Vergilər Nazirliyi informasiya açıqlığına görə birincidir
6 Mart 2014 15:57 İqtisadiyyat"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti ilə bağlı apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. Reytinq cədvəli 2013-cü ilin iyulundan 2014-cü ilin yanvarına qədər olan dövrü əhatə edir və monitorinqə 74 mərkəzi, 67 yerli icra orqanı daxil edilib. Vergilər Nazirliyi Analitik-informasiya şöbəsindən verilən məlumata görə, "Multimedia" Mərkəzinin rəhbəri Osman Gündüz bildirmişdir ki, monitorinq mərkəzi və yerli icra qurumlarının saytlarında yerləşdirilən məlumatlar və elektron xidmətlər üzərində aparılır. İnformasiya açıqlığına görə altı il ardıcıl olaraq 1-ci yerdə qərarlaşan Vergilər Nazirliyinin builki informasiya açıqlığı göstəricisi 74% olmuşdur. Sonrakı yerləri isə Dövlət Sosial Müdafiə Fondu (67%), Dövlət qulluğu məsələləri üzrə Komissiya (67%), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (65,5%), Baş Prokurorluq (64%), Daxili İşlər Nazirliyi (63,5%), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (63%), Mərkəzi Bank (62,5%), Ədliyyə Nazirliyi (59%) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tutub.