Hakimlərinin maaşları artırıldı

Azərbaycanda məhkəmə hakimlərinin maaşları artırılıb. Belə ki, "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası qanunlarına edilən dəyişikliklərə əsasən Ali Məhkəmə sədrinin maaşı təxminən 15 % qalxaraq 2070 AZN olub. Eyni zamanda, ağır cinayətlər üzrə məhkəmələr, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsi, hərbi məhkəmələr və inzibati-iqtisadi məhkəmələrdən başqa digər məhkəmə sədrləri artıq Ali Məhkəmə sədrinin maaşının 70 % məbləğində əmək haqqı alacaqlar. Xatırladaq ki, dəyişiklikdən əvvəl bu məbləğ 60 % həddində idi. Konstitusiya Məhkəməsinin sədrinin maaşı isə 1785 AZN-dən artırılaraq 2120 AZN olub. Qeyd edək ki, bu dəyişiklər nəticəsində bütün hakimlərin maaşları avtomatik olaraq qalxıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində; ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində maaş alırlar. Eyni zamanda, Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir. Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir. Qeyd edək ki, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi sədrlərinin maaşları ilə bağlı dəyişikliklər 2013-cü il dekabr ayının 1-dən tətbiq olunur. Ağır cinayətlər məhkəmələri, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsi, hərbi məhkəmələr və inzibati-iqtisadi məhkəmələrdən başqa digər məhkəmə sədrlərinə şamil olunan dəyişiklik isə 2014-cü il yanvarın 1-dən tətbiq olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31