Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək

Son illər ölkə Prezidentinin rəhbərliyi ilə aqrar sahədə islahatların həyata keçirilməsi, dövlətin bu sahəyə diqqət və qayğısı nəticəsində dinamik inkişaf təmin edilmiş, heyvandarlıq və bitkiçilikdə mühüm struktur dəyişiklikləri baş vermiş, məhsul istehsalının artırılmasında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Məhz bu səbəbdən aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu tədbirin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Kənd təsərrüfatı siyahıyaalınmasının əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı"nın Tədbirlər Planında bu məsələ ilə əlaqədar xüsusi bənd əksini tapıb. Qərara əsasən Kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşr edilməsi Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilib. DSK-dan verilən məlumata görə, kənd təsərrüfatının siyahıyaalınması Azərbaycanda ilk dəfə 1921-ci ildə keçirilib. 

Sonrakı illərdə isə ardıcıl olaraq kənd təsərrüfatının ayrı-ayrı sahələrinə dair sorğu və uçotlar keçirilib. 1932-ci ildən sonra kənd təsərrüfatı sahəsində kollektivləşmə və sovxoz quruculuğu ilə əlaqədar iri təsərrüfatlar meydana gəldiyindən genişmiqyaslı kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinə ehtiyac qalmamış, kolxoz və sovxozlar üzrə kənd təsərrüfatına dair müvafiq statistik məlumatlar bu təsərrüfatların təqdim etdikləri dövlət statistika hesabatlarının əsasında əldə edilmişdir. 2005-ci ilin iyun ayının 1-dən 30-dək olan dövrdə isə müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq ümumi kənd təsərrüfatı siyahıyaalınması keçirilib. 2005-ci ildən 10 il sonra növbəti siyahıyaalmanın keçirilməsinin vacibliyi və əhəmiyyətindən bəhs edərkən kənd təsərrüfatı sahəsində baş verən prosesləri xarakterizə etməmək olmaz. İqtisadiyyatın bazar münasibətlərinə keçirilməsi ilə əlaqədar qanunverici və icra hakimiyyəti orqanları tərəfindən mühüm həyati əhəmiyyət kəsb edən bir sıra normativ-hüquqi aktlar, müxtəlif dövlət proqramları qəbul edilib. 
   Komitədən bildirilib ki, 2015-ci ildə keçiriləcək kənd təsərrüfatı siyahıyaalınması mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün yaşayış məntəqələrinin ərazisində kənd təsərrüfatı istehsalı ilə məşğul olan müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edəcək. Kənd təsərrüfatı siyahıyaalınması müvafiq uçot formaları üzrə Dövlətstatkomun və onun yerli orqanlarının - rayon, şəhər statistika idarələrinin rəhbərliyi ilə bu işə cəlb ediləcək sayıcılar tərəfindən aparılacaq. Uçot formalarına yazılacaq məlumatlar yalnız ümumi məlumatların əldə edilməsi üçün istifadə ediləcək. "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa görə bu məlumatların kənar şəxslərə və yaxud təşkilatlara verilməsi qadağandır. 
 Əhali arasında kütləvi izahat işlərinin aparılması məqsədilə DSK tərəfindən kənd təsərrüfatı siyahıyaalınmasının əhəmiyyətini və məqsədini xarakterizə edən 30 min tirajla bir neçə adda plakat hazırlanaraq siyahıyaalmaya bir ay qalmış bütün yaşayış məntəqələrində, əhalinin toplaşdığı kütləvi yerlərdə divarlara yapışdırılacaq. Bundan əlavə, rayon (şəhər) statistika idarələrinin məsul şəxsləri yerli qəzetlərdə, televiziya verilişlərində siyahıyaalmanın keçirilməsi ilə bağlı vaxtaşırı çıxışlar edəcəklər. Paralel olaraq, Komitənin inzibati binasında istifadəçilərlə mütəmadi görüşlərin keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, siyahıyaalmanın mütəşəkkil və keyfiyyətlə keçirilməsində, sorğu aparılan məlumatların dolğunluğunun təmin edilməsində inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin və kənd ərazi vahidlərində təsərrüfatbaşına uçot sənədlərində məlumatların dürüstləşdirilməsinin, yaşayış məntəqələrinin ərazisində yerləşən bütün kateqoriyalardan olan təsərrüfatların reyestr üzrə dəqiqləşdirilmiş siyahısının hazırlanmasının və s. bu kimi işlərin vaxtında yerinə yetirilməsinin böyük əhəmiyyəti vardır. Məlumata görə, 2015-ci ildə siyahıyaalmanın keçirilməsi qaydalarını, tətbiq olunacaq sənədləri və məlumatların işlənməsi üzrə proqramı sınaqdan keçirmək məqsədilə Nazirlər Kabinetinin "2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında" 28 dekabr 2013-cü il tarixli 357 nömrəli Qərarına uyğun olaraq Quba rayonunda 2014-cü il iyunun 1-i vəziyyətinə sınaq siyahıyaalmanın keçirilməsi nəzərdə tutulur. 
 Sınaq siyahıyaalınması maliyyə imkanları nəzərə alınmaqla rayon üzrə 2000 təsərrüfatda keçiriləcək. Bu zaman, sınaq siyahıyaalınmasının gedişi ilə tanış olmaq üçün siyahıyaalma sahəsində təcrübəsi olmayan yerli statistika orqanlarının nümayəndələrinin iyun ayında üç gün müddətinə Quba rayonuna ezam edilməsi nəzərdə tutulur. Respublika üzrə ümumi kənd təsərrüfatının siyahıyaalınmasının həyata keçirilməsi zamanı əldə edilmiş nəticələr ölkə üzrə kənd təsərrüfatının inkişaf meyllərinin düzgün qiymətləndirilməsində və bu sahədə qərarların qəbul edilməsində əhəmiyyətli rola malik olacaq, eyni zamanda, kənd təsərrüfatı statistikasının beynəlxalq tələb və tövsiyələrə uyğunluğunu təmin edəcək. Siyahıyaalmada əldə olunacaq nəticələrin aqrar sahədəki proseslərə uyğunluğunun təmin edilməsində istər müəssisə, istərsə də təsərrüfat rəhbərləri də məsuliyyət daşıyır. Belə ki, alınacaq nəticələr birbaşa onların cavabları ilə əlaqədar olduğundan onlar cavablarında səmimi olmalı, hər hansı faktı gizlətməkdən və ya şişirtməkdən çəkinməlidirlər. Reallığı əks etdirən nəticələr eyni zamanda aqrar sahənin inkişafı üzrə dövlət proqramlarının və müvafiq tədbirlərin keyfiyyətlə işlənib hazırlanmasına möhkəm zəmin yaradacaq ki, bu da nəticə etibarilə həm onların mənafeyinə xidmət edəcək, həm də iqtisadiyyatın inkişafına təkan verəcək. Bütün bunlar öz növbəsində bu dövlət əhəmiyyətli tədbirin - kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsində müəssisə və təsərrüfat rəhbərlərinin öz məsuliyyətlərini dərk edəcəklərinə, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə ümid etməyə əsas yaradır. 
 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31