Nazir: "Problem artıq həll olunub"
Gürcüstanın iqtisadi və dayanaqlı inkişaf naziri Bakı-Tiflis-Qars layihəsi üçün maneələr olmadığını açıqlayıb
24 Fevral 2014 14:22 İqtisadiyyatBakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısı layihəsinin icrasında marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı problem artıq həll olunub. Bakı-Tiflis-Qars layihəsi üçün bu cür maneələr yoxdur və layihə vaxtında istismara veriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın iqtisadi və dayanaqlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib.
O, test qatarının 2014-cü ilin sonlarında dəmir yola salınacağını və 2015-ci ildə layihə təhvil veriləcəyinid eyib.
Onun sözlərinə görə, bu gün keçirilən ikitərəfli koordinasiya komitəsinin iclasında görülən işlər müzakirə olunub və bəzi problemlər həll olunub: "Bu layihə Gürcüstan, Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyətli layihələrdən biridir. Düşünürəm ki, layihə əlavə yükdaşımalarını cəlb edəcək və bizim ölkələr arasında qonşuluq, dostluq və kommersiya əlaqələrini gücləndirəcək.
Gürcü nazir həmçinin əlavə edib ki, bu gün Mərkəzi Asiya ölkələri və Çin bu layihəyə böyük maraq göstərirlər: "Mən tam əminəm ki, BTQ layihəsi perspektivli olacaq. Bu dəmir yolun tikintisi ilə bağlı verilən qərar müdrik idi və Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq əlaqələrini yeni səviyyəyə qaldıracaq. Gürcüstan hər şey edəcək ki, işlərini vaxtında çatdırsın".