Endirimli mal alarkən diqqətli olun!
4 Mart 2014 13:46 İqtisadiyyatİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Süleymanova Aynur Mübariz qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 58 2E, mənzil 18 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın pəncərələrində "Qadın çanta və ayaqqabılarına 30%, 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkar olunmuşdur. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilmişdir.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmışdır.
Qanun pozuntusuna yol vermiş Aynur Süleymanova barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.