Saxta əyarlı zinət əşyaları aşkar edilib

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ilin fevral ayı ərzində "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə İmişli və Lənkəran şəhərlərində əyar nəzarəti tədbirləri həyata keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, keçirilən yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 1462 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilib. Gətirilməsi təmin edilmiş məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən edilmiş və əyarlarının, üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilib. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənib və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 14620 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.

2014-cü ilin fevral ayında yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 4 qərar çıxarılıb və ümumilikdə 3200,0 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ilin fevral ayında 116190,8 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31