Xərc, yoxsa investisiya? – 2027-ci il büdcəsinin iqtisadi strategiyası – ÖZƏL

"8,9 milyard manatlıq iqtisadi fəaliyyət xərclərinə mən yalnız büdcə xərci kimi deyil, iqtisadiyyatın gələcək inkişafına qoyulan resurs kimi baxıram. Əsas məsələ həmin vəsaitin nə qədərinin real iqtisadi dəyər yaratmasıdır. Əgər bu vəsait yeni istehsal, investisiya, məşğulluq, ixrac və sahibkarlığın inkişafına çevrilərsə, 2027-ci ilin büdcəsi iqtisadi artım üçün əlavə impuls yarada bilər." 

Bu fikirləri Olaylar,az-a açıqlamasında iqtisadçı Bella Bəşirova deyib: "Bəli son məlumatlara görə, 2027-ci il dövlət büdcəsi xərcləri 42,4 milyard manat nəzərdə tutulur. İqtisadi fəaliyyətə 8,891 milyard manat, müdafiə və milli təhlükəsizliyə 8,8164 milyard manat ayrılması planlaşdırılır; bu iki istiqamət birlikdə büdcə xərclərinin təxminən 42%-ni təşkil edir". 

Bu rəqəmlər iqtisadi siyasətin hansı prioritetlərini göstərir?

Mən bunu ilk növbədə iqtisadi inkişafın, ölkənin təhlükəsizliyinin və dayanıqlılığının paralel şəkildə prioritet götürülməsi kimi qiymətləndirərdim. İqtisadi fəaliyyət üçün nəzərdə tutulan 8,9 milyard manata yaxın vəsait göstərir ki, dövlət iqtisadi aktivliyin, investisiyaların, infrastrukturun və biznes mühitinin inkişafına dövlət resursları hesabına dəstəyini davam etdirmək niyyətindədir. Digər tərəfdən, müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manatdan artıq vəsait ayrılması təhlükəsizlik məsələlərinin də dövlət siyasətində yüksək prioritet olaraq qaldığını göstərir. Burada mühüm məqam ondan ibarətdir ki, iqtisadi fəaliyyətə ayrılan vəsait sadəcə xərclənməməli, gələcəkdə iqtisadi dəyər yaradan investisiyaya çevrilməlidir.

8,9 milyard manata yaxın vəsait iqtisadi artıma necə təsir edə bilər?

Bu vəsaitin iqtisadiyyata təsiri onun hansı istiqamətlərə və hansı səmərəliliklə yönəldilməsindən asılı olacaq.
Əgər vəsait: infrastrukturun inkişafına,
sahibkarlığa və KOB-lara dəstəyə,
istehsal müəssisələrinin yaradılmasına,
rəqəmsal iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı və emal sənayesinə, logistika və ixrac imkanlarının genişləndirilməsinə
yönəldilərsə, bunun iqtisadi artıma multiplikativ təsiri ola bilər. Yəni dövlət büdcəsindən ayrılan 1 manat yalnız bir dövlət xərci kimi qalmamalı, özəl investisiyanı, yeni müəssisələrin yaranmasını, məşğulluğu və vergi gəlirlərini stimullaşdırmalıdır. Dövlət iqtisadi layihələrə və infrastruktura vəsait ayırdıqca, özəl sektor üçün yeni imkanlar yarana bilər. Məsələn, yeni yol, logistika, sənaye və rəqəmsal infrastruktur birbaşa həmin ərazidə fəaliyyət göstərən sahibkarların xərclərini azalda və bazara çıxışını genişləndirə bilər. Amma biznes üçün yalnız büdcədən vəsait ayrılması kifayət deyil. Şəffaflıq, rəqabət, maliyyəyə çıxış, inzibati prosedurların sadələşdirilməsi və proqnozlaşdırılan biznes mühiti də eyni dərəcədə vacibdir. Mən hesab edirəm ki, 2027-ci ilin iqtisadi fəaliyyət xərclərinin əsas məqsədlərindən biri dövlət vəsaitinin özəl sektorun daha çox investisiya qoymasına şərait yaratması olmalıdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31