Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni mərhələdə- TƏHLİL
Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni mərhələdə -TƏHLİL
24 Yanvar 2020 12:59 İqtisadiyyatAzərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlıq ən yüksək səviyyəyə yüksəlib. Etiraf edilməlidir ki, ölkəmizə qarşı olan bu etimad prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurli xarici siyasət, sosial-iqtisadi islahatlar, demokratik təsisatların inkişafı və ən nəhayət ölkədə yaradılan siyasi sabitliyin nəticəsində mümkün olub. Artıq demək olar ki, Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub. Belə ki, ölkəmizin paytaxtı Bakı şəhərində Dünya İqtisadi Forumunun regional mərkəzi yaradılacaq. Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin bununla bağlı imzaladıqları niyyət protokolu ilə ölkəmizlə Forum arasında əlaqələrin yeni səhifəsinin başlanğıcı qoyulub. Məlumat üçün qeyd edək ki, çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Prezident İlham Əliyev niyyət protokolunun imzalanmasını Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandırıb. Protokolun əhəmiyyətini vurğulayan Borge Brende deyib: "Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq".
***
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildən başlayaraq 14-cü dəfədir Davosda bu Forumun illik toplantısında iştirak edir. Bu müddət ərzində dövlət başçımıza daim yüksək diqqət göstərilib, fikirləri tədbir iştirakçıları tərəfindən maraqla izlənilib. Çünki, Azərbaycan prezidenti mütəmadi olaraq Forumda əhəmiyyətli təşəbbüslərlə çıxış edib, dünyada mövcud olan siyasi-iqtisadi problemlərdən qurtulmaq üçün tövsiyyələrini verib. Elə bu səbəbdən də dövlət başçısının Forum çərçivəsində çoxsaylı dövlət və hökumat başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin səmərəsi kifayət qədər olub. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev builki Davos Forumu çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə 20-dən çox görüş keçirib, "Strateji baxış: Avrasiya" mövzusuna həsr olunmuş panel iclasında iştirak edib. Təsadüfi deyil ki, dövlətimizin başçısı Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsində bildirib ki, bu Forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, Azərbaycana islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir. Azərbaycanda isə xarici investorların sərbəst fəaliyyəti üçün kifayət qədər münbit şərait mövcuddur. Xatırladaq ki, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 2006-2007-ci illərdə 137 ölkə arasında tutduğu 64-cü yerdən 2017-2018-ci illərdə 29 pillə irəliləyərək 35-ci yerə yüksəlib. Hesabata əsasən, 2019-cu ildə "Əhalinin elektrik təchizatı səviyyəsi" üzrə dünyada ikinci yerdə, "Hökumət tənzimləməsinin yükü" və "Əcnəbi işçilərin işə qəbulunun asanlığı" üzrə üçüncü, "Hökumətin dəyişməyə cavabdehliyi" üzrə beşinci yerlərdə, "Biznesə başlama üçün tələb olunan günlərin sayı" və "Hökumətin uzunmüddətli strategiyası" üzrə isə ilk onluqda qərarlaşıb. Yeri gəkmişkən qeyd edək ki, hələ ötən il Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradır.
Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması heç də təsadüfi deyil. Azərbaycan Dünya İqtisadi Forumu üçün nə qədər dəyərlidirsə, Forumda ölkəmiz üçün bir o qədər əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Forumun Azərbaycan üçün kifayət qədər praktiki əhəmiyyəti olacaq. Belə ki, Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanması, Procter and Gamble Europe şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsi, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın Lukoil şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunması, Sighify şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunması, Carlsberg Group şirkətinin Azərbaycana investisiyalarını artırmaq niyyətində olması, Azərbaycanda sığorta bazarının inkişafı üçün Swiss Re şirkəti ilə əməkdaşlıq məsələlərinin müzakirə olunması ölkəmiz üçün siyasi və iqtisadi üstünlüklər vəd edir.
Təkcə Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ölkəmiz üçün kifayət qədər iqtisadi dividentlər gətirəcək. Məlum olduğ kimi sözügedən Mərkəzdə müəyyən işçilər, əlaqələndiricilər, təmsilçilər olacaq ki, bunların hamısı təcrübə mübadiləsi şansı yaradır. Digər tərəfdən, Mərkəzdə təmsil olunan nümayəndələr Azrbaycanda aparılan islahatların şəxsən şahidi olacaqlar ki, bu da növbəti qiymətləndirmə üçün əlavə imkanlar deməkdir. Mərkəzin qiymətləndirməsinin nəticəsi olaraq xarici investorların Azərbaycana marağının artacağı da şübhə doğurmur. Göründüyü kimi, Azərbaycan Prezidentinin səfəri və keçirdiyi görüşlər Azərbaycanın xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəhəng şirkətlərin Azərbaycanla əməkdaşlıq qurması və investisiya yatırmaq imlanlarının genişlənməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Nurlan
Olaylar.az