COP29-da ölkələri iqlim böhranı ilə mübarizədə birləşməyə çağırıram" – Xana Əl-Haşimi
21 Noyabr 19:25 İqtisadiyyatCOP29-da ölkələri bioloji müxtəlifliyin itirilməsi və iqlim böhranı ilə mübarizədə birləşməyə çağırıram.
Olaylar xəbər verir ki, bunu COP28-in baş danışıqçısı Xana Əl-Haşimi ""Bakıdan Belemə: fəsadların birgə azaldılması və uyğunlaşma. Paris Sazişinin 6.8-ci maddəsi kontekstində Amazon regionunun meşələrinin kompleks və dayanıqlı idarəetmə mexanizmi" mövzusunda keçirilən tədbirdə bildirib.
O, iqlim dəyişikliklərinə qarşı mübarizədə təbiətin və ekosistemlərin əhəmiyyətini vurğulayıb.
"Ekosistemlərin qorunması və təbii resursların davamlı idarə edilməsi mövzusunda dialoq iyul ayında Çinin Uhan şəhərində keçirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlər görüşündə başlanmışdı. Bizim üçün böyük bir şərəfdir ki, COP28-in sədri kimi Azərbaycanda, Braziliyada və Boliviyada bu vacib tədbiri təşkil edirik.
Belə müzakirələr təbiətin iqlim məqsədlərinin və davamlı inkişaf hədəflərinin əldə edilməsindəki rolunun daha dərindən anlaşılmasına kömək edir, o cümlədən, meşələrin qırılması ilə mübarizə və bioloji müxtəlifliyin qorunması məsələlərini əhatə edir", - deyə o bildirib.
O, COP28-də Dubayda əldə olunan konsensusun bütün sektorlarda və sistemlərdə mövcud olan bütün həllərin tətbiq edilməsinin zəruriliyini təsdiqlədiyini vurğulayıb.
"Təbiət və ekosistemlərin əhəmiyyəti 2030-cu ilə qədər meşələrin qırılmasının dayandırılması hədəfi qoyan birinci qlobal baxışın nəticələrində öz əksini tapdı. Meşələr bizim planetimizin tənəffüs orqanlarıdır. Meşələrin idarə olunması iqlim məqsədlərimizin həyata keçirilməsi və həyati əhəmiyyətli ekosistem xidmətlərinin qorunmasında açar rol oynayacaq", - deyə o əlavə edib.
O, 2024-cü ilin davamlı inkişaf üçün kritik il olduğunu qeyd edərək, onun artıq Ətraf Mühit İli olaraq qəbul edildiyini bildirib.
"Ölkələri bioloji müxtəlifliyin itirilməsi və iqlim böhranı ilə mübarizədə birləşməyə çağırıram. Biz uğura bağlıyıq və burada, Bakıda, Belemdə və digər bölgələrdə nəticə əldə etmək üçün çalışmağa hazırıq. Yalnız beynəlxalq səviyyədə birləşərək, davamlı inkişaf və iqlim sabitliyinə nail ola bilərik. Ekosistemlərin, o cümlədən, meşələrin, okeanların və kriyosferanın qorunması, qlobal səviyyədə iqlim gündəliyinin ən vacib hissəsinə çevrilməlidir", - deyə o bəyan edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.