Regionların inkişafı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir

2004-cü ildən başlayaraq ölkəmizdə tətbiq edilən Dövlət proqramları sayəsində əsaslı dəyişikliklər əldə edilmişdir. Sayca 3 dövlət proqramı həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən Dövlət proqramları hamısı uğurla həyata keçirilmişdir. 2019-2023-cü illəri əhatə edəcək sayca dördüncü Dövlət Proqramı da, böyük prespektivlər vəd edir. Regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına,yeni iş yerlərinin açılmasına,nəticədə yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Əsrin əvvəllərində Azərbaycana əsas gəlir neft sahəsindən gəlirdisə,indi artıq qeyri-neft sektorları inkişaf etdirilərək,əsas gəlir mənbəyinə çevrilib.

Bu fikirləri Olaylar.az-a Tətbiqi Politologiya Mərkzinin eksperti Firuzə Hüseyn deyib.

O bildirib ki, pambıqçılıq,heyvandarlıq,meşəçilik,bitkiçilik,bağçılıq, tikinti,informasiya və rabitə,nəqliyyat və turizm sahələrinə xüsusi diqqət ayrılmış ,hər birində əsaslı inkişaf əldə olunub. Son bir neçə il ərzində Azərbaycana möhkəm valyuta gətirə biləcək pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr müşahidə olunub:

"Dövlət proqramlarının icra olunduğu 14  il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır.

2004-2017-ci illər ərzində ölkəmizdə ümumilikdə 12 min 300 kilometr yol çəkilib növbəti illərdə bu rəqəmin 15 min kilometrə çatdırılması gözlənilir. Ötən dövr ərzində Azərbaycanda 7 hava limanı tikilib istifadəyə verilib ki, onlardan da 6-sı beynəlxalq hava limanı statusuna malikdir.

Dövlət proqramlarının həyata keçirilmə səbəblərindən biri də təkcə paytaxt Bakının deyil,digər bölgələrin də iqtisadi və sosial inkişafını təmin etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafı üçün uğurla başa çatdırılmış layihələrin , əhaliyə göstərilən sosial yardımların,yoxsulluğun aradan qaldırılmasına xidmət göstərən fondların,texnologiyanın dünya standartlarına cavab verəcək şəkildə inkişaf etdirilməsi,təhsil sahəsində müasir metodikanın tətbiq edilməsi dövlət proqramlarının uğurla başa çatdırılmasından xəbər verir.Lakin çox təəssüf hiss edirəm ki,prezidentimizin sərəncamlarına baxmayaraq bəzi özəl şirkətlərin və "təcrübəsiz yaşlı" kadrların haşıyədən kənara çıxması əhalidə müəyyən narazılıqlar yaradır.Bu problemlərin də öz həllini tapacağına şübhəm yoxdur.

Bundan başqa,rayonlara,ucqar dağlıq bölgələrə yolların çəkilməsi ,Abşeron iqdisadi-coğrafi rayonundan keçərək bütün Aranı əhatə edən magistral yolların, dəmiryollarının bərpası və şimal-qərb rayonlarına gedən sərnişinlərin yolunu və vaxtını düşünərək sürət qatarları da istifadəyə verilmişdir.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Ötən illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi dörd nəhəng su anbarı tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, keçən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilmiş və bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması nəzərdə tutulub.

Ötən dövrdə Azərbaycanda 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilb, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.

Ekspert qeyd edib ki, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə XXI əsrdə reallaşdırılan ən nəhəng  transmilli layihələrdən biri də "Cənub" qaz dəhlizidir: "Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təziqlərə baxmayaraq ölkəmiz bütün məsuliyyəti öz üzərinə  götürərək 11 şirkətin, yeddi hökumətin və 11 qaz alıcısının sıx əməkdaşlığını təmin edə bildi. Uzun illər qaz təchizatının şaxələndirilməsini arzulayan  Avropa dövlətlərinin bu istəyini Azərbaycan dövləti  öz iqtisadi qüdrətinə söykənərək reallaşdırmağı bacardı.

Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların mərkəzinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub - Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal-Cənub ticarət dəhlizi, Ələt Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın başlanğıcını qoydu. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu və Beynəlxalq Ticarət Limanının bir hissəsi istifadəyə verildi. Şimal-Cənub ticarət dəhlizinin isə bu günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycanda qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək və ölkəmizi regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirəcək. Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axını təmin ediləcək.

Son bir neçə il ərzində Azərbaycana möhkəm valyuta gətirə biləcək pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib."

F.Hüseyn vurğulayıb ki, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərməkdədir: "Bu amillərin yaratdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilmişdir. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürüdür.

Bu gün Azərbaycan demək olar ki, dünyanın turizm mərkəzinə çevrilib. Sahənin inkişafı üçün Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin xüsusi önəmi  var. Bu tədbirlər eyni zamanda turizmin inkişafına ciddi təkan verir. Çünki onların keçirilməsi ilə biz Azərbaycanın bütün dünyada daha yaxından tanınmasına nail oluruq. İlk addım kimi Azərbaycanın ev sahibliyi etdiyi Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb etdi. Bunun ardınca ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi,Birinci Avropa Oyunlarının, ötən ilin iyun ayında isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi.F1 yarışlarının- artıq hər il keçirilən yarışların Azərbaycanda keçirilməsi bura turist axınını gücləndirdi.  Yüksək səviyyədə keçirilən bu tədbirlər həm də, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz qabağındadır. İndi ölkəmizin hər yerində, xüsusilə, Bakı şəhərində əcnəbi turistlərin sayının nə qədər artdığını aydın görmək mümkündür.

Xüsusən də qədimi abidələrin yenidən təmir edilməsi,tarixi məkanların abadlaşdırılması buranı nəzərəçarpacaq dərəcədə  turizm kompleksinə çevirmişdir.

Meşəçilik və bağçılığın inkişaf etdirilməsi nəticəsində ekologiya qismən bərpa oldu.Bildiyimiz kimi Azərbaycanın təkcə 11%-ni meşələr əhatə edirdi Lakin son illərdə davamlı olaraq ağacəkdi aksiyalarının həyata keçirilməsi nəticəsində bu faiz artaraq 13% təşkil etmişdir.Bu da o deməkdir ki, udduğumuz  hava  sənaye və zavodların zərərli tüstülərindən təmizlənmişdