“Kəndlərdə turizm obyektləri yaradılmalıdır” - MÜSAHİBƏ

Vahid Məhərrəmov: “Normativə əsasən 1 ha otlaq sahəsində 4 qoyun otarıla bilər, 1 inək üçün nəzərdə tutulan sahə də təxmini bir o qədərdir, hal hazırda otlaq və biçənək sahələrinin üzərinə düşən yük 2 dəfə artıb”

Əvvəli ötən sayımızda

Gənclərin sürətlə şəhərlərə axışması kənd təsərrüfatının inkişafına mane olur. Məsələdə diqqət çəkən əsas məqam isə gənclərin işdən daha çox asudə vaxtlarının dəyərləndirilməsi üçün iri şəhər və şəhərtipli qəsəbələrə üstünlük verməsidir. Qeyd edilən amil də kənd təsərrüfatının inkişafına işçi problemi yaradır. Ölkənin bu sahəsinə ən əhəmiyyətli zərbəni isə Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsilə vuruldu. İqtisadçılar və ekspertlər bununla əlaqədar ortaya fantastik rəqəmli məbləğ qoyurlar. Bu və digər məsələlər barədə suallara kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli aydınlıq gətirdi.

"Kəndlərdə trikotaj fabrikləri vardı"

Vahid Məhərrəmov qeyd edir ki, Azərbaycanın 1 milyon 600 min hektar əkin sahəsi var. Həmin sahələr ölkənin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatını artıqlaması ilə ödəyə bilər. V.Məhərrəmov bildirdi ki, həmin torpaq sahələrindən intensiv qaydada istifadə olunmadığı üçün əhalinin müəyyən qismi kəndlərdə işsiz qalırlar. Kəndlilərin istehsal fəaliyyəti yaşayış üçün normal gəlir vermədiyi üçün ailəyə düşən maliyyənin həcmi get-gedə azaldığını deyən V.Məhərrəmovun sözlərinə görə, belə olan təqdirdə insanlar iş yeri tapmaq üçün şəhərlərə üz tuturlar. Ekspert hesab edir ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılan tikinti və abadlıq işləri insanların bu şəhərlərə gəlməsinə şərait yaradır:

- Şəhərlərə, digər ölkələrə isə əslində əhalinin fəal hissəsi üz tutur. Həmin insanlar kənd təsərrüfatının, kəndin inkişafına müsbət təkan verə bilərlər. Digər ölkələrə gedənlər də əhalinin işgüzar hissəsini təşkil edir. Şəhərlərə üz tutanların sayı çoxaldıqca, kəndlərdə yaşlılar və uşaqlar qalırlar ki, onları da təsərrüfat işlərinə cəlb etmək mümkün olmur. Belə amillər isə kənd təsərrüfatının inkişafına əngəl olur. Aidiyyatı qurumlar kənddə yaşayan insanların həm də  emal müəssisələri yaradaraq işə cəlb olunması üçün şərait yaratmalıdırlar. Kəndlərdə istehsal edilən tə məhsulların emal olunaraq şəhərlərə və xarici ölkələrə göndərilməsinə çalışmaq lazımdır. Sovet dönəmində qəsəbələrdə və kəndlərdə zavodlarının filialları, yüngül sənaye - trikotaj fabrikləri və müxtəlif müəssisələr vardı. Əhalinin bir hissəsi çox rahatlıqla bu cür müəssisələrdə işlə təmin edilirdi. İndi həmin müəssisələrin əksəriyyəti öz fəaliyyətini dayandırıb. Çox az sayda obyektlər fəaliyyətdədir. Həmin müəssisələrdə isə yeni texnologiyalar tətbiq edildiyi üçün işçi qüvvəsinə ehtiyacı olmur. Kənd yerlərində insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün bu cür müəssisələrin fəaliyyətlərini təmin etmək yaxşı nəticə verə bilər. Kənd yerlərində iş yerləri olmadığı üçün  şəhərə gedənlərin sayı artır. Aidiyyatı qurumlar diqqətlərini kəndin və kənd təsərrüfatının inkişafına yönəltməlidirlər. Kəndlərdə müxtəlif zavod, fabrik və digər istehsal müəssisələrinin yaradılması üçün böyük potensialımız var. İnvestorların cəlb edilməsini düşünmək lazımdır. Yerli investorlara lazımi şərait yaradılmalı, maliyyə resurslarına çıxış,  kredit əldə etmələri üçün münbit şərait yaradılmalıdır. Bu kimi problemlər həll edilməsə, şəhərlərə axının qarşısını almaq mümkün olmayacaq.  Böyük şəhərlərə üz tutan insanlar üçün orada da problemlər yaranacaq, müəyyən etapdan sonra onların daimi işlə təmin olunması problemi ortaya çıxacaq və sair.

