COP29 və ƏRAF

(BONN-BAKI-AĞDAM)      
                     
         Ölkəmizdə çox mühüm beynəlxalq COP29 tədbiri keçiriləcək. Azərbaycanın dünyadakı nüfuzu, təbiəti, biomüxtəlifliyi qorumaq istiqamətindəki fəaliyyəti, beynəlxalq öhdəliklərə əməl etməsi bu tədbirin ölkəmizdə keçirilməsinə qərar verilməsinə səbəb olub. Bir müddətdir ki, ölkəmizdə və dünyada bu tədbirə hazırlaşırlar. 
       
Ancaq hazırki mənzərə rəngarəngdir, baxışlar, maraqlar fərqlidir:
-Tədbiri bəhanə edib ölkəmizə təzyiq etmək, yüzlərlə yalanı, gopu həqiqət kimi diqtə etmək istəyən beynəlxalq təşkilatlar, dövlətlər var;
- Tədbiri bəhanə edib, öz qrup, firqə maraqlarını təmin etmək istəyən və dünyanın diqqətinin burada olduğuna görə "ərköyünlük" etmək istəyən gopbazlar da var;
-Bu tədbirə kölgə salmaq istəyən, qələbəmizi həzm edə bilməyənlərin absurd bəyanatlarını, cəhdlərini dəstəkləyənlər, bunlara sevinənlər var;
-Heç nə ilə maraqlanmayan çoxluq var;
- On dəqiqə tıxacda qalanda, hər cür milli marağı, dövlət marağını unudub  özündən çıxanlar var;
- Həqiqətdə heç bir faydalı işlə məşğul olmayıb, COP29-la bağlı mənasız, gözdən pərdə asmaq niyyəti ilə, boş-boş işlər görənlər, aidiyyatı oldu-olmadı, tədbir xatirinə yüzlərlə gop keçirənlər də var;

Amma bütün bu şeytanvari göz bərəltmələrin, ağızbüzmələrin, qara rəngin fonunda dövlətin güclü siyasi iradəsi, qətiyyəti, düşünülmüş iş planları, onları həyata keçirən təşkilatlar, əzmlə, zəhmətlə çalışan əsl fədakar insanlar da vardır, tədbir yüksək səviyyədə həyata keçiriləcəkdir. 
            
 Hamımızın hər gün rastımıza çıxdığı COP29-la bağlı xəbərlərə bəzən biganə baxırıq, maraqlanmırıq  oxumadan ötüb keçirik.  Əslində nədir COP29?

Rəsmi təmsilçiliyi: 
COP- Conference of the Parties- Tərəflərin Konfransı- deməkdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanıdır. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. Hazırda 198 ölkə COP-da təmsil olunur, katibliyi Bonnda yerləşir.
Konvensiyanın tərəf ölkələri atmosferə atılan istilik effekti yaradan qazların mənbələri, səviyyəsi və onların azaldılması istiqamətində görülən işlər barədə hesabatlar təqdim edirlər.

Məqsədi: Sadə desək-Təbii iqlim dəyişmələri və insan fəaliyyətinin təbiətə birgə təsirini öyrənmək, analiz etmək və tədbirlər görmək.
Qlobal iqlim dəyişmələrinin qarşısının alınması və təbiətə dəyən zərərlərin aradan qaldırılması,  istiləşmə dinamikasını azaltmaq, qlobal istiləşmədən daha çox zərər görən ərazilərin bərpasına dəstək olmaq, torpaq-iqlim faktorlarına insanların təhlükəli müdaxilələrinin  qarşısını almaq. 

Keçirilmə qaydası:  Konfrans hər il keçirilir,  rəhbərlik və ev sahibliyi təmsil olunan 198 ölkənin səsverməsi ilə seçilir. 
Adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğunu bildirir. COP28  2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. İştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində COP29 konfransı 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. 

Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib.
Konfransda 190-dan çox ölkəni təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin  iştirak etməsi gözlənilir. 

İndiyə qədər ölkəmizdə ən böyük beynəlxalq tədbir Avropa Oyunları olmuş, 8 min nəfərə yaxın xarici qonaq iştirak etmişdir.

