İxracda yanaşma və düşüncələrin dəyişməsi niyə vacibdir?- ÖZƏL

Sumqayıt Sənaye Parkında 30-dan çox müəssisə fəaliyyət göstərir. Bu müəssisələr istehsal (müəyyən qismi isə yığma) yönümlüdür və kimya, kənd təsərrüfatı, tibb və digər sahələr üzrə istehsalı əhatə edir. Səliqə-sahmanın olduğu, geniş ərazidə yerləşən Sumqayıt Sənaye Parkı haqqında internetdə kifayət qədər məlumatın olduğunu nəzərə alaraq birbaşa mətləbə keçək. Onu da qeyd edim ki, orada bəzi müəssisələr öncədən digər ərazilərdə mövcud olub və ora köçürülsə də, əksər müəssisələr məhz orada yeni yaradılıb. Maliyyə göstəriciləri, nəticəyönümlülük başqa mövzudur. Biz burada məsələnin ixrac tərəfinə toxunuruq.
İxrac tərifi nədir sualına yəqin ki, oxucuların hər biri rahatlıqla cavab verə bilər. Amma ixracın fəlsəfəsi tərifinin əhatə dairəsini dəfələrlə aşan məsələ olduğu üçün dünyada ixracyönümlü uğurlu ölkələrin sayı ixracda uğursuz ölkələrin sayından qat-qat çoxdur. Addım-addım gedək. 
Biz Azərbaycan olaraq ixracı necə başa düşürük? Düşünürük ki, bir ölkədə bir məhsul varsa həmin məhsulu asanlıqla başqa ölkəyə ixrac edə bilərik. Niyə bu təfəkkür formalaşıb? Çünki, biz indiyə qədər qiymətləri dünya bazarlarında dollarla kotirovka olunan məhsulları ixrac etmişik. Və daha çox da demək olar ki, həmişə yüksək tələb olan xam məhsulları. Neft, qaz, qızıl.. Əslində pomidor, fındıq, meyvə-tərəvəz də xam məhsullardır. Onlara da tələb yüksəkdir. İlkin məhsullardır. Biz bu məhsullarla bağlı düşüncə və yanaşmalarımızı digər istehsal etdiyimiz və ya etməyi düşündüyümüz məhsullara da onların ixraclarını təşkil və genişləndirmək baxımından tətbiq etməyə çalışırıq. YANLIŞDIR! Bu yanlış yanaşmanın səbəbləri çox olsa da bir neçəsinə diqqət yetirək. Əvvəla, xam məhsul ilə hazır məhsula tələblər tamamilə fərqlidir. Nəzərə almalıyıq ki, BU GÜN ÖLKƏLƏR XAM MƏHSUL ALMAQ UĞRUNDA, HAZIR MƏHSULU İSƏ SATMAQ UĞRUNDA RƏQABƏT APARIRLAR, SİYASƏT VƏ STRATEGİYA FORMALAŞDIRIRLAR! Əsas məsələ budur! Çünki, məhsul istehsalı hər yerdə mümkündür, amma xammal hər yerdə olmur. Dünyanın istənilən ölkəsində neftayırma zavodu tikmək olar, amma neft hər ölkədə yoxdur. Yeri gəlmişkən, nefti olmayan ölkələr özlərinin neftayırma zavodlarında (bir sıra Avropa ölkələri) hər barel neftdən həmin neftin ixracatçısı olan ölkədən bir neçə dəfə çox qazanırlar. Başqa bir misal. Fındıq hər iqlimdə yetişməz. Amma fındıqdan istifadə edib şokolad buraxan fabriklər onu fındıq becərilən ölkələrdən alacaqlar. Hazır məhsul sahəsində rəqabət hazırda çox yüksəkdir. Deməli hər bir ölkə ya özündə olan xam məhsullardan istehsal olunan hazır məhsulları (bu məhsullar daha ucuz başa gəlir) ixrac edirlər, ya da uyğun qiymətə xam məhsul əldə etməklə istehsalı formalaşdırıb hazır məhsul ixrac edirlər. YEKUN OLARAQ, HAZIR MƏHSUL İXRACININ FƏLSƏFƏSİ DƏ, STRATEGİYA DA, YANAŞMA DA XAM MƏHSULUN İXRACINA TƏTBİQ OLUNAN YANAŞMA, FƏLSƏFƏ VƏ STRATEGİYADAN FƏRQLİDİR VƏ FƏRQLİ OLMADIQDA HAZIR MƏHSULUN İXRACINDA CİDDİ ÇƏTİNLİKLƏR FORMALAŞIR! 