"Şəhərtipli qəsəbələr salınmalıdır"

Ölkədə hiss ediləcək dərəcədə əhali sıxlığının olduğunu deyən Vahid Məhərrəmovun sözlərinə görə, Amerikada hər kvadrat kilometrə 32 adam düşürsə, Azərbaycanda isə bu rəqəm 100-dən çoxdur. Ekspert hesab edir ki, Azərbaycanın ərazisi kiçik, əhalisi çox olduğu üçün bu cür tendensiya müşahidə edilir. Ölkə əhalisinin sayı sürətlə artır. Hər il təxminən əhalinin artımında 1.3%-lik tendensiya müşahidə olunur. V.Məhərrəmov qeyd etdi ki, problemdən çıxış yolu üçün əhali üçün ayrılmış torpaqlardan səmərəli istifadə etmək lazımdır:

- Bəzi rayonlarda kəndlilərə verilən torpaqlardan da lazımi qaydada istifadə edilmir. Belə olan halda torpaqların bir hissəsi boş qalır. Kəndlilərə pay torpağı kiçik-kiçik hissələrə bölünərək verilib. Pay torpağı almış kəndliləri birləşdirmək mümkün olmur. Kooperativlər yaradılmır. Bu da pay torpaqlarından səmərəli istifadəsini mümkünsüz edir. Problemin qarşısını almaq üçün şəhərtipli qəsəbələrin salınması mümkündür. Qəsəbələr elə ərazilərdə yerləşdirilməlidir ki, ətrafında geniş torpaq sahələri olsun və həmin sahələrdə kəndlilər təsərrüfat işləri ilə məşğul ola bilsinlər. Gənclərin asudə vaxtlarının keçirilməsi üçün də şərait nəzərə alınmalıdır. Şəhərtipli istirahət yerlərini kəndlərdə təşkil etmək mümkündür. Kəndlərin çoxunda müasir texnika və texnologiyalar var, şadlıq sarayları tikilir. Həmin şadlıq saraylarında şənbə və bazar günlərində gənclər üçün istirahət proqramları təşkil etmək olar. Yerlərdəki köhnə mədəniyyət evlərindən istirahət mərkəzləri kimi istifadə etmək mümkündür. Azərbaycan kəndlərində turizmin inkişafı üçün çalışılmalıdır. Avropada bu gün həmin praktika çox uğurla tətbiq olunur. Azərbaycan kəndlərinin bunun üçün geniş imkanları var. Gənclər üçün imkanlar tanınmalıdır ki, kəndlərdə müstəqil şəkildə turist obyektləri yaratsınlar. Kəndlilər üçün ayrılmış pay torpaqlarında yaradılacaq turizm obyektlərinə əcnəbiləri internet, sosial şəbəkələr vasitəsilə cəlb etmək çox rahat məsələdir. Aidiyyatı qurumlar bu barədə müəyyən proqramlar qəbul edə bilərlər. Kənd yerlərində yaşayışı maraqlı etmək üçün bu cür addımlar atılmalıdır. Bu həm yerli gəncləri işlə təmin etməklə yanaşı, həm də asudə vaxtlarının səmərəli şəkildə keçirilməsinə şərait yaradacaq. Yollarda aparılan təmir və yenidənqurma işləri yaxşı effekt verir. Dəmiryolunda olan problemlər həll edilsə yaxşı olardı. Təyyarə vasitəsilə Bakıdan başqa digər şəhər və rayonlara getmək mümkündür. Biz bacarıqlı millətik. Gənclər Azərbaycandan heç bir maliyyə vəsaiti aparmadan, investisiya yatırmadan Rusiya kimi ölkələrdə çox yaxşı biznes qura bilirlər. Həmin praktikanı Azərbaycanda da tətbiq etmək mümkündür. Bunun üçün mühit və şərait yaradılmalıdır. Kəndlərdə turizmin inkişafı insanların həm əyləncəsi, həm də işi olar.

"Problemlər diqqətə alınmalıdır"

Ekspert qeyd etdi ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsi Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurub. Ölkənin təxminən 200 min hektar əkin sahəsinin işğal altında olduğunu deyən V.Məhərrəmovun sözlərinə görə, Qarabağda yaşayan əhalinin böyük əksəriyyəti heyvandarlıqla məşğul olub: "Region dağlıq ərazidən ibarət olduğuna görə, heyvandarlığın inkişafı üçün mübit şərait olub. Üçüncüsü, bölgənin böyük yem bazası var idi. Qarabağın otlaq və biçənək sahələri heyvanların yemlənməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Qarabağdan məcburi şəkildə Azərbaycanın digər bölgələrinə köç edənlər çalışırlar ki, ənənəvi təsərrüfat fəaliyyətlərini davam etdirsinlər. Qaçqın və məcburi köçkünlər heyvandarlığı inkişaf etdirməklə Azərbaycanın otlaq sahələrinə düşən yükün həcmini artırıblar. Əvvəllər normativə əsasən 1 ha ərazidə 4 qoyun otarılırdısa, 1 inək üçün nəzərdə tutulan sahə də təxmini bir o qədərdir, indi Qarabağdan köçənlər əsasən heyvandarlıqla məşğul olduqları üçün otlaq və biçənək sahələrinin üzərinə düşən yük 2 dəfədən çox artrıb. Bununla həm də heyvandarlıqda baş sayı çoxalıb. Otlaq və biçənək sahələrinin üzərinə düşən yükün artması bəzi problemlər ortaya çıxarır. Məsələn, otlaq sahələrində də deqradasiya prosesi genişlənir. Həmin o sahələrdə torpaq bitki qatından məhrum edilir və erroziya prosesi  baş verir. Belə  hallara daha çox dağlıq və dağətəyi sahələrdə rast gəlinir. Dağlıq Qarabağ və ətraf rayonlardan olanlar region işğal edilməmişdən qabaq heyvandarlıq  məhsullarına olan tələbatlarını tam ödəyirdilər. Sovet dönəmində Qarabağ ərazisində kənd təsərrüfatı sahəsindən əldə edilən məhsullar həm Azərbaycanının digər rayonlarına, o cümlədən başqa respublikalara göndərilirdi. İşğal nəticəsində ərazi azalıb əhalinin sayı get-gedə artır. Bu amil də kənd təsərrüfatının inkişafında çox ciddi problem yaradır. Qarabağın işğal edilməsindən sonra Azərbaycanın digər bölgələrində də əkin və otlaq üçün nəzərdə tutulan torpaqlarda azalmalar müşahidə edilir. Bəzi rayonlarda hətta əkin üçün nəzərdə tutulmuş torpaq sahələrində evlər və digər sosial obyektlər  tikilir. Bu da kənd təsərrüfatının inkişafı üçün problemlər yaradır. Bu kimi problemlər diqqətə alınmalıdır.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31