Vergi əməkdaşlarına xüsusi nəqliyyat vasitələri verilib
18 Fevral 2014 17:02 İqtisadiyyatFevral ayının 18-də Vergilər Nazirliyinin inzibati binasının qarşısında vergi ödəyicilərinə xidmət mərkəzlərinin nümayəndələrinə xüsusi nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, bu avtomobillər vergi ödəyiciləri tərəfindən göstərilən xidmətlərin bu xidmətlərin istehlakçılarına daha da yaxınlaşdırılması, onların insanlar üçün daha rahat və əlçatan olmasının təmin edilməsi, xidmət tədbirlərinin vergi orqanlarının nəzarət dairəsinə aid olan bütün rayonları, qəsəbə və kəndləri əhatə etməsi, vergi təbliğatının ünvanlı şəkildə aparılması məqsədilə alınmışdır və onların üzərində Vergilər Nazirliyinin atributları habelə "195 Çağrı Mərkəzi" sözləri yerləşdirilib.Vergilər Nazirliyinin aldığı 50 ədəd Fiat Doblo markalı avtomobillərdən bilavasitə vergi ödəyicilərinə xidmətlərin göstərilməsi sahəsində, o cümlədən Vergilər Nazirliyi təmsil olunan sərgilərdə, vergi ödəyiciləri və bələdiyyələrlə keçirilən müxtəlif görüşlərdə, "vergi xidməti günlərində", məktəblərdə şagird və tələbələrlə, keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə istifadə olunacaq.