Bu gün ölkəmizdə yüksək standartlara uyğun bəzi istehsal olunan məhsulların ixracında müəyyən çətinliklər var. Yəni, bir var məhsul yoxdur deyə ixracı yoxdur, bir də var ki, məhsul var, daha çox istehsalı mümkündür, amma ixracında çətinliklər var! Məsələn, həmin Parkda elə reportajın hazırlandığı zavodda alman texnologiyaları əsasında Avropa Standartlarına uyğun şüşə lövhələr istehsal olunur. İxrac var, amma kəmiyyət baxımından istənilən səviyyədən aşağıdır!
Bir sıra ölkələrin monetar və fiskal siyasətlərini, böhranları, böhranlardan çıxış reseptlərini, uğurlu və uğursuz ölkələrdə uğur və uğursuzluqların səbəblərini araşdırarkən bir neçə digər iqtisadi siyasətləri də yaxından və dərindən öyrəndikcə əslində UĞUR VƏ UĞURSUZLUĞUN MƏHZ HƏMİN SİYASƏTLƏRİN NECƏ HƏYATA KEÇİRİLMƏSİNDƏN ASILI OLDUĞUNU GÖRÜRSƏN. BUNLARDAN BİRİ DƏ İXRAC SİYASƏTİDİR. Uğurlu ixracın bünövrəsində təkcə istehsal durmur. İSTEHSAL UĞURLU İXRACIN mənim araşdırmalarıma görə 11 KOMPONENTİNDƏN YALNIZ BİRİDİR. Yeri gəlmişkən ixrac haqqında 6 yanlış düşüncə və dayanıqlı uğurlu ixracın 11 komponentini də əhatə edən və dayanıqlı ixraca nail olmaqla bağlı araşdırmalarımın nəticəsi olaraq hazırladığım Təqdimat (Dayanıqlı ixracın formalaşmasına mane olan Risklər) 2 beynəlxalq konfransda və ölkəmizdə 3 tədbirdə böyük marağa səbəb olmuşdu. Hətta bir avropa ölkəsinin nümayəndəsi təqdimatımdan sonra sual ünvanlayarkən belə bir fikir söyləmişdi ki, konkret olaraq ölkəsinin keyfiyyətli məhsullar istehsalı və ixracına baxmayaraq nə üçün xüsusilə Cənubi Koreyaya ixracda ciddi bir şəkildə uduzması sualına demək olar ki, Təqdimatım vasitəsilə cavab tapdı. 
