“Yumurtanın bahalaşmaması üçün bu istehsala böyük diqqət yetiririk”

Rəşad Rəsullu: “Ölkə rəhbərliyinin də bu sahəyə həssas yanaşması öz məsuliyyətini dərk edən şirkətləri bu sahədə olduqca diqqətli olmağa səsləyir”

Başa vurduğumuz 2013-cü il ölkənin bütün sahələrində uğurlu il kimi yadda qaldı. Bu uğur və nailiyyətlər qeyri-neft sektorunda çalışan şirkət və müəssisələrin də fəaliyyətində özünü göstərdi. Ötən il uğurla başa vuran iri şirkətlərdən biri də "AtaHolding" Açıq Tipli Səhmdar Cəmiyyətidir. Şirkətin İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu təmsil etdiyi qurumun uğurları və qarşıda duran perspektivlər barədə danışıb.

-Rəşad müəllim, 2013-cü il "AtaHolding"  üçün  nə dərəcədə uğurlu oldu və hansı əlamətdar hadisələrlə yadda qaldı?

-2013-cü il holdinqimizin qurulmsının  10 ili tamam oldu. Eyni zamanda "AtaBank"  ASC-nin qurulmasının da 20 ili ötən il tamam oldu. Şirkətin öz fəaliyyətində iqtisadi nərticələr baxımından 2013-cü il ən uğurlu illərdən biri oldu. Bu barədə əldə etdiyimiz mənfəət və nailiyyətlərin göstəriciləri də bunu bariz şəkildə göstərir. Holdinqin və onun şirkətlərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müəyyən tədbirlər də reallaşdırdıq. Şirkətlərimizdə korporativ idarəetmə standartlarının daha təkmil tətbiq edilməsi üçün vacib işlər gördük. İnsan resursları və insan faktoruna önəm verməyimiz də vacib məsələlərdən biridir. Ümumiyyətlə, bizim dəyərlərimizdə insan amili birinci yerdə dayanır. İstənilən halda insan faktoru bizim fəaliyyətimizdə mərkəzi yerdə dayanır.  Təbii ki, mənfəət əldə etmək çox önəmlidir, amma bu mənfəətin hansı yolla əldə edilməsi ondan daha vacibdir. İnsan amili deyərkən biz burada təkcə işçilərimizi nəzərdə tutmuruq. Biz Korporativ Sosial Məsuliyyəti və cəmiyyətə verdiyimiz dəyəri də nəzərdə tuturuq. Beləliklə, insan resurslarının idarə edilməsi sahəsində, maliyyə, marketinq və kommunikasiya idarəetmələri sahələrində, hüquq idarəetməsi sahəsində və sair sahələrdə holdinqdə funksional idarəetmə sistemi tətbiq olundu. Bununla bağlı layihələrimiz hələ də mərhələ-mərhələ davam edir.  Burada məqsəd ondan ibarətdir ki, sadalanan sahələrdə holdinqin şirkətlərinin fəaliyyətinə dəstək təmin edilsin, onlar idarəetmənin daha yeni metodlarını tətbiq etsinlər. Əldə etdiyimiz konkret nəticərə gəldikdə isə "Şəmkir Quşçuluq" müəssisəmiz barədə misal çəkə bilərik. 2005-ci ildən fəaliyyət göstərən müəssisəyə 2012-ci ildən investisiya qoyuluşunun ikinci fazası həyata keçirilməyə başlanıb. Yumurta istehsalı üzrə ixtisaslaşmış müəssisəmiz istehsal gücünü bundan sonra 6-7 dəfə artırdı. Bu müəssisə hazırda Azərbaycanda istehsal olunan yumurtanın 9-10 faizini istehsal edir. Bu sektorda fəaliyyətimizin əsas bir hissəsi də sosial amilə yönəlib. Belə ki, yumurtanın qiymətinin artmasının qarşısının alınması və sabit saxlanması üçün biz bu istehsala böyük diqqət yetiririk. Yumurta istehsalı həcmini artırmaq, qıtlığı aradan qaldırmaqla biz bu işə öz töhfəmizi vermiş oluruq. İlk yumurtanı biz təxminən 2013-cü ilin fevralında satışa çıxardıq. Qayəmiz odur ki, yumurta əsas, ilkin tələbat məhsullarından biridir və strateji məhsuldur, ona görə də onun istehsalına diqqət göstərmək zəruridir. Ölkə rəhbərliyinin də bu sahəyə həssas yanaşması öz məsuliyyətini dərk edən şirkətləri bu sahədə olduqca diqqətli olmağa səsləyir. Ona görə də  biz qiymətlərin spekulyasiyanın qarşısını almaq üçün bundan sonra da bu sahədə prinsipial fəaliyyət göstərəcəyik. Biz işimizi düzgün quraraq bazar möhtəkirlərini, qiymətlərdən sui-istifadə etməyə çalışanları bazardan çıxarmağa nail oluruq. Çalışırıq ki, bazarlarda ədalətli qiymət olsun. "AtaBank" isə bank sektorunda özünün unikal layihələri ilə çıxış edir və fərqlənir. Nağdsız ödəmələr sahəsində "AtaBank"ın həyata keçirdiyi uğurlu layihələri bu baxımdan qeyd etmək olar. Bu məsələ bank sektorunda bu gün əsas məsələılrədən biri hesab edilir. "AtaBank" nağdsız ödənişlər sahəsində ən aktiv banklardan biridir. Həmçinin, şirkətlərimizdən "AtaSığorta"nın fəaliyyətində olan dönüşü də vurğulamaq istərdim. Ötən il bu şirkət demək olar ki, öz biznesinin yenidən qurulmasını həyata keçirdi. Ötən ili "AtaSığorta" bütün göstəriicləri üzrə rekord nəticə ilə bitirdi. Həm artım templərinə, həm də digər göstəricilərinə görə  "AtaSığorta" şirkəti sığorta bazarında trend yaradan şirkətlərdən birinə çevrilib.

