İqtisadiyyatın güclənməsi ölkəmizin maliyyə təminatını artırıb- RƏYLƏR
İqtisadiyyatın güclənməsi ölkəmizin maliyyə təminatını artırıb-RƏYLƏR
30 Dekabr 2019 12:31 İqtisadiyyatAzərbaycanda dinamik iqtisadi inkişaf güclü sosial siyasətlə tamamlanır
Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən islahatlar bütün sahələr üzrə səmərəsini verməkdədir.Təsadüfi deyil ki, 2019-cu ilin dekabr ayının 23-də ölkə Prezidenti İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bildirib ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olub və qarşıya qoyulan vəzifələr öz həllini tapıb. Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki, 2019-cu ildə əsas uğur göstəricilərindən biri beynəlxalq aləmdə mövqeylərimizin möhkəmlənməsi və müstəqil siyasət yürütməyimizdir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı regionda lider dövlətə çevirib və dünya arenasında yüksək nüfuza malik olub: "2019-cu il iqtisadi inkişaf baxımından uğurlu il olub. Bir neçə il əvvəl dünya bazarında neftin düşməsinə, gəlirlərin azalmasına baxmayaraq hər bir ölkə üçün sınağa çevrilib. Lakin Azərbaycan dövləti və höküməti tərəfindən görülən operativ tədbirlər fəsadları minimum səviyəyə endirib. Bu il ölkənin makro iqtisadi göstəriciləri daha geniş miqyaslıdır. Buna əldə olunmuş rəqəmlər də subutdur. Belə ki, qeyri neft sektoru 3.5% , qeyri neft sənayəsi 14% , kənd təsərüfatı 7% , qeyri neft ixracatı 14% artıb. Ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 50 milyarda çatıb. Ölkə Prezidentinin atdığı addımlar ölkə vətəndaşlarının həyatını yaxşılaşdırılmasına xidmət etdiyi imzalanan fərman və sərəncamlardan da açıq aydın görünür. Bu il sosial islahatlar əmək haqqı, pensiya, sosial müavinət və tələbə təqaüdlərinin artması ilə başladı. Eyni zamanda, problemli kreditlər məsələsi yoluna qoyulmaqla sosial sahədə olan məsələlər kompleks şəklində öz həllini tapdı. Ölkə başçımızın dərin təhliləri üzərində düşünülmüş və atılan addımlar 2019-cu ildə Azərbaycanın uğurlara doğru apardı və 2020-ci ildə də bu uğurlu siyasi kurs davam etdirilərək Azərbaycan xalqının rifah halının yaxşılaşmasına gətirib çıxaracaq".
Milli Məclisin deputatı Azər Badamov deyib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Onun sözlərinə görə, iqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da artır. Ölkəmizin dinamik iqtisadi inkişafı həmçinin güclü sosial siyasətlə tamamlanır. Belə ki, milli iqtisadiyyatımızın potensialının artması öz növbəsində sosial sferada bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə hesablanan genişmiqyaslı islahatların həyata keçirilməsinə yeni imkanlar açır: "Dekabrın 23-də cənab Prezidentimiz yerli jurnalistlərə müsahibəsində bildirdi ki, gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2019-cu ildə aparılan sosial islahatlar daha çox aztəminatlı, məcburi köçkün və qaçqın, eləcə də şəhid ailələrini, müharibə veteranlarını əhatə etdi. Bu il məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edilib. O cümlədən 800-ə yaxın şəhid ailəsi, müharibə əlilinə ev verilib. Ölkəmizdə 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, 6 mindən çox müharibə əlilinə avtomobil verilib. Bu bir daha göstərir ki, strateji xəttə uyğun olaraq dövlətimiz 2019-cu ildə də insanların sosial rifahının yüksəldilməsi, aztəminatlı və xüsusi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıb".
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır: "2019-cu il, demək olar ki, sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi. Hələ ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi və bunu dekabrın 23-də jurnalistlərə müsahibəsində möhtərəm Prezidentimiz də bildirdi. Dövlət başçısı qeyd etdi ki, bu məsələ daim diqqət mərkəzində idi. Sadəcə, artıq dövlətin buna tam gücü və imkanı çatdı və bu problem öz həllini tapdı". Komitə sədri qeyd edib ki, 2019-cu ildə maaşların, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, eləcə də digər sosial təminat məsələləri diqqət mərkəzində oldu: "İlin yekunları ilə bağlı müsahibəsində cənab Prezident bildirdi ki, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Cənab Prezident vurğuladı ki, sosial islahatlar gələn il də davam etdiriləcək. Bu isə bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir".
Zəka
Olaylar.az