COP29 tədbirinə gələn qonaqları "Əraf səddində" də gəzdirmək lazımdır, həm də mütləq. Praktiki olaraq biomüxtəliflik, ekologiya və ermənizmin nə olduğunu dərk etsinlər.Və soruşmaq lazımdır ki, bu viran olmuş təbiət təkcə biz azərbaycanlılara məxsusdur?
Dünya təbiəti bütövdür, vəhdətdədir. Biz onu ölkələrə, qitələrə, botaniki- coğrafi vilayətlərə bölmüşük.
Amozon meşələri təkcə orda yaşayanların, kenqurular avstraliyalıların deyil ki... 

Ağdamın, Füzulinin və digər 30 ildə işğalda qalan ərazilərimizin təbiəti də təkcə bizim deyil, bütün dünya təbiətinin bir hissəsidir, bəşərə aiddir. Çində yaranan viruslar bütün dünyaya yayılmadı?
30 ildə işğalda olan ərazilərimizdə bir ev, ağac, kol qalmadı. Su arxları, kəhrizlər qurudu. Ekosistemlər dağıldı. Torpaqlar erroziyya uğradı, yararsız hala düşdü.
Bunlar təkcə bizə aiddir?

Təsəvvür edin ki, Avropada bir ölkə, məsələn, Eyfelin yanından başlayıb səhralaşır. Bu bütün dünyaya təsir etməyəcək? Edəcək. Elə o dəqiqiə bizim bədnam qonşuların suyu quruyacaq burada... Onlar özləri buna necə baxacaq? Ümumiyyətlə bu ölkələrdə bir ağac kəsənə nə edirlər? 
Bəs bizim Ağdamımızın yaşıl çəmənlikləri, mədəni florası səhra olub axı. 

Ermənizm təkcə bəşəri deyil, yer kürəsinin canlı və cansız təbiətinə qarşı bəladır.
Yaxşı, işğal etmisən, niyə yaşamırsan? Niyə daşı daş üstə saxlamadız? Qapı, pəncərini başa düşdük, söküb qonşu ölkələrə satdız, bəs o iki, üç mərtəbə evlərin daşları necə oldu? Heç nə yoxdur e, heç nə. 
Kənd və şəhər adına iki- üç daş hündürlükdə uçuq, iri ocağı xatırladan bir şeylər qalıb.

Ağaclar necə oldu? Yedilər, nədii... Qurusu da qalmayıb.
Biz COP29- da diqqəti buna yönəltməliyik.
Bakıda rahat otellərdə yatıb, komfortlu zallarda gəlişi gözəl ideyalar, nəzəri fikirlər müzakirə edib, sonra Xəzərin sahilində gəzməkdənsə, Ağdamda, Xocalıda və başqa tikinti gedən şəhərlərimizdə, açıq havada, ağacsız yerlərdə, günün altında konfranslar keçirilməlidir.
Yorulanda da fəhlələrin işlətdikləri içi sementli vedrələri tərsinə qoyub otursunlar.
****
 Şuşadan Bakıya qayıdanda Xankəndindən keçirdik.  Bəlkə də heç keçmirdik, bu yuxu ilə gerçəklik arasında səddin üstündə gəzinti idi. 
Xocalı, Ağdam yolu ilə gedirik. İlahi, bu yol qısa deyil axı, qışda, qarın içində ayaqyalın, qucağında, ya kürəyinə şəllədiyi uşaqla insanlar bu boyda yolu, meşəni, necə keçib gediblər? İti dişli çaqqallar da ətraflarında, arxalarınca düşmüş vəziyyətdə..

Ağdamda yol çəkilir. Qəsəbələr salınır. Ağdam özü uzaqdan görünür, avtobusun pəncərəsindən baxıram. Baxdıqca, gəlib Quzanlıya, işğal dövrü bizdə olan kəndlərə çatanda əsl Əraf səddini görürəm.
İraq bizim üzümüzdən, torpağımızdan, vətənimizdən, bu quleybanılar, şeytanlar sanki işğal altında olan ərazilərimizi cəhənnəmə çevriblər. Onları heç cür bağışlamaq, əl çəkmək olmaz. 

Füzuli rayonunun Alxanlı kəndini keçəndə fikir verin, Ağdamın Quzanlısına çatanda baxın. Elə bil Əraf səddini keçirsən, hər yeri cəhənnəmə çevriblər. O boyda Ağdamda bir ev, ev nədi, evin nişanəsi qalmayıb. Bir ağac, bir kol yoxdur. Səhradır, cəhənnəmdir elə bil. Əkin sahəsi, yaşıllıq heç nə yoxdur, sadəcə yovşanlı , tikanlı susuz çöllər. 

