Nazir: "Hazırda vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərir"
7 Fevral 2014 11:43 İqtisadiyyat"Bu gün Azərbaycanın vergi sistemi dünyada tətbiq olunan əksər xidmətləri vergi ödəyicilərinə təqdim etmək iqtidarındadır". Bunu vergilər naziri Fazil Məmmədov bu gün keçirilən üçüncü Vergi Forumunda bildirib. O qeyd edib ki, biz elə bir sistem qurmağa çalışırıq ki, vergi ödəyicisi vergi orqanına gəlmədən, praktiki olaraq, distant formatda dövlət qarşısında bütün vergi öhdəliklərini yerinə yetirə bilsin:
"Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərir. Bu, respublikamızda tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur. Məlum olduğu kimi, 2013-cü il ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "informasiya-texnologiyaları ili" elan edilib. Ötən il biz əvvəlki illərdə elektron hökumət proqramı çərçivəsində həyata keçirdiyimiz bir çox layihələrin davamı olaraq "Asan imza" layihəsinin də reallaşdırılmasına nail olduq. Bu biznesin mobil texnologiyalardan idarə edilməsi istiqamətində ilk addım idi. Hazırda elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlər sürətlə davam etməkdədir".
Nazir vurğulayıb ki, sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində aparılmış islahatlar nəticəsində Dünya Bankının hazırladığı "Doing Business 2014" hesabatında "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan ilk onluğa daxil olub. "Hesab edirəm ki, vergi xidmətlərinin elektronlaşdırılması prosesinin davam etdirilməsi və düşündüyümüz bir sıra yeni xidmətlərin ölkəmizdə tətbiqi nəticəsində biz qarşıdakı illərdə vergilərin ödənilməsinə sərf olunan illik vaxt indikatorlarında da ciddi irəliləyişlər əldə edəcəyik. Öz milli vergi sistemini dünya standartlarına uzlaşdırmaq istiqamətində çalışan Azərbaycan vergi sahəsində aktiv mübadilə proqramlarının tərəfdarı kimi çıxış edir. 2013-cü ildə ölkəmiz beynəlxalq birliyin təşəbbüsü olaraq ortaya çıxmış İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"una qoşulub. Biznes ilə apardığımız dialoqun nəticəsi olaraq, 2014-cü ildə vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarda qurulmasına başlanılıb. Artıq sahibkarlarla ilk partnyorluq sazişlərinin bağlanmasına başlanılıb. Bu qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli bir yanaşma formasıdır. Düşünürük ki, qarşıdakı illərdə hər iki tərəf bu münasibətlərin faydasını hiss edəcək". ans