Bakıda Neft Mühəndisləri Cəmiyyətinin seminarı keçiriləcək
13 Fevral 2014 16:37 İqtisadiyyatMartın 5-6-da Bakıda "Zəif bərkimiş layların işlənməsində quma qarşı mübarizə" mövzusunda seminar keçiriləcək. Socar.az xəbər verir ki,
seminarın gündəliyinə "Qumun çıxarılması mexanizmləri", "Quyunun texnoloji göstəriciləri və quma qarşı mübarizə", "Quyulara nəzarət və qumun monitorinqi", "Quma nəzarət: mövcud vəziyyət və gələcək tələbat", "Üst qum layının çıxarılması və rekultivasiya üsulunun seçilməsi", "Bazar yenilikləri" mövzularında sessiyalar daxildir. Sessiyalar üç dildə - Azərbaycan, rus və ingilis dillərində keçiriləcək. Seminarın təşkilində əsas məqsəd dənizdə və quruda yerləşən neft, qaz və qaz-kondensat quyularında qum laylarına nəzarət və qumun çıxarılmasının müxtəlif aspektlərini müzakirə etmək, Xəzər hövzəsində fəaliyyət göstərən şirkətlərlə digər regionlarda işləyən və oxşar problemlərlə üzləşən şirkətlər arasında təcrübə mübadiləsini təşkil etməkdir. Bu tədbir Bakıda Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən keçirilən ilk texniki seminardır. Tədbir qum laylarına nəzarət sahəsində təcrübəsi olan peşəkar neft və qaz sənayesi işçilərini bir araya gətirəcək.
Seminarın sponsorları arasında SOCAR, bp, Statoil, Total, ExxonMobil kimi şirkətlər vardır.