-Keçən il üçün elan etdiyiniz hədəflərə çata bildinizmi?

-Təbii ki, biz elan edilmiş hədəflərə çatdıq. Bütün şirkətlər büdcə proqnozlarını artıqlaması ilə yerinə yetirdilər. İkinci hədəf isə "AtaHolding"-in imicini daha da yüksəltməkdir ki, buna da nail olduq. Pul qazanmağın müxtəlif yolları var. Siz elə yollarla pul qazana bilərsiniz ki, bu zaman heç imicə fikir verməzsiniz. Amma bizim şirkət üçün bizneslə məşğul olarkən imizimizi qorumaq, dəyərlərə prinsipial diqqət yetirmək öndə gəlir. Şirkət rəhbərliyi tərəfindən də qarşımıza qoyulan əsas vəzifə bundan ibarətdir. Bu baxımdan, ötən il qarşıya qoyduğumuz hədəflərə nail olmaqla bərabər, həm də dəyərlərin qorunub saxlanılması, onların əldə rəhbər tutulması ilə biznesimizi daha da inkişaf etdirmişik.

-Korporativ Sosial Məsuliyyət sahəsində "AtaHolding" hansı layihələr keçirməyi düşünür?

-Əlbəttə ki, "AtaHolding" ASC  bu sahəyə böyük diqqət yetirir və bu sahədə yeni təşəbbüslərlə çıxış edir. "AtaHolding" Korporativ Sosial Məsuliyyəti tam məsuliyyətilə dərk edir. Holdinq sosialyönümlü proqramlarda, xeyriyyə tədbirlərində innovativ təşəbbüslərlə çıxış edir, bu təşəbbüsləri eyni uğurla da reallaşdırır. Mədəniyyət, incəsənət, təhsil, sosial dəstək, aztəminatlıların faydalanması üçün xüsusi aksiyalar və sair layihələrlə aktiv çıxış edirik. Heydər Əliyev Fondunun təşəbbüsü ilə  dahi Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş və ağ-qara formatda olan "Arşın mal alan" filminin bərpası və rənglənməsi "AtaHolding" ASC-nin həyata keçidiyi  ən sonuncu  layihəsidir.  "Arşın mal alan" filmi dünya kino sənayesinin əsas mərkəzi olan Los-Ancelesdə, yəni "Hollywood"da bərpa edildi və rəngləndi. Layihə 9 ay ərzində həyata keçirildi. Layihənin üzərində Asiya, Avropa və Amerika qitələrindən olmaqla 157 nəfər çalışdı. Ümumiyyətlə, "AtaHolding" Korporativ Sosial Məsuliyyətə fəaliyyətinin əsas hissələrindən biri kimi yanaşır.  Bütün layihələrdə məqsədimiz sosial problemlərin həll olunmasına yardımçı olmaq, insanların rifah halının daha da yüksəldilməsinə  töhfə verməkdir. Onu da qeyd edim ki, "AtaHolding" 2008-ci ildə sosial məsuliyyət  sahəsində BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulub. 2007-ci ildən Beynəlxalq Hokkey Federasiyasının sponsorudur və  2013-2017-ci illər dövründə Beynəlxalq Güləş Federasiyasının baş sponsoru olması haqqında müqavilələr imzalayıb. Hazırda "AtaSport" klubu holdinqin himayəçiliyi ilə fəaliyyət göstərir.  AtaHolding ölkədə idmanın inkişaf etdirilməsinə yardım etmək və Azərbaycanın adını beynəlxalq səviyyədə daha da tanıtmaq məqsədilə beynəlxalq yarışların keçirilməsinə sponsorluq edir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31