Yeri gəlmişkən, HƏR HANSI BİR FİKRƏ AÇIQ OLMAQ, ONU NƏTİCƏYÖNÜMLÜ ARAŞDIRMAQ BAXIMINDAN NÜMUNƏ OLA BİLƏCƏK MARAQLI BİR FAKT. Frankfurtda beynəlxalq bir konfransda SIEMENS şirkətinin marketinq bölümünün rəhbəri konfransdan sonra şəhəri birlikdə gəzməyi və bu komponentləri müzakirə etməyi təklif etdi. Müzakirə zamanı mən belə bir fikir də bildirdim ki, əslində vahid avro məkanı ən çox məhz Almaniyaya və onun ixracına sərf etdi. Çünki, avronun dəyəri Almaniya üçün əslində onun iqtisadiyyatı ilə ölçüdə 30-40% (bu nisbət avro/dollar kursundan asılı olaraq 10% bəndi ətrafında dəyişə bilər) aşağıdır. Bəzi Şərqi Avropa ölkələri üçün isə bu dəyər (diqqətli olar, kurs deyil, dəyər) əksinə 20-50%-ə (ölkələrdən və avro/dollar kursundan asılı olaraq) qədər yüksəkdir. Avropa Birliyinin məhz bu amili nəzərə alaraq həmin ölkələrlə fiskal siyasətləri daxil olmaqla bir sıra yanaşmalarında (subsidiya, yardım paketi, Avropa Birliyinin daxili bazar kimi həmin ölkələr üçün cəlbediciliyinin artırılması, proteksionist siyasət yürütməsi və sair) kompensasiya etmə siyasətlərini qeyd etdim. Adam planşeti açdı, qeyd etdiklərimi bircə-bircə təkrar etməyimi xahiş etdi və yazdı. 10 gün sonra mənə e-mail yazdı ki, qeyd etdiklərim əsasında Avropa Mərkəzi Bankına rəsmi sorğu göndərərək avronun ayrı-ayrı ölkələrdəki dəyərinin fərqli olması ilə bağlı statistik göstəriciləri və səbəblərini istəyiblər. Avropa Mərkəzi Bankı cavab məktubunda qeyd olunan fikrin doğruluğunu və səbəb kimi də hər bir Avropa Birliyi ölkəsinin fərqli iqtisadi göstəricilərə, o cümlədən fiskal, tədiyə və ticarət balanslarına, istehsal həcminə və sair malik olduqlarını qeyd edib. Bu cavab əsasında SIEMENS məhsullarının ayrı-ayrı Avropa Birliyi ölkələrində satış həcmləri ilə Avropa Mərkəzi Bankının avronun həmin ölkələrdəki dəyəri ilə bağlı göstəciləri arasında model qurublar. Hipotez özünü doğruldub. 2 il sonra mənə e-mail yazaraq Frankfurta dəvət etdiklərini bildirdilər. Çünki, həmin araşdırma nəticəsində dəyişdirdikləri satış siyasəti də özünü doğruldubmuş. Təəssüf ki, dəvəti qəbul edib getmək qismət olmadı. BU HADİSƏNİ TƏSVİR ETMƏKDƏ BİRCƏ MƏQSƏDİM VAR. BİR FİKRİ, BİR İDEYANI GÖYDƏ TUTARAQ, DƏRK EDƏRƏK ONU DƏRİNDƏN ARAŞDIRIB TƏTBİQ ETMƏK, YƏNİ QIĞILCIMI ALOVA ÇEVİRMƏK, YENİLİYƏ, FİKRƏ, İDEYAYA AÇIQ OLMAQ YÜKSƏK BİR PEŞƏKARLIQDIR. AÇIĞI BU PEŞƏKARLIQ MƏNİ VALEH ETDİ VƏ ADAMIN HƏQİQƏTƏN YERİNDƏ OLAN BİR PEŞƏKAR OLDUĞUNU GÖSTƏRDİ. 
Deməli, əgər biz həqiqətən ixracımızı genişləndirmək və neftdən gələn gəlirlərin azalmasının digər məhsulların ixracı hesabına kompensasiyası haqqında düşünürüksə ilk növbədə ixraca olan yanaşmamıza, baxış bucaqlarımıza, fəlsəfəmizə yenidən və daha əhatəli bir şəkildə baxmalıyıq! 
Nəhayət, ixrac edə bilmək üçün təkcə istehsal və ya emal etmək kifayət deyil! İxracla təkcə istehsaçı şirkət, şəxs məşğul olmur. Bu dövlətin siyasətidir. Digər tərəfdən, bir çoxlarının düşündüyü kimi məsələ təkcə ucuz yerli valyuta da deyil! Çox ucuz yerli valyuta da bahalı xammal, bahalı idxal komponentləri deməkdir.
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31