə görə, hazırda qeydə alınan qiymət artımı heç bir iqtisadı bazisə söykənmir. Yəni bazarlardakı bahalaşma süni amillərlə bağlıdır. O amillər ki, onların hamısı nəzarət orqanlarına bəllidir, lakin onun qarşısını almaqda acizlik nümayiş etdirilər. Məlumat üçün qeyd edək ki, Azərbaycanın coğrafi mövqeyi və iqlim qurşağı imkan verir ki, ilin bütün fəsillərində bostan və bağ məhsullari əhalinin tələbatından artıq istehsal edilsin. Bu il də həm rəsmi qurumlar, həm də fermerlər bəyan ediblər ki, ölkə məhsul qıtlığı ilə üzləşməyəcək, kifayət qədər məhsil tədarük edilib. Üstəlik xarici ölkələrdən də kifayət qədər məhsul idxalı həyata keçirilir ki, bu da dolayısı ilə qiymətlərin aşağı düşməsinə təsir edən amillərdən hesab olunur. Ancaq qiymət artımı məhsul istehsalının dəfələrlə artdığı şəraitdə baş verir. Bazarlardakı real vəziyyətə nəzər alsaq bəlli olar ki, qiymətlər əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artıb. Yəni ilin elə fəsli, elə bayram ayları olmur ki, qiymət artımı baş verməsin. Ekspertlərin fikrincə, bazarlarda qiymət artımı ən çox süni amillərlə bağlıdır. Həmin amillərdən ən təhlükəsi və dərin kök salanı inhisarçılıq və nəzarət siseminin olmamasıdır. Nəzərə alsaq ki, qarşıdan 20-21 mart-Novruz bayramı gəlir, deməli hələlik qiymət endirimindən danışmağa dəyməz. Bir də ki, bizim ticarət bazarlarında belə bir ənənə yaranıb ki, mallarda baş verən qiymət artımı daimi davamlı olur. Lakin ölkədə liberal iqtisadiyyatın olması o demək deyil ki, satışa çıхarılan məhsulları istənilən fantastik qiymətə satmaq olar. Satışa çıхarılan məhsul əhalinin alıcılıq qabiliyətinə və vətəndaşların ailə büdcəsinə uyğun olmalıdır. Çox təəssüf ki, bunun əksinə olaraq istər yerli, istərsə də xaricdən idxal edilmiş kənd təsərrüfatı məhsulları əhaliyə fantastuk qiymətlə təklif olunur. Belə halların müşahidə olunması doğrudan da kənd təsərrüfatı məhsulları üzərində inşisarçılığın mövcudluğunu təsdiq edir. Nəzarət orqanları isə yalnız qeyri-müəyyən açıqlamaları ilə əhalinin başının aıtına yastıq qoymaqla məşğuldur.
Alim