Davos İqtisadi Forumu Azərbaycan üçün vacib tribunadır- Təhlil

Davos İqtisadi Forumu Azərbaycan üçün vacib tribunadır-Təhlil

Azərbaycan bu tribunadan istifadə etməklə daha çox xarici sərmayə cəlb etmək niyyətindədir

Məlum olduğu kimi Davos İqtisadi Forumunun illik toplantısı hər il İsveçrənin Davos şəhərində keçirilir. Davos İqtisadi Forumu dünyada yeganə Forumdur ki, aparıcı ölkələrin həm dövlət, həm hökumət başçılarını, eləcə də aparıcı şirkətlərin rəhbərlərini, beyin mərkəzlərini, media qruplarını bir araya yığmaq imkanı olur. Davos İqtisadi Forumu bu aspektdən alternativi olmayan bir Forumdur. Eyni zamanda, Davos İqtisadi Forumu mütəmadi olaraq regional toplantılar da keçirir. Bildiyiniz kimi, 2013-cü ildə həmin toplantılardan biri Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdu. Nəticə etibarilə Davos İqtisadi Forumu hər il,  təqvim ilinin birinci ayında keçirilir. Qlobal iqtisadi-siyasi trendlərin müəyyənləşdirilməsinə təsir göstərməyə çalışır. Tövsiyə xarakterli qərarlar qəbul edir. Eyni zamanda, keçən ilin də iqtisadi və siyasi yekunlarının müzakirəsini aparır. Bu baxımdan Davos İqtisadi Forumu əvvəlki ilin nəticələrinin qiymətləndirilməsi baxımından çox vacibdir. Digər tərəfdən də Davos İqtisadi Forumu artıq yeni başlanan ildə trendlərin müəyyənləşdirilməsində müzakirə edilməsi baxımından əhəmiyyətli hesab olunur. Azərbaycanın əldə etdiyi uğurlar, ölkənin iqtisadi gözlntiləri və iqtisadi potensialının təqdimatı baxımından Davos İqtisadi Forumu ölkəmiz üçün geniş bir tribunal açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir". Məhz bu amil nəzərə alınaraq prezident İlham Əliyev hər il Davos İqtisadi Forumuna qatılaraq ölkəmizin iqtisadi potensialını dünyanın aparıcı şirkətlərinə təqdim etmək imkanından səmərəli istifadə edir. Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edib. Dövlət başçısı sfərinin ilk günündə Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteyn və  "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Cees't Hart ilə görüşüb. Hər üç görüşlərdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Etiraf edilməlidir ki, Davos İqtisadi Forum çərçivsində aparılan danışıqlar ölkəmizə kifayət qədər iqtisadi divident gətirir. Nəzərə alsaq ki, sözügedən Foruma ölkə rəsmiləri, dövlət və hökumət başçıları, beyin mərkəzləri, media, vətəndaş cəmiyyətləri, çox fərqli fikirlərin nümayəndələri və rəhbərləri toplaşır, belə halda müzakirələrin səmərəliliyi, gündəmə çıxarılan və təqdim olunan məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli olduğu aydın görünər.

Yeri gəlmişkən qeyd edək ki,  Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsi yerləşdirilib. Dövlət başçısı məqaləsində bildirib ki, 14-cü dəfədir ki, Forumun İllik Toplantısında iştirak edir: "Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu Forumun İllik Toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir. Bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə "Doing Business 2009" və "Doing Business 2019" hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb. 2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə "Əhalinin elektrik təchizatı səviyyəsi" üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, "Hökumət tənzimləməsinin yükü" və "Əcnəbi işçilərin işə qəbulunun asanlığı" üzrə 3-cü yerdə, "Hökumətin dəyişməyə cavabdehliyi" üzrə 5-ci yerdə, "Biznesə başlama üçün tələb olunan günlərin sayı" üzrə 8-ci yerdə, "Hökumətin uzunmüddətli strategiyası" üzrə isə 10-cu yerdə qərarlaşıb".

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev məqalədə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurları Avropa ölkələrinə rərəmlərin dili ilə çatdırıb. Çüki,  qeyd etdiyim kimi, Davos İqtisadi Forumu  tribuna, miqyas, zənginlik baxımından alternativsiz platformadır. Bu kontekstdən Davos İqtisadi Forumunun Azərbaycan üçün üstünlükləri var. Əvvəla, Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirak etməsi o anlama gəlir ki, Azərbaycan Davos İqtisadi Forumuna önəm verir. Mütəmadi olaraq 2007-ci ildən Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda iştirak edir. Bu da təbii ki, ölkəmizin Davos İqtisadi Forumuna verdiyi önəmin bir göstəricisidir. Məlum olduğu kimi Azərbaycanın əsas məqsədlərindən biri ölkəmizə daha çox xarici investisiyanı cəlb etməklə qeyri-neft sektorunu daha da inkişaf etdirməkdir. Davos İqtisadi Forumu da Azərbaycana öz potensialını təqdim etmək imkanı yaradır. Xatırladaq ki, prezident İlham Əliyev artıq Davos İqtisadi Forumunda yalnız rəsmilərlə deyil, eyni zamanda, aparıcı şirkətlərin rəhbərləri ilə də görüşür, onları Azərbaycana dəvət edir.  Bu isə yeni texnologiyanın ölkəyə cəlb edilməsi baxımından çox vacibdir. Ümumilikdə qeyd etmək olar ki, Davos İqtisadi Forumu Azərbaycan üçün vacib tribunadır. Azərbaycan bu tribunadan istifadə etməklə daha çox xarici sərmayəni cəlb etmək niyyətindədir. Bu isə ölkəninin dayanıqlı iqtisadiyyatının təmin olunması üçün vacib addımdır.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31