Bank sektorunda nələr baş verir? - AKTUAL

2013-cü ili krediti bumu ilə başa vuran bank sektoru yeni ilin ilk aylarının soyuğuna tab gətirə bilmədi: kommersiya bankları, demək olar, bütün istiqamətlər üzrə fərdi kredit xəttlərini dondurdular. Mərkəzi Bank (MB) nikbin görünsə də, kommersiya banklarının görüntüsü bəlli deyil. Bəzi banklar kreditlərin verilməsinin məhdudlaşdırılmasından sonra hətta öz filiallarının bağlanması barədə də qərar qəbul ediblər. Təbii ki, vəziyyəti qiymətləndirmək çətin deyil: 15,0 milyard manata yaxın kredit qoyuluşları 20,4 milyard manatlıq bank aktivlərin 73,5 faizini təşkil edir və deməli kreditləşmənin məhdudlaşdırılması eyni zamanda bank fəaliyyətinin limitləşdirilməsi deməkdir. Kütləvi kredit təkilf etməyən və ya edə bilməyən banklar, praktik olaraq, əsas fəaliyyətlərini həyata keçirə və deməli, ciddi gəlir əldə edə bilmirlər. Mövcud status-kvo pozulmasa qısa müddətdən sonra riteyl bankçılıq ilə məşğul olan banklar ciddi ziyanla üzləşəcəklər.

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, kredit qoyuluşlarının məhdudlaşdırılması MB-nin 2014-cü il üçün nəzərdə tutulan inflyasiya ilə bağlı hədəflərinə çatmaq üçün etdiyi güman edilir: "Doğrudur, MB kommersiya banklarına kütləvi kreditləşmənin məhdudlaşdırılmaması ilə bağlı göstəriş vermədiyini qeyd edir. Əslində mövcud qanunvericilk də MB-ə belə səlahiyyət vermir. Amma aydındır ki, baş bankda istənilən tövsiyə kommersiya bankları üçün heç bir halda qərardan az təsirli deyil. "Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında" xüsusi olaraq qeyd edilir ki, "2014-cü ildə qiymət sabitliyinin qorunmasına dəstək vermək üçün Mərkəzi Bank sərəncamında olan alətlərdən istifadə edərək zəruri anti-infilyasiya tədbirlərini həyata keçirəcəkdir. Anti-infilyasiya siyasəti yürüdülərkən infilyasiyanın tələb və xərc amilləri diqqətdə saxlanacaq. Pul siyasətinin makroiqtisadi siyasətlə koordinasiyası çərçivəsinin daha da inkişaf etməsi, monetar idarəetmənin empiric əsaslarının gücləndirilməsinə xüsusi diqqət veriləcəkdir". Deməli, ötən ilki "istehlak krediti bumun"dan ehtiyatlanan MB artıq 2013-cü ilin sonlarında inzibati alətlərdən istifadə edilməsini nəzərdə tuturdu". Onun sözlərinə görə, pul dövriyyəsinin şişməsi də müşahidə edilir. Bu isə infilyasının tənzimlənməsi imkanlarını xeyli məhdudlaşdırır. 2013-cü ilin yekunlarına görə, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 93.6 faiz olub. Beləliklə, pul dövriyyəsi ilə bağlı rəsmi rəqəmlər göstərir ki, ötən illərin bumu pul dövriyyəsinin tənzimlənməsi məsələsini gündəmə gətirməklə yanaşı pul artıqlığı infilyasının cilovlanmasını çətinləşdirib. Bu baxımdan, MB bankların pul təklifini idarə etməklə pul dövriyyəsini tənzimləmək və infilyasiyanı məhdudlaşdırmağa çalışır. İkincisi, MB istehlak kreditlərinin kütləviləşməsinin bank sektorundakı mövcud tarazlığı pozmasından narahatdır. Belə ki, ötən il bank sisteminin aktivlərində 22%, kredit qoyuluşlarında isə 25% artım olmuşdur. Dövr ərzində regionlara yönəlmiş kreditlərin həcmi 31%, özəl sektora kreditlər isə 25% artmışdır. Bankların kredit portfelində uzunmüddətli kreditlərin xüsusi çəkisi 79%-ə yüksəlmişdir. İstehlak kreditlərinə yüksək tələbat müsahidə olunmuş, istehlak kreditləri 37%-ə yaxın artmışdır. Praktik olaraq, ötən ilin yekunlarını qiymətləndirən MB öz pul kredit siyasətində də istehlak kreditləşməsinin tənzimlənməsini hətta dolayı deyil, birbaşa hədəfləyirdi. MB öz siyasətində qeyd edirdi ki, "Bank sekorunda artımın keyfiyyət parametrləri izlənəcək və sektorial diversifikasiya ümumi iqtisadiyyatın