Nazir vergi nəzarətindən danışdı
Əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və sənaye sektorunun sürətli inkişafını təmin etməkdir
7 Fevral 2014 11:55 İqtisadiyyat"Bu gün digər sahələrdə olduğu kimi, vergi orqanlarının da qarşısında yeni, qlobal çağırışlar durur". Bunu Vergilər Naziri Fazil Məmmədov bu gün keçirilən üçüncü Vergi Forumunda bildirib. O qeyd edib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası milli vergi sistemi üçün yeni hədəflər müəyyən edib: "Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən bir vergi sisteminin yaradılmasını zəruri edir. Bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münaqsibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdiriləcək. Bir sıra sahələrdə vergi nəzarətinin artırılması ilə bağlı yeni mexanizmlərin yaradılması planları var. Ortamüddətli perspektivdə 2013-cü ildə ilk pilot layihəsinə start verdiyimiz elektron auditin tammiqyaslı tətbiqi, eləcə də transfert qiymətlərinin tənzimlənməsi və elektron kommersiyanın vergi nəzarəti mexanizmləri üzərində işləri davam etdirəcəyik".
Nazir həmçinin bildirib ki, prezident İlham Əliyevin 2014-cü ili "sənaye ili" elan edib və bu baxımdan cari ildə sənayenin inkişafında ciddi irəliləyişlər gözlənilir: "Dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən, milli iqtisadiyyatda yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında böyük rolu ola biləcək texnoparkların yaradılması iqtisadi sistemdə ciddi dəyişikliklər vəd edir. Bu baxımdan beynəlxalq təcrübəyə əsaslanaraq, eləcə də orta və uzunmüddətli perspektivdə sənaye parklarının və texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad ediliblər.
Azərbaycanın yaxın illərdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun sürətli inkişafını təmin etməkdir. Bütün bunlar "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfləri sırasındadır və bu möhtəşəm layihələrin həyata keçirilməsində vergi orqanlarının yeri və rolu barəsində burada xüsusi bir təqdimat olacaq. Fazil Məmmədov əlavə edib ki, müasir qlobal çağırışlar vergi orqanları tərəfindən daha fəal vergi siyasətinin həyata keçirilməsini tələb edir:
"Biz qarşıdakı dövrdə biznes mühitinin səmərəliliyinin, vergi sisteminin stimullaşdırıcı rolunun artırılması istiqamətində addımlarımızı davam etdirmək niyyətindəyik.
Hesab edirəm ki, bütövlükdə, sizinlə apardığımız bu qarşılıqlı faydalı əməkdaşlıq, eləcə də dünən keçirilən müzakirələr və bu günkü Forum qarşımızda duran məsələlərin həllinə öz töhfələrini verəcək". ans