İki qardaş ölkənin ortaya qoyduğu siyasi iradə- TƏHLİL

İki qardaş ölkənin ortaya qoyduğu siyasi iradə-TƏHLİL

İlham Əliyev: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir"

Həftə sonu Azərbaycan-Türkiyə əməkdaşlığı, strateji tərəfdaşlığı daha bir uğura, nailiyyətə imza atdı. Cənub Qaz Dəhlizi layihəsinin bir komponenti olan TANAP qaz kəmərinin  Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycan və Türkiyə prezidentləri, eləcə Gürcüstan, Bosniya və Hersoqovina, Serbiyanın yüksək rütbəli rəsmilərinin iştirak etdiyi mərasim öz-özlüyündə bir neçə mühüm və vacib məqamları ilə yadda qaldı. İlk növbədə bu hadisə hər şeydən öncə Azərbaycan və Türkiyənin dünyada gücü, nüfuzu, siyasi və iqtisadi çəkisinin göstəricisi idi. Necə ki, hər iki ölkə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə birgə əməkdaşlığa başladı, eynilə də hazırda bu əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsi, onun tərkib hissəsi olan TANAP-la davam edir. Bu həm də Avropanın Türkiyə və Azərbaycanın sayəsində özünün enerji təhlükəsizliyinin təmin etməsi anlamını verir ki, ona görə də qoca qitənin özündə belə Cənub Qaz Dəhlizi, onun tərkib hissəsi olan TANAP, eləcə TAP-a xüsusi maraq, diqqət var. Elə həftəsonu Ədirnə şəhərində TANAP-ın Avropa ilə birləşən hissəsinin istifadəyə verilməsi zamanı Avropa ölkələrinin yüksək rəsmilərinin həmin mərasimə qatılması da deyilənləri təsdiqləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi istər Cənub Qaz Dəhlizi layihəsi, istərsə də TANAP-a olan beynəlxalq diqqətin artması Azərbaycan və Türkiyənin, həmçinin hər iki ölkənin reallaşdırdığı bu kimi layihələrin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasıdır: "Biz TANAP ilə ölkəmizin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməyi hədəflədik. TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir. Bu gündən etibarən Azərbaycanın təbii qazı ölkəmizin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək artıq Avropanın qapısına, yəni, buraya çatıb. TANAP ilə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi əfsanədən həqiqətə çevrilib. Bu 16 milyard kubmetr qazın 6 milyardını biz, 10 milyardını isə Avropa ölkələri istifadə edəcək".

Qeyd etdiyimiz kimi TANAP-ın Avropa hissəsinin istifadəyə verilməsi həm də Bakı-Tbilisi-Ceyhan layihəsindən sonra uğurla davam edən Türkiyə-Azərbaycan əməkdaşlığının, strateji tərəfdaşlığının daha bir nümunəsi, örnəyidir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də sözügedən mərasimdə çıxışı zamanı bu fakta diqqət çəkib, Ankara-Bakı əlaqələrinin inkişafından söz açıb: "TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünki əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoyub və 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik". Prezident İlham Əliyev bildirib ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışı reallaşıb ki, bu da TANAP-a yol açan mühüm addım olub.

TANAP-ın reallaşması iki qardaş ölkənin ortaya qoyduğu siyasi iradə olmaqla yanaşı, həm də ölkələr arasında birgə əməkdaşlığa yol açan mühüm layihədir. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də açılış mərasimində çıxışı zamanı bu fikri açıq şəkildə ifadə edib: "Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq.  Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz". Prezident bildirib ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir: "Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt edib. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir".

***

Və ən nəhayət, TANAP, eləcə də bu kimi layihələr Türkiyə-Azərbaycan dostluq və qardaşlığının daha da möhkəmləndirilməsinə yol açır, gələcəkdə yeni-yeni layihələrin, əməkdaşlıq perspektivlərinin meydana çıxmasına imkan yaradır.  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi bu kimi layihələr nəticəsində Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir: "Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıb. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır".

İki ölkə arasında mövcud olan qarşılıqlı faydalı, strateji əməkdaşlıq gələcəkdə də həyata keçiriləcək bütün layihələrin uğurlu olacağı qənaətini formalaşdırır. Cənab Prezident İlham Əliyevin əminliklə deidyi kimi, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31