“Pambıqçılıq sıradan çıxır”
Vahid Məhərrəmov: “Rəsmi statistik rəqəmlərdə istehsal edilən kartofun miqdarı 992,7 min ton göstərilsə də, bazarlarda əhaliyə daha çox xarici ölkələrdən gətirilmiş kartof satılır”
21 Fevral 2014 16:04 İqtisadiyyatAğır neft-kimya sənayesi ölkəsi olmaqla yanaşı Azərbaycan Sovet İttifaqının əsas aqrar-sənaye respublikası idi. Azərbaycan digər respublikalar, həmçinin Rusiya üçün əsas kənd təsərrüfatı bazası rolunu oynayırdı. Kənd təsərrüfatı sahəsində həyata keçirilən istehsal prosesləri daxili bazar tələbatını ödəməklə yanaşı ittifaqın digər regionlarını da bu sahə məhsullarına olan ehtiyacını rahatlıqla qarşılayırdı. Lakin Sovet İttifaqının parçalanmasından sonra dağılan kənd təsərrüfatı infrastrukturu bərpa üçün keçid dövrünə girdi. Keçid dövrü üçün ümumi mənzərə müəyyən vaxt əvvəli üçün xoş təsir bağışlasa da, vəziyyət heç də göründüyü kimi deyildi. Amma aparılan islahatlar və həyata keçirilən proqramlar keçid dövrünü arxada qoydu. Vəziyyətin yaxşılaşması görünüşü yarandı. Bu gün Azərbaycan kənd təsərrüfatının inkişafı üçün böyük potensiala sahib olsa da müəyyən əskikliklərin olması görünəndir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın kənd təsərrüfatı sahəsində baş verənlərin müqayisəli təhlilini apardı.
80-ci illərdən bu günə
Vahid Məhərrəmov bildirdi ki, SSRİ parçalanandan sonra Azərbaycanın kənd təsərrüfatında geriləmələr müşahidə olunmağa başladı. 80-ci illərdə SSRİ-də kənd təsərrüfatı məhsullarının istehsalı mərkəzləşmiş qaydada sifariş əsasında həyata keçirilirdi. Ekspert qeyd etdi ki, həmin sifarişlər planlı şəkildə müxtəlif dövlət qurumları tərəfindən verilirdi:
- Rayonlarda aqrar-sənaye kompleksləri vardı ki, orada kifayət qədər mütəxəssislər fəaliyyət göstərirdilər. Mərkəzdən verilən sifarişlərin müəyyən hissəsinə də onlar nəzarət edirdilər. Sovet dönəmində kənd təsərrüfatında istehsal təşkil olunduğu üçün həmin kolxoz və sovxozların, rayon aqrar-sənaye təşkilatlarının, nazirlik və sahələr üzrə yaradılmış komitələrin strukturlarda həm idarə heyəti, həm də mütəxəssislər olduğuna görə, sifarişlər mərkəzləşmiş qaydada davamlı şəkildə formada həyata keçirilirdi. Mütəxəssislər istehsal prosesində köməkçi rolunu oynayırdılar. Baxmayaraq ki, Sovet dönəmində respublikalarda rəqəmlər şişirdilirdi, ancaq bununla yanaşı bir çox sahələrdə Azərbaycan irəliləyişlər əldə edib. Azərbaycan 2 milyon tona yaxın üzüm istehsal edirdi. Həmin dövrdə Azərbaycan 600 min ton pambıq istehsal edirdi. Respublikanı təmin edəcək qədər taxıl istehsal etməsək də heyvandarlığı təmin edə biləcək qədər yemi üçün Azərbaycanın istehsal etdiyi taxıl kifayət edirdi. Meyvə-tərəvəz sahəsində də sistem yaxşı formada qurulmuşdu. Azərbaycanın müəyyən bölgələri sırf meyvə-tərəvəz istehsalı ilə məşğul olurdu. İstehsal olunan məhsullar Rusiyanın bir sıra rayonlarına ixrac edilirdi. Respublika həmçinin yunçuluqda da irəliləyişlər əldə edirdi. Azərbaycandan Rusiyaya göndərilən yun müxtəlif məhsulların istehsalında xammal kimi istifadə edilirdi. Baxmayaraq ki, Sovet dönəmində Azərbaycanda kənd təsərrüfatı istehsalı istənilən səviyyədə deyildi, ancaq dayanıqlı olaraq istehsal vardı. Kənd təsərrüfatının dayanıqlı şəkildə maddi-texniki bazasının möhkəmləndirilməsi siyasəti aparılırdı. Texnika, gübrə, anbar təminatı vardı. Sifariş olduğu üçün məhsulların satışı da dayanıqlı formada həyata keçirilirdi. Sovet İttifaqının tərkibindən çıxdıqdan sonra isə bütün bu strukturlar dağıldı. Kolxoz, sovxozlar, rayonlardakı aqrar-sənaye kompleksləri ləğv edildi. Nəhayət müəyyən müddətdən sonra Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi