Ölkəmizə investisiya axınının artması üçün əlavə imkanlar yaranır- TƏHLİL
Ölkəmizə investisiya axınının artması üçün əlavə imkanlar yaranır-TƏHLİL
22 Yanvar 2020 12:36 İqtisadiyyatDavos İqtisadi Forumu bunun üçün əsas vasitələrdən hesab olunur
İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Azərbaycan dövlətinin uzun illərdən bəri üstünlük verdiyi sosialyönümlü siyasət də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda orta aylıq əməkhaqqı xeyli artıb. Təkcə ötən il 72 min insana ünvanlı sosial yardım verilib. Qeyd edək ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb ki, bu da çox mühüm nəticə kimi qiymətləndirilə bilər. Bu arada Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumuna qatılması da əlamətdar hadisə kimi qeyd edilməlidir.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Həmin il keçirilən forumda Azərbaycana həsr olunan görüş təşkil olunmuş, burada ümummilli lider Heydər Əliyev ölkəmizin zəngin neft-qaz resursları və xarici investisiya üçün potensial şəraitin olması barədə dünya ictimaiyyətinə məlumat vermişdir. Dövlət müstəqilliyimizin ilk illərində respublikamıza xarici investisiyaların cəlb olunması zəruri və prioritet məsələlərdən idi. Dövlət müstəqilliyimizin ilk illərində respublikamıza xarici investisiyaların cəlb olunması zəruri və prioritet məsələlərdən idi. Davos İqtisadi Forumunun 2000-ci il görüşündə Azərbaycan dünya miqyasında artıq nüfuz qazanmış, "Əsrin müqaviləsi"nə imza atmış bir dövlət kimi iştirak edirdi. Həmin forumda müzakirə olunan məsələlərdə (İpək yolu, Qafqazın perspektivləri) Azərbaycanın mövqeyinin nəzərə alınması ölkəmizin nəinki regionda, həmçinin dünyada söz sahibi kimi tanınmasından xəbər verirdi. Forumun illik tədbirlərinin birində, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorçuluqda nəzarətsiz qalan torpaqların rolunun müzakirəsi Azərbaycan üçün də əhəmiyyətli oldu. Bu müzakirədən sonra dünya ictimaiyyətinin diqqəti respublikamızın sözügedən probleminə bir daha yönəldildi. Əvvəllər Davos Forumuna qatılmaqla əsasən öz iqtisadiyyatını inkişaf etdirmək, investorlar cəlb etmək üçün görüşlər keçirən Azərbaycan, sonradan artıq ölkəmizin investisiya imkanlarını dünyanın diqqətinə çatdırırdı. 2013-cü il aprelin 7-8 də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini və iqtisadi potensialının gücləndiyini sübuta yetirdi. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələrinin bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi Bakını seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir.
Ekspertlərin qənaətinə görə, Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında nümayiş etdirilir. 3-4 gün davam edən Ümumdünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə çoxsaylı sessiyalara bölünür və iclaslarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur. Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.
Yeri gəlmişkən qeyd edək ki, Davos İqtisadi Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında Azərbaycan Prezidentinin xüsusi yeri vardır. Prezident İlham Əliyev forum çərçivəsində mühüm görüşlər keçirir ki, bu cür görüşlər ciddi hazırlıqla təşkil edilir və konkret müzakirə predmeti ilə xarakterizə olunur. Siyahıya nəzər saldıqda görürük ki, Azərbaycan Prezidenti müasir cəmiyyət üçün böyük əhəmiyyəti olan sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə müzakirələr aparıb. Bu, bir tərəfdən, Azərbaycanın Davos Forumundakı nüfuz və etibarının, digər tərəfdən, Prezident İlham Əliyevə olan inamın yüksək olmasının göstəricisi və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatların geniş sahələri əhatə etdiyinin növbəti təsdiqidir. Sirr deyil ki, dünyanın ən nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlığa can atırlar.
Onu da qeyd edək ki, Forumda həm dünyanı maraqlandıran taleyüklü məsələlərin müzakirəsində iştirak etmək, həm də konkret olaraq Azərbaycan üçün aktual məsələləri müzakirə etmək, müxtəlif ölkə rəhbərləri ilə görüşlər keçirmək bu baxımdan əhəmiyyətli addımlardır. Şübhə yoxdur ki, Forumdakı müzakirələrdə əldə edilən nəticələr əsasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinə təsirli təkan verən faktorlardan olacaq. Bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksələcək, əməkdaşlığın inkişafı, ölkəmizə investisiya axınının artması üçün daha geniş imkanlar yaranacaq. Faktdır ki, Azərbaycanın iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.
Zəka
Olaylar.az