2017-ci ildə mobil kompüterlərin 75 faizi planşet olacaq
10 Fevral 2014 12:32 İqtisadiyyat"NPD DisplaySearch" tədqiqat şirkəti dünya mobil kompüterlər bazarı üzrə proqnoz tərtib edərək bura noutbuk və ultrabuklarla yanaşı, planşet kompüterləri də daxil edib. Mincom.gov.az xəbər verir ki, ekspertlərin fikrincə, planşetlərin qiymətinin yaxın illər ərzində ucuzlaşacağı proqnozlaşdırılsa da, noutbuklarda qiymət azalması gözlənilmir. Analitiklərin proqnozlarına əsasən, 2014-cü ildə dünya üzrə planşetlərin tədarük həcmi 315 milyon, 2017-ci ildə isə 455 milyon ədədədək artacaq. Hesabat dövrü ərzində bu qurğuların mobil fərdi kompüterlər bazarında payı 65 faizdən 75 faizədək yüksələcək, planşetlərin orta qiyməti 311 dollardan 296 dollaradək azalacaq.
"NPD DisplaySearch"in baş analitiki Riçard Şimin sözlərinə görə, məhz qiymətin aşağı düşməsi planşetlər seqmentinin artımının əsas amillərindən biridir. Bundan başqa, tələbatın artması texnologiyaların inkişafına və rəqabətin sürətlənməsinə zəmin yaradacaq. Hazırda ənənəvi kompüter istehsalçılarının əksəriyyəti, o cümlədən "Lenovo", "HP" və "Dell" şirkətləri planşet istehsalına üstünlük verir.