Fazil Məmmədov Türkiyə Gəlirlər Administrasiyasının rəhbəri ilə görüşüb

Vergilər naziri Fazil Məmmədov ölkımizdə səfərdə olan Türkiyə Gəlirlər Administrasiyasının rəhbəri Mehmet Kilcinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qardaş ölkənin vergi xidmətinin nümayəndələrini salamlayan Fazil Məmmədov iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin çox sürətlə inkişaf etdiyini vurğulayıb. Son illər yüksək iqtisadi artıma nail olan Azərbaycanla böyük iqtisadi potensiala malik Türkiyənin vergi xidmətləri arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən vergilər naziri qarşılıqlı təcrübə mübadiləsinin daha da dərinləşdirilməsinin, mübadilə proqramlarının davam etdirilməsinin zəruriliyini qeyd edib. Vergilər naziri Azərbaycanın vergi xidmətində aparılan islahatlar, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər barədə qonağa məlumat verib, ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan müasir innovativ vergi inzibatçılığının qurulması istiqamətində məqsədyönlü işlərin aparıldığını qeyd edib. Türkiyə Gəlirlər Administrasiyasının rəhbəri Mehmet Kilci Azərbaycanın vergi xidmətinin əldə etdiyi nailiyyətləri yaxından izlədiklərini, bir sıra sahələrdə təcrübə mübadiləsi aparılmasında, ölkəmizdə tətbiq edilən innovativ yeniliklərin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb. Görüşdə iki ölkə arasında vergilər sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri də müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31