4500-ə yaxın şəxs vergidən yayınmağa cəhd edib
2500-ə yaxın vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu aşkarlanıb
5 Fevral 2014 16:46 İqtisadiyyatSon bir ay ərzində 4493 nəfər vergidən yayınmağa cəhd edib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu ilin yanvar ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən tədbirlər keçirilib. 2439 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 643 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu aşkarlanıb. Eyni zamanda ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 718 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı 433 vergi ödəyicisi tərəfindən 640 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 194 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı müəyyən olunub. Həmçinin 68 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 298 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. ans