“Xəzərdə qəfəs balıqçılığı yaradılmalıdır” - MÜSAHİBƏ
Vahid Məhərrəmov: “Ölkənin iqlim şəraitinə uyğun olaraq 50-yə yaxın kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olub yaxşı nəticə əldə etmək mümkündü”
28 Fevral 2014 15:15 İqtisadiyyatBalıqçılıqda, ailə-fermer təsərrüfatlarında açıq şəkildə hiss olunan problemlər var. Problemlərin mütəxəssis çatışmazlığı və aidiyyatı qurumların üzərinə düşən vəzifələri yerinə yetirməməsindən qaynaqlandığı bildirilir. Ölkənin kənd təsərrüfatında baş verən prosesləri sahə üzrə ekspert Vahid Məhərrəmov dəyərləndirdi.
"Ailə-fermer təsərrüfatları yaratmaq olar"
Vahid Məhərrəmov bildirdi ki, ailə-fermer təsərrüfatı yaratmış kəndlilər maarifləndirilməli və onlar təsərrüfatlarının gəlir gətirəcəyini, istehsal etdiyi məhsulun rəqabət qabiliyyətli, yüksək keyfiyyətli, maya dəyərinin aşağı olmasını təmin etmək üçün bizneslərini əvvəlcədən planlaşdırmalıdır. Dövlət tərəfindən ayrılan ən az pay torpaqı sahəsi 16 sotdu. Həmin sahədə istixana yaradıb ilin bütün fəsillərində məhsul istehsal etmək olar. Ekspertin sözlərinə görə, fermerlər 1 məhsulun istehsalı ilə məşğul olmamalıdı: "Ölkənin digər kənd təsərrüfatı məhsullarına da ehtiyacı var. Kiçik sahələri birləşdirib məhsul istehsalı ilə məşğul olmaq çətindi. Pay torpağının həcmi böyük olan sahələrdə birlik yaratmaq mümkündü. Çünki belə sahələrdə pay alanların sayı az olduğu üçün konsalidasiya mümkündü. Az həcmli torpaq almış payçılara iş üçün imkan yaradılmalıdı. Kəndlilərə daha çox gəlir gətirən sahələrlə məşğul olmaları üçün maarifləndirilmə işi aparılmalıdı. Azərbaycanın iqlim şəraitinə uyğun olaraq 50-yə yaxın kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olub yaxşı nəticə əldə etmək mümkündü".
"Balıq tələbatı artır"
Bir müddət əvvəl layihə həyata keçirildiyi vaxt bir hadisənin şahidi olduğunu deyən V.Məhərrəmovun sözlərinə görə, əkin üçün yararlı olmayan pay torpağında kəndli balıq yetişdirmək istəyirdi. Kəndliyə bu arzusunu həyata keçirmək imkanı vermirlər: "Yerli icra hakimiyyətindən bildirirlər ki, bu qeyri-qanunidir. Səbəb kimi "Göl balıqçılığı" haqqında qanunun olmamasını və torpaqların təyinatı məsələsini gətirirlər. Qanuna ehtiyac var. Bir neçə il bundan qabaq aidiyyatı qurumlara təklif göndərmişik. Əhalinin istehlak etdiyi balığın əsas hissəsi xaricdən idxal olunur. Göl və qəfəs balıqçılığı ilə məşğul olan ölkələrdən respublikaya balıq gətirilir. Xəzərboyu sahələrdə qəfəs balıqçılığının inkişafı üçün geniş imkanlar var. Bu işlə məşğul ola biləcək çoxlu sayda insan cəlb etmək olar. Dəniz kənarında qəfəslər yaradıla bilər. Balıqların yemlənməsi, saxlanması üçün münbit şərait var. Dünyada balıq istehlakı getdikcə artır. İnsanların balığa olan tələbatı çoxalır. Azərbaycanın balıq istehsalında böyük imkanı olduğu halda ölkəmiz bu işdə geridə qalmamalıdı".
"İş başındakılar mütəxəssis deyil"
Ekspert hesab edir ki, fermerlərin bəzi kənd təsərrüfatı məhsullarının istehsalını böyük sahələrdə həyata keçirib yaxşı nəticə əldə etmələri real görünmür. Lakin kiçik sahədə bu işlə məşğul olub ailənin maddi təminatını və həmin məhsula olan tələbatını ödəmək mümkündü: "Aidiyyatı qurumların belə bir proqramı olmalıdı. Mütəxəssislər yerlərdə proqram üzərində işləməlidi. Kənd təsərrüfatını durğunluqdan çıxarmaq üçün hökumət tərəfindən işçi qrupu yaradılmalıdı. Qrupa bu sahədə idarəetməni, qəbul olunmuş qanunları, regionların torpaq-iqlim şəraitini, aqrar sahədə tətbiq olunan müasir texnologiyanı, bitkiçiliyi, heyvandarlığı bilən alim-aqronomlar, zootexniklər cəlb olunmalıdı. Düşünürəm ki, mütəxəssislər sanballı proqram ortaya qoya bilər. Ölkənin maliyyə və digər resursları aqrar sahəni inkişaf etdirmək üçün yetərlidi. Mövcud resurslardan səmərəli istifadə edilmir. Çünki, aidiyyatı strukturlarda kənd təsərrüfatını dərindən bilən, təşəbbüskar və situasiyaya uyğun olaraq hərəkət edə biləcək məmurlar, mütəxəssislər yoxdur".
"Heyvanların yem rasionu zəifdir"
Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanda qədimdən formalaşmış əkinçilik ənənəsi, mədəniyyəti sovet dönəmində dəyişdi. Mərkəzdən xüsusi tapşırıqlar verilirdi, hansı sahəyə üstünlüyün verilməsi məsələsini inzibati qaydada həll edirdilər. Ekspert qeyd etdi ki, uzun illər Azərbaycanda əsasən heyvandarlıqla məşğul olunub: "Lakin bu dayanıqlı şəkildə deyildi. Müəyyən mərhələdə istiqamət dəyişib. Sovet hökuməti bizim kimi respublikalarda istehsal sahəsini istədiyi istiqamətə yönəldirdi. Beloruslar ənənəvi olaraq kartof istehsalı ilə məşğul olurdular. Ona görə də Belorusiyada kartof istehsalı, istehlakı və ixracı yüksək səviyyədədir. Heyvandarlıqla da davamlı şəkildə məşğul olduqları üçün hal-hazırda beloruslar istehsal etdikləri südün 50%-ni ixrac edirlər. Çünki, ölkə kənd təsərrüfatı məhsulu istehsalı sahəsində ənənəni qoruyub saxlayır. Digər tərəfdən dünyada bu istiqamətdə mühit də dəyişib. Əgər 20-30 il bundan qabaq istənilən məhsulu istehsal edib ondan gəlir götürmək mümkün idisə, bu gün artıq elə bir rəqabət mühiti yaranıb ki, gərək ailə-fermer təsərrüfatlarında çalışanlar məhsulu ucuz və keyfiyyətli yetişdirsinlər. Bu halda əldə olunan məhsul rəqabətə dözə bilər. Məhsulu ucuz və keyfiyyətli yetişdirmək üçün isə ailə-fermer təsərrüfatlarında bilgili mütəxəssisə ehtiyac yaranır. Mütəxəssis olmasa belə, bu sahə ilə məşğul olan məlumatlı olmalıdır. Avropadan fərqli olaraq Azərbaycanda fermerlər arasında ali təhsilli aqronom, zootexnik çox azdır. Yerli fermerlərin əksəriyyətinin ali təhsili yoxdu. Onların fəaliyyəti, məşğulluğu kortəbiidir. Bəziləri əvvəllər sovxoz və kolxozda əldə etdikləri təcrübəni, gördüklərini, eşitdiklərini təqlid etdikləri üçün yaxşı nəticə əldə edə bilmirlər. İlk növbədə bitkiçiliklə məşğul olan fermerlərimizin torpaq haqqında anlayışı olmalıdı. Apardığımız müşahidələr göstərdi ki, fermerlər əkin sahələrinə bütün hallarda eyni həcmdə gübrə verirlər. Halbuki, sahənin bir hissəsinin çox, digər hissəsinin isə gübrəyə az ehtiyacı ola bilər. Texnikadan az istifadə edirlər. Çox vaxt əl əməyinə üstünlük verilir. Əl əməyindən istifadə edildiyi üçün texnika ilə bağlı olan texnologiyanın tətbiqini və aqro-texniki qaydaları həyata keçirə bilmirlər. Nəticədə istehsal olunan məhsulun maya dəyəri yüksək, keyfiyyəti isə aşağı olur. Son zamanlar ölkəyə çoxlu sayda cins mal-qara gətirilir. Həmin heyvanlar 55-60 litr süd vermək potensialına malikdi. Lakin həmin potensialı reallaşdırmağı bizim fermerlər bacarmır. Heyvanların yem rasionu zəif təşkil olunur, qulluq qaydalarına da əməl edilmir. Digər ölkələrdə internet saytları, televiziyalar bu sahədə maarifləndirmə işi aparırlar. Azərbaycanda isə bu təcrübə yoxdur. Aqrar sahədə çalışanların məlumat bazası məhduddur. Problemlər mütəxəssis çatışmazlığından qaynaqlanır və diqqətə alınmalıdır".
Mənsur Rəğbətoğlu