Azərbaycan ilk dövlət istiqrazlarını beynəlxalq bazarda uğurla yerləşdirib

2014-cü il 11 mart tarixində Azərbaycan Respublikasının dövlət istiqrazlarının beynəlxalq kapital bazarlarında ilk yerləşdirilməsi uğurla başa çatıb. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ilk Azərbaycan bondlarının (istiqrazların) emissiyası xarici investorların böyük marağına səbəb olub. 1 milyard 250 milyon ABŞ dolları məbləğində dövlət qiymətli kağızlarının emissiyası beş faizlik gəlirlilik və 10 il ödəmə müddəti ilə yerləşdirilib. Bu göstərici istinad kimi əsas götürülən müvafiq müddətli ABŞ dövlət qiymətli kağızlarından 2.22 faiz dərəcəsi yüksək olub. Müqayisə üçün, daha yüksək kredit reytinqinə və qiymətli kağız buraxılışı təcrübəsinə malik Rusiya Federasiyasının eyni müddətli dövlət qiymətli kağızları 2.41 faiz dərəcəsi, Türkiyənin dövlət qiymətli kağızları isə 2.74 faiz dərəcəsində ticarət olunub. İnvestorların maraqlarının ifadəsi kimi, Azərbaycan Respublikasının qiymətli kağızlarına olan təlabat təklifdən 4 dəfə artıq olub və 160-dan çox ölkənin institusional investorlarını cəlb edib. Yerləşməyə görə, investorların əksəriyyəti ABŞ-da olmaqla (47%), Birləşmiş Krallıq (25%), Almaniya (18%) və 10% digər ölkələri, o cümlədən Sinqapur, İsrail və s. ölkələri əhatə etmişdir. Beynəlxalq bazarlarda ilk dövlət istiqrazlarının yerləşdirilməsi üçün "Barclays", "Deutsche Bank" və "Citi" investisiya banklarından ibarət sindikata Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən səlahiyyət verilib. Ötən həftə ərzində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi və İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyət investisiya bankları sindikatı ilə birlikdə Almaniya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında investorlar üçün təqdimatlar keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31