müstəqil bir struktur kimi formalaşdı. Müstəqilliyinin ilk illərində Azərbaycan hökumətinin kənd təsərrüfatının əsas uğuru məhz aqrar siyasət apara biləcək sahəyə nəzarət edən müstəqil qurumunun yaradılması oldu. KTN formalaşandan sonra Azərbaycan özünün aqrar siyasətini müəyyən etdi. Müəyyən qanunların qəbul edilməsi isə kənd təsərrüfatının qanunauyğun formada inkişafına təkan verdi. Lakin normal istehsalla məşğul ola biləcək kəndli-fermer təsərrüfatları yarada bilmədik. Yaradılanlar da tam istehsal prosesini həyata keçirmək üçün həm mütəxəssislərlə təmin olunmadı, həm maddi-texniki bazası zəif oldu. O cümlədən bir sıra istehsal vasitələri digər əllərdə cəmləşdiyi üçün fermer təsərrüfatlarına üçün əl çatan olmadı. Nəhayətdə isə istehsal prosesləri zəifləməyə başladı. Azərbaycan bir sıra kənd təsərrüfat məhsullarının istehsalını əvvəlki tempdə saxlaya bilmədi. Üzümçülük, pambıqçılıq kimi sahələrin inkişafı dan dayandı və sürətlə geriləməyə başladı. Üzümçülük isə tamamilə sıradan çıxdı. Hal-hazırda da pambıq istehsalı sıradan çıxmaq üzrədir. Bəzi məhsullarla ölkə əhalisinin tələbatını ödəyə bilmədi. Bu gün də bir sıra məhsullar üzrə təlabatımızı idxal sayəsində hesabına əldə edilir ödəyirik.
Taxılçılıq
V.Məhərrəmov deyir ki, Azərbaycanın taxıla olan ehtiyacının ödənilməsi üçün müəyyən cəhdlər edilir. Çünki taxıl strateji əhəmiyyət kəsb edir. V.Məhərrəmov hesab edir ki, ölkə minumum özünün ərzaq buğdasına olan tələbatını ödəməlidir. İstehsal edilən buğdanın müəyyən hissəsi heyvandarlıq və quşçuluqda yem komponenti kimi istifadə olunur. Taxılçılığın inkişafı ilə heyvandarlıq və quşçuluq sahələrinin inkişafına təkan verildiyini deyən Vahid Məhərrəmovun sözlərinə görə, lakin qarşıya qoyulan məqsədlərə çatmaq tam formada mümkün olmur:
- Fermerlər ciddi problemlərlə üzləşiblər. Mütəxəssis azlığı, istehsal əkin sahələrinin getdikcə sıradan çıxmasına görə və fermer və kəndlilərəin təsərrüfat üçün ayrılan mülkiyyətlərində və istifadələrində olan torpaq sahələrinə qulluq edilmədiyindən torpaqlarda denqredasiya prosesi sürətlənir. Nəticədə məhsuldarlıq azalır. Məhsuldarlıqla yanaşı keyfiyyət də aşağı düşür. Baxmayaraq ki, 2013-cü ildə rəsmi statistikaya əsasən, Azərbaycan 2 962 000 ton taxıl istehsal edildiyi göstərilir, ancaq ölkəmiz özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir. Ərzaq buğdasına olan ehtiyacımız Qazaxıstan və Rusiyadan edilən idxal olunan məhsulun hesabına həyata keçirilir. Onu da nəzərə alsaq, keçən il Azərbaycan təxminən 1 500 000 tona qədər ərzaq buğdası idxal edib. Bu yolverilməzdir. Çünki digər taxıl məhsullarına nisbətən ərzaq buğdası daha dəyərli hesab olunur. Yerli fermerlərə çata biləcək maliyyə üçün ayrılan maddi vəsaiti məhz idxalın artmasına görə, digər ölkə fermerlərinə çatır. İdxalın çoxluğu başqa ölkə fermerlərinin biznesinin inkişaf etməsinə şərait yaradır. Əldə edilən taxıl məhsulları həm də yerli heyvandarlığı dirçəltməli idi. Heyvandarlıqda süd və ət istehsalı ölkənin tələbatına uyğun qurulmalıdır. Bu gün Azərbaycana 800 000 ton süd və süd məhsulları idxal olunur. Ölkə adambaşına 84 kq-lıq ət normasının yalnız 33%-ni ödəyə bilir. Taxılçılığı inkişaf etdirmək məqsədilə qəbul edilən qərarlar, proqramlar, qanunlar, o cümlədən bu sahəyə ayrılan subsidiyalar səmərə vermədi. Ona görə də kənd təsərrüfatı bu gün problemlərlə üzləşib. Prezident İlham Əliyev son çıxışında həyəcan təbili çaldı ki, bu sahəyə maddi vəsaitlər ayrılır və həmin pullar fermerlerə çatmır. Yəni ki, deməli bu sahədə görülən iş səmərə vermir. Taxılçılığın inkişafı üçün dövlət büdcəsindən kifayət qədər çox maddi maliyyə vəsaiti ayrılır.
