Qeyri-neft sektoruna investisiya qoyuluşu 14 faiz artıb
3 Mart 2014 15:18 İqtisadiyyatYanvar ayında qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 14,4 faiz artaraq 446,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən 30,0 milyon manat qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 88,8 faizi dövlət, 11,2 faizi qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 660,9 milyon manat vəsait yönəldilib. Onun 57,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 6,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 18,9 faiz artıb.
Məhsul istehsalı obyektlərinin inşasına 388,6 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 272,3 milyon manat vəsait yönəldilib, ümumi sərmayənin 66,4 faizi dövlət, 33,6 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,7 faiz artaraq ümumi sərmayənin 67,3 faizini təşkil edib, onun 83,3 faizi dövlət, 16,7 faizi isə qeyri-dövlət bölməsinin payına düşüb.