AZAL niyə hər ili ziyanla başa vurur?

Qurumda korrupsiya, yoxsa səriştəsiz  idarəetmə hökm sürür?

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar zamanı əldə edilən müsbət nailiyyətlər dövlət və qeyri-dövlət müəssisələrindən də yan keçməyib. Çünki islahatlar nəticəsində həmin müəssisə və şirkətlərə təsərrüfat hesabı ilə işləmək imkanı verilib. Heç şübhəsiz ki, bu zaman öz gəlir və xərclərini sərbəst şəkildə müqaiysə etmək imkanı həmin təşkilatlara mənfəətlə işləmək üçün əsas  yaradıb. Lakin çox qəribədir ki, bir sıra iri vergi ödəyiciləri hesab olunan bəzi şirkətlər hələ də dövlətin boyunduruğundan asılı vəziyyətdə qalıblar. Dövlətə vergi ödəmək əvəzinə hələ də dotasiya ilə işləməyi üstün tuturlar. Maraqlıdır, nədir həmin müəssisələrin hər ili ziyanla başa vurma səbəbləri? İdarəetmə səriştəsizliyi, yoxsa dövlətin çətiri altında gizlənərək vətəndaşları soymaq istəyi? Məlumat üçün qeyd edək ki, belə iri qurumlardan biri də "Azərbaycan Hava Yolları" (AZAL) şirkətidir ki, mütəmadi olaraq uçuş biletinin qiymətinin artmasına baxmayaraq, hər ili ziyanla başa vurur. Özü də bu ziyanın həcmi yiz milyonlarla manat civarındadır. Bu dəfə də "Azərbaycan Hava Yolları" (AZAL) yenə ziyanla işlədiyini bəyan edib. Belə ki, AZAL 2020-ci il üzrə maliyyə hesabatını təqdim edərkən 76,4 milyon manat zərər etdiyini açıqlayıb. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb. 2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat olub. Qurum koronavirus pandemiyası ilə əlaqədar hökumətdən 232, 8 milyon manat subsidiya alıb. İndi belə bir sual yaranır: uçuş biletlərinin qiymətini sorğu-sualsız artıran, dövlətdən dotasiya alan bir qurum nədən ili ziyanla başa vurmalıdır?

Qeyd edək ki, AZAL ölkədə inhisarçı şirkətdir, onunla rəqabətə girə biləcək ikinci bir qurum yoxdur. Elə bu səbəbdən də istədiyi vaxt və istədiyi qədər uçuş qiymətlərini artıra bilir. Buradan o anlama gəlmək mümkündür ki, AZAL bütün uçuşlara nəzarət etməklə qiymətləri də istədiyi kimi tənzimləyir. Üstəlik AZAL-ın istifadəsində olan milyonlarla manat dəyərində ifadə olunan təyyarələr də dövlət hesabına alınır. Bunun müqabilində qiymətlər ucuzlaşmaq əvəzinə   kəllə-çarxa çıxıb. Belə halda kifayət qədər gəlir əldə edən müəssisənin dövlət büdcəsinə vergi ödəməməsi heç cür anlaşılan deyil. Bu halda AZAL-ın əldə etdiyi və vergidən yayındığı gəlirin şəxsi məqsədlər üçün istifadə edildiyi barədə şübhələr yaranır.  

Fikrimizi əsaslandırmaq üçün xatırladaq ki, 2020-ci ildə AZAL-a dövlət tərəfindən pandemiya ilə bağlı olaraq 232 milyon 82 min manat subsidiya ayrılıb. Bununla yanaşı, quru sərhədlərinin bağlı olması səbəbindən  ölkəyə gediş-gəliş sadəcə hava yolu ilə mümkündür. Üstəlik, AZAL-ın bilet qiymətlərinin fantastik dərəcədə baha olması da hər kəsə məlumdur. Dünyanın ən bahalı sərnişin daşıma şirkətlərindən biri olan AZAL-ın pandemiyanı bəhanə edərək hər ili zərərlə bitirdiyini açıqlamasını necə başa düşmək olar?  Ekspertlərin qənaətinə görə, AZAL-da hökm sürən özbaşınalıq şübhəsiz ki, bu qurumun fəaliyyətinə nəzarət etməli olan rəhbər şəxsin marağındadır. Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL-ın hər il zərərlə işləməsi bu sahədə ciddi korrupsiyanın mövcudluğuna əsas yaradır. Əks halda nədən ölkənin hava nəqliyyatı sektorunda dövlətin payının yüksək olmasına baxmayaraq daha aşağı sinifli xarici şirkətlər yaxın buraxılmır?  İnhisarçı təşkilat imkan vermir ki, hansısa xarici şirkət daha ucuz qiymətə vətəndaşlara xidmət etsin. Əslində isə AZAL-ın zərərlə işləməsi barədə açıqlamasının arxasında yenidən dövlətdən dotasiya qoparmaq istəyi durur ki, heç şübhəsiz ki, bu da öz növbəsində  korrupsiya üçün yeni zəmin yaradır. Başqa bir məsələ ondan ibarətdir ki, əgər dövlətdən kifayət qədər dotasiya alaraq biletləri də baha qiymətə satan müəssisə ziyanla işləyirsə, deməli onun idarətməsində ciddi qüsurlar mövcuddur. Təbii ki, qeyri-effektiv idarəetmə, maliyyə xərclərinə nəzarət qabiliyyətinin olmaması, üstəlik gəlirin şəxsi maraqlara yönəldilməsi bu sektorda ibrəetmənin çürük olması anlamına gəlir. Məhz bu kimi səbəblərdən mənffətlə işləməli olan qurum dövlətin üzərinə əlavə yük qoyur. Etiraf edilməlidir ki, istənilən xarici ölkə ilə müqayisədə uçuş qiymətləri baha olan  AZAL-ın hər cür texniki təminatı var. Hava limanları yüksək səviyyədədir, dövlət hesabına alınan təyyarələr konfort vəziyyətdədir. Bundan başqa, AZAZL-da istənilən çatışmazlıqlar dövlət tərəfindən qarşılanır. Belə olan halda onun hər ili ziyanla başa vurması ciddi düşünməyə əsas verir. Yaxşı olardı ki, AZAL-ın idarəedilməsi yüksək idarəetmə və menecer qabiliyyətinə malik şəxsə həvalə edilsin.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31