"Bir sıra ölkələr pambıqdan yaxşı gəlir əldə edirlər"
Vahid Məhərrəmov dedi ki, pambıqçılıq ümumiyyətlə, sıradan çıxmaq ərəfəsindədir. 2012-ci ildə ən aşağı həddə - 54 000 ton pambığın istehsal edildiyini deyən ekspert qeyd etdi ki, 2013-cü ildə pambıq istehsalı 44 000 tona düşüb. 1 il ərzində rəqəm 10 min ton azalıb. V.Məhərrəmov hesab edir ki, pambıqçılığın inkişafı üçün Azərbaycanın iqlim şəraiti əlverişlidir:
- Pambıq çox gəlirli sahədir. Bununla yanaşı, pambıq ölkənin ümumi əkinçilikdə növbəli əkin sistemini həyata keçirməkdə taxıl bitkilərinin xələfi və sələfi rolunu oynaya bilər. Çində bunun pambıq istehsalı üçün normal iqlim şəraiti olmadığı halda ölkə pambıq istehsalında aparıcı dövlətlərdən birinə çevrilib. Son zamanlarda Çin pambıq istehsalını gücləndirib. ABŞ, İsrail, Türkiyə, Hindistan kimi ölkələr pambıqdan çox yaxşı gəlir əldə edirlər. 1 ton pambıq lifinin qiyməti 1500 dollardan başlayaraq 5000 dollara qədər təklif olunur. Sahənin inkişafı üçün seleksiya işləri aparılsa, daha keyfiyyətli pambıq sortu əldə edib yaxşı gəlir qazanc əldə edə bilərik. 80-ci illərlə müqayisədə bu sahənin inkişafı xeyli geriləyib.
Üzümçülük
Ekspert V.Məhərrəmov son zamanlarda üzüm istehsalında ölkədə müəyyən irəliləyişlər nəzərə çarpdığını deyir. Mütəxəssisə görə, yalnız ölkənin tələbatını ödəyəcək qədər üzüm istehsal edilir: "Onun bir hissəsi şərab üçün nəzərdə tutulur. Belə olan halda əhalinin süfrə üzümünə olan tələbatı tam ödənilmir. Bazarlarda hələ də xaricdən gətirilmiş üzümlər satılır".
Kartofçuluq
Azərbaycanın kartof istehsalı üçün geniş potensialının olduğunu deyən Vahid Məhərrəmov bildirdi ki, rayonların əksəriyyəti kartofçuluğun inkişafı üçün əlverişlidir. V.Məhərrəmov hesab edir ki, Tovuz, Gədəbəy, Şəmkir (dağ və dağətəyi hissəsi) rayonları kartof istehsalına xüsusi təkan verə bilərlər: "Ölkənin kartofa olan tələbatı 1 200 000 tondur ki, bunu da həmin rayonlar tam ödəyə bilərlər. Rəsmi statistik rəqəmlərdə istehsal edilən kartof miqdarı 992,7 min ton göstərilsə də bazarlarda daha çox xarici ölkələrdən gətirilmiş kartof əhaliyə satılır. Yəni ki, ölkə daxili tələbatı ödəyəcək qədər də kartof istehsal edə bilmir".
Meyvə-tərəvəz
"Meyvə-tərəvəz sahəsində də müəyyən problemlər var. Keçən ilin yanvar ayına nisbətən Dövlət Gömrük Komitəsinin verdiyi məlumata əsasən, meyvə-tərəvəz idxalı bu ilin yanvarında 66% artıb. Bu rəqəm meyvə-tərəvəzə olan daxili tələbatın ödənilmədiyini göstərir. 80-ci illərdə Azərbaycan Sovet respublikalarına meyvə-tərəvəz ixrac edirdi. Lakin bu gün fərqli mənzərə ortaya çıxıb. Bu sahəyə də diqqət artırılmalıdır" - Vahid Məhərrəmov belə deyib.
Mənsur Rəğbətoğlu