inkişaf trayektoriyasına uyğunlaşdırılacaqdır. Bu çərçivədə ayrı-ayrı kredit məhsullarının, o cümlədən istehlak kreditlərinin artım dinamikasının risk təhlillərinə xüsusi önəm veriləcək. İstehlak kreditləri üzrə risklərin preventiv tənzimlənməsi mühüm prioritet olacaqdır. Ümumən, bankların kredit aktivliyinin iqtisadi tsikldə optimal rolunun təmin olunması daim qiymətləndiriləcəkdir. Formalaşmış kredit portfelinin keyfiyyətinin qorunması və yaxşılaşdırılması məqsədilə tədbirlər gücləndiriləcəkdir. İstehlak kreditləri üzrə yüksək "leverecləşmə"nin qarşısının alınması məqsədilə əhalinin ödəniş qabiliyyəti və istehlak kreditləşməsi arasında tarazlığın qorunması üçün yeni tənzimləmə tələbləri müəyyənləşdiriləcəkdir. Kreditləşmədə "borcun gəlirə" nisbəti əmsalı tətbiq ediləcək və Mərkəzi Bank tərəfindən bu əmsal üzrə maksimum hədd müəyyən ediləcəkdir". Əslində, MB rəsmi pul-kredit siyasətində elan olunan hədəflərini reallaşdırmağa çalışır: kredit təklifi məhdudlaşdırılır, sərt qaydalar müəyyənləşdirilir və riteyl müştərilərin sayı azaldılır. Banklar tərəfindən verilən 14,9 milyard manatlıq kreditin 38,6 faizini istehlak kreditləri təşkil edir. Hazırda hər 1000 manatlıq kreditin 400 manatı istehlak kreditinin payına düşür. Bu baxımdan Mərkəzi Bank arayışsız verilən istehlak kreditlərin verilməməsini tövsiyə edir. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə istehlak krediti ümumi kreditin 20%-dən çoxunu təşkil etmir. Bu baxımdan ölkədəki göstəricilər kifayət qədər böyükdür. Nəzərə alsaq ki, 1,7 milyon Azərbaycan vətəndaşı banklardan kredit götürüb, bu kifayət qədər böyük göstəricidir. Bankların pramida prinsipi ilə istehlak kreditləri paylamasını nəzərə aldıqda əslində istehlak kreditləşməsinin bu templə davam etməsi nəticədə riteyl banklar üçün yeni böhran mərhələsinin əsasını qoya bilərdi. Üçüncüsü, MB kommersiya banklarına istehlak kreditləşməsinin məhdudlaşdırılması tövsiyəsini verməklə onları biznes kreditlərinin həcmini artırmağa çağırıb. MB "Banklarda kreditlərinin verilməsi qaydaları" 2008-ci ildə qəbul edilmiş və 2010-cu ildə dəyişikliklər edilən sənədə əsasan kommersiya banklarına gəlirliyi olmayan müştərilərə kreditlərin verilməsini qadağan edir. Bu qaydanın mövcud qanunvericiliyə nə dərəcədə zidd olub-olmaması problemin başqa tərəfidir, məsələ ondadır ki, MB bu qaydaya əsaslanaraq bankları biznes kreditlərinin verilməsinə istiqamətləndirə bilir. Problemi kreditlərin həcmində müşahidə edilən artımlar da MB-ə məhz bu vasitədən istifadə imkanları verir. Yenə də 2014-ci il üçün təsdiq edilən pul-kredit siyasətinə diqqət yetirəndə bəlli olur ki, bu da MB-nin əsas hədəflərindən olub. Sənəddə qeyd edilir ki, "bazel-3 standartlarının yerli şəraitə adaptasiyası təmin ediləcək, "kontr-tsiklik bank nəzarəti" çərçivəsinin formalaşması davam etdiriləcəkdir. Maliyyə dərinliyinin artırılmasına yönəlmiş siyasət çərçivəsində bankların biznes modelinin yeni strateji inkişaf hədəflərinə uyğunlaşdırılması, faiz dərəcələrinin azalmasının təşviqi həyata keçiriləcəkdir". Biznes kreditlərinin artırılmasına nail olmaqla MB həm "istehlak böhranından" qaçmağa çalışır, həm də kredit faizlərini tənzimləməyə ümid edir. Başqa tərəfdən, 2013-cü ilin yekunlarına görə, kommersiya bankları sənaye və istehsal sektoruna 1,52 milyard manat cəmi ümumi kredit portfelinin cəmi 9.8 faiz, kənd təsərrüfatına isə 733.3 milyon manat, ümumi portfelin 4.8 faiz kredit verib. Əslində, rəqəmlər də göstərir ki, kommersiya bankları ötən illər biznesin maliyyələşdirilməsində heç də maraqlı olmayıblar. İndiki halda, biznes kreditlərinin istehlak kreditləri ilə müqayisədə daha aşağı fazilə təklif olunması MB-ə bank kreditlərinin faiz dərəcələrinin aşağı salınması təəssüratı yaratmağa imkan verəcək. Əlbəttə, MB indiyədək kredit faizlərinin yüksək olmasını "bazar faktoru" ilə əlaqələndirirdi. