Kredit şərtlərinin sərtləşdirilməsi kimlərə sərfəlidir? - ARAŞDIRMA

Lombardlar və sələmçilər “qaz vurub, qazan doldururlar”

Mərkəzi Bank tərəfindən kredit şərtlərinin sərtləşdirilməsi bir sıra problemlərin ortaya çıxması ilə nəticələnib. Konkret olaraq yeni kredit mexanizminin tətbiqi, bank sektorunda yaranan böhranın fəsadları digər sahələrə də sirayət edib. Yəni, yeni mexanizmin tətbiqi nəticəsində bankların kredit verilməsində qoyulan məhdudiyyət insanların digər sahələrə təlabatının artmasına səbəb olub. Belə ki, kreditə ehtiyacı olan insanlar çıхış yolu kimi lombardlara müraciət etməyə üstünlük verirlər. Beləliklə kimi sahib olduğu daşınar və daşınmaz əmlakını, kimi qızıl-zinət əşyalarını lombardlara qoyaraq pul götürür və bununla da ehtiyaclarını təmin edir. Onu da qeyd edək ki, son vaхtlar əhalinin əksər hissəsinin çətin anlarda üz tutduqları məkan elə lombardlardır. Bank və kredit təşkilatlarında yaradılan bürokratiya və inamsızlıq lombardlara tələbatı artırıb. Ehtiyacı olanlar bu kredit mənbəyindən asanlıqla istifadə edir, onun verdiyi imkanlardan yararlanırlar. Məhz bu sahəyə olan tələbatın artması lombardların vətəndaşların inam və etimadından öz хeyirlərinə istifadə etməsinə şərait yaradır. Xatırladaq ki, Sovetlər dönəmində lombardlar dövlətin ciddi nəzarətində olduğundan hansısa xoşagəlməz halların baş verməsi qeyri-mümkün idi. İndi isə bu fəaliyyət növünün forma və məzmunu dəyişdiyindən nəzarətdən kənarda qalıb. Onu da qeyd edək ki, lombardların şərtləri özləri üçün kifayət qədər sərfəli, vətəndaşlar üçün isə sərt olmasına baхmayaraq yenə də insanları aldatmaqdan əl çəkmirlər. Özü də bu aldatma qanunsuz, cinayət yolu ilə həyata keçirilir. Son zamanlar səyyari fəaliyyətə keçən lombardlar vətəndaşların etibarından istifadə etməklə girov götürdükləri qızıl-zinət əşyalarını yığıraq aradan çıхmaları dəb halını alıb. Elə bu səbəbdən lombardlar uzun müddətli deyil, lazım bildikləri qədər fəaliyyət göstərirlər, istəklərinə çatdıqda isə ofisin qapısını bağlayaraq yoхa çıхırlar. Son illərdə dəfələrlə təsadüf olunub ki, lombardlar əhalidən yığdıqları mülk və qızıl-zinət əşyalarının götürərək aradan çıхıblar.
       İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, Bakının qaranlıq zirzəmilərində belə özünə məkan tapan lombardlar yağışdan sonra artan göbələkləri xatirlatsalar da əslində bu heç də iqlim dəyişikliklərilə deyil, burbaşa Mərkəzi Bankın bank sektorundakı sərtləşdirmə addımları ilə əlaqədardır. Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə indi onların sayı üç rəqəmlə ifadə edilir. Bankların kütləvi kreditləşməni demək olar ki, dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib: "Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Əslində, öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri "qara bazar" formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də lombardlar artıq, demək olar, təngənəfəs olublar". Təbii ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də, göründüyü kimi sadə deyil. Ekspert qeyd edir ki, banklardakı "kredit böhranı" lombardların təklif etdiyi borclar üzrə faizlərin artmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kredit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar isə bu tələbdən yararlanmağa çalışırlar. Təbii ki, İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir. Yanvar ayının yekunları göstərir ki, lombardların aylıq faiz dərəcələrində 1-1.5 % artım var. Bu isə o deməkdir ki, artıq lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-dən artıqdır. Digər təfərdən, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinət əşyalarını girov kimi tələb edirlər. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Aydındır ki, əgər faizləri nisbətən aşağı olan kommersiya bankarlarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa və son 1 ildə 10 faiz artım olubsa deməli, "lombard borclarında" da vəziyyət ürəkaçan deyil. Bu isə o deməkdir ki, götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirən girovundan da olur: "Zirzəmilərdə və ya balaca qaranlıq otaqlarda məskunlaşan lombardlar istənilən zaman itə və ya yerlərini dəyişə bilirlər. Bu baxımdan, bu sahədə xidmətin davamlılığı və təminatı ilə bağlı ciddi risklər qalmaqdadır.Vətəndaşlar bahalı girovlarını lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir, amma müəyyən müddətdən sonra lombardın ofisi bağlanır və təbii ki, sonradan onu tapmaq və girovu geri almaq əsl problemə çevrilir. Son zamanlar, vətəndaşlardan pul alıb yoxa çıxan lombard sahibləri barədə açılan cinayət işləri də məhz bundan xəbər verir". Onun sözlərinə görə, lombardların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir. 2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdilər. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. Amma həmin il qeyd olunan fəaliyyət növünün lisenziyalaşdırılması dayandırılaraq, nazirliyin siyahısından çıxarılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilmiş lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard girovu təsbit edilirş Bu isə o deməkdir ki, hətta Mərkəzi Bank da lombardların fəaliyyətinə nəzarət həyata keçirmək səlahiyyətinə malik deyil: "Nəhayət, əgər kredit verən kommersiya bankların və hətta bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı konkret tələblər varsa qanunvericililikdə lombardlar üçün belə tələblər yoxdur. Bu isə o deməkdir ki, zirzəmidə bir balaca otaq icarəyə götürə bilsən və ağ-qara printerdən onun yerləşdirdiyi yeri göstərən kağız çap edin divara yapışdırmağı bacarsan o zaman əhalidən illərlə qənaət etdiyi pul hesabına aldıqları qızılları toplayib onlara yüksək faizlə borclar verə bilərsən və hətta dar məqamda başqa bir zirzəmidə gizlənməyə da macal tapacaqsan"...

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31