Xocalı camaatı o gecə qətlə yetiriləndə, bir hissəsi qaçıb canını qurtaranda bəlkə ağaclar, kollar da qaçdı biz tərəfə? Sonra geri qayıtmadılar ki, onları güllələyərlər. Axı onlardan hər şey çıxardı, heykəli, ağacı da güllələyərlər.
Bərdəyə çatanda şəhəri, insanları, binaları, yolları ağacları, kolları ilə birlikdə hazırkı Ağdamla müqayisə edirəm. Ağdam elə bil yoxa çıxıb... Füzuli, Kəlbəcər və digər rayonlarımız yoxa çıxıb. 

Dağıdılmayıb, əriməyib, tikələnməyib e, sadəcə yoxa çıxıb. Bir şəhər göz önünə gətirin, sonra da onun ani yox olduğunu, yerində səhra qaldığını təsəvvür edin. Şəhərlərimiz, kəndlərimiz sublimasiya edib-yod kimi ərimədən, buxarlanıb, yox olub. İndi görün 30 ildə necə dəhşətli zərbə, ziyan vurublar bizə?

Ermənizm bəşəri bəladır. Təkcə biz azərbaycanlılara qarşı yox, dünya insanlığına, floraya, faunaya, çaylara, bulaqlara, göyərçin yuvasına, əsən küləyə, selə, qar naxışlarına- ümumən, mövcudluğa qarşı bir xəstəlik, bir bəladır. Ona faşizm demək doğru deyil, ermənizm insanlıqla şeytanlıq arasında səddin, xəttin, sərhədin o tayındadır. Bütün var olanlara qarşı yönəlmişdir. 

Azərbaycan dövləti, qəhrəman şəhidlərimiz, ordumuz, xalqımız işğal xətlərini, sərhədlərini, sədlərini keçdi, dağıtdı. 30 ildə mövcud olmuş bu sədlər bizim şəhər və kəndlərimizi yox etmişdir.
Doğrudur sürətli, geniş miqyaslı tikinti, quruculuq işləri gedir. Bu müharibəni udmaq bir qəhrəmanlıq idi, səhranı, cəhənnəmi cənnətə çevirmək isə daha çox zəhmət, qəhrəmanlıq tələb edir. 

ALLAH XXI əsrin yeganə qalib, qurucu Prezidenti  İlham Əliyevə daha da sürətlə düşünmək, yorulmazlıq, daha gərgin işləyə bilmək nəsib etsin. Dövlətimizə, xalqımıza kömək olsun. Biz səhraya çevrilmiş ərazilərimizi də abad edək. Səddi, fərqi aradan götürək.
İnanıram ki, bu olacaq. İnanıram ki, daha uzun müddətli, zamanın geniş parçasını əhatə edəcək həqiqi Əraf xətti, səddi şeytanlarla, tarixin quleybani məxluqlarl ilə aramızda çəkiləcək dövlət sərhədindən sonra gerçək olacaq. Onlar əbədiyyətə qədər öz cəhənnəm dünyalarında qalacaqlar.

Bizim səhralaşmış ərazilərdə sular axacaq, ağaclar, kollar, güllər çiçəklər böyüyəcək. Yoncalıqların biçilmiş yerində inəklər otlayacaq, şəhərlərimizdə yol polisi içkili sürücünü saxlayacaq, məktəblilər dərsə qaçacaq, dərsdən qaçacaq. Daha gözəl şəhər və kəndlərimiz olacaq, damlarda göyərçinlər yuva quracaq, həyat gerçəkdə olduğu kimi mövcud olacaq. Yoxluqla varlıq arasındakı sədd götürüləcək..

Ancaq, zamanın xətkeş kimi kəsib götürdüyü, sədd çəkdiyi, meşə ilə çəmənliyin qarışmadığı aləmlərə bənzər bir fərq əbədi qalacaqdır. Bu da əvvəllər var olub, sonra yoxa çıxmış kənd və şəhərlərimizlə, indi qurub, var edəcəklərimiz arasındakı görünməyən sədlərdir. 

Nəhayət, ümid edirik ki, COP öz   yüzlərlə gop vədlər verməyəcək, proqramlar yazıb sonra özləri də unutmayacaq,  dünyanı, insanı, flora və faunanı qlobal bəlalardan, iqlim dəyişikliklərindən, elə insanın özündən qorumağa xidmət edəcək.

Sadıq Qarayev
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31