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəcələrini tam olaraq aşağı salmaq şəraitini yaratmırdı. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 50 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardan biridir. Təəssüf ki, bu indiki halda yüksək bank faizlərinin formalaşması ilə ifadə edilir. Amma razılaşmaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən banklarda faiz siyasəti mərkəzləşdirilmiş idarə olunur: Bu da faizlərin aşağı düşməsinə şərait yaratmır. Kredit faizlərinin yüksək olması həm də bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəyi ilə bağlı idi. Əslində, sözügedən bank artıq bazar faktorunu kənarda saxlayaraq inzibati metodlardan istifadə etməyə çalışır. MB bununla da həm Milli Məclisdə onlara ünvanlanan tənqidlərə ara verə bilər, həm də portfel faizlərinin aşağı düşməsinə nail ola bilər. Beləliklə, bank sektorunda mövsümü olsa da struktur dəyişiklikləri aparmağa çalışan MB hədəfində istehlak kreditlərinin biznesləşdirməkdir. Dördüncüsü, MB vaxtı keçmiş kreditlərinin həcminin kəskin artmasından ehtiyatlanaraq prosesi tənzimləməyə çalışır. Sözügeden bankın rəsmi məlumatına görə, 2013-cü ildə vaxtı keçmiş kreditlər 792.8 milyo manat və ya portfelin payı 5.1 faizini təşkil edir. Əslində, vəziyyət ürəkaçan deyil: problemli kreditlərin həcmi artır və bu da bank sektorunda yeni defolt təhlükəsi yarada bilər. Aydındır ki, vaxtı keçmiş kreditlərin həcminin artması son 2 ildə istehlak kreditləşməsində müşahidə edilən bumu ilə əlaqədar idi. Təbii ki, çayxanalarda öz plastik kartlarını paylayan bir sıra kommersiya banklarının müəyyən müddətdən sonra "vaxtı keçmiş kredit" problemi ilə üz-üzə qalması heç də təəccüblü deyildi. Qısa müddətli istehlak kreditlərinin orta müddətli biznes kreditləri ilə əvəz olunması MB-ə problemli kreditlər məsələsini bir müddət arxa plana keçirmək imkanı verəcək. Beşincisi, kreditlərin məhdudlaşdırılması eyni zamanda korporativ maraqlar ilə əlaqələndirilə bilər. Bu riteyl bankçılıqda mövcud oyunçuların yeni oyunçularla əvəzlənməsinə gətirib çıxara bilər. Bununla da, "ərköyün oyuçular" meydançadan sıxışdırılib çıxarıla bilər. Altıncısı, inzibati metodlardan istifadə etməklə MB ilin sonunadək "axsayan banklar" problemini həll etməyə çalışır. Kommersiya banklarının 2013-cü ilin sonunadək öz minimum nizamnamə kapitallarının 10 milyon manatdan 50 milyon manatadək artırılması tələbi 1 il müddətinə uzadıldı. Ötən 2 ildə problemli bankların birləşdirilməsi və ya statusların dəyişdirilməsi məsələsini həll edə bilməyən MB 2014-cü ildə bu məsələyə nöqtə qoymağa çalışır. "Sərt qaydalar ilə oyun" MB-ə imkan verəcək ki, sözügedən bankları "üzüyola banklara" çevirə bilsin. Beləliklə, bank sektorunda yeni bir mərhələnin əsası qoyulur. Əslində, MB təklifin məhdudlaşdırılmasını deyil, real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komision haqqlarının tənzimlənməsini və haqqlar üçün "qiymət tavanının" müəyyənləşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, komision haqqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 10-12 faizlik komision haqqları təklif edirlər. Hələlik, nəinki müştəriləri, hətta kommersiya banklarını da bir sual düşündürür: kütləvi kreditləşmə nə zaman bərpa ediləcək?..

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31