Qanunsuz reklamların yayımı dayandırıldı
27 Fevral 2014 17:26 İqtisadiyyatİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Musayev Səid Fərhad oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 54, mənzil 4 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın pəncərələrində "70%-ə qədər endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunmuşdur.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmışdır.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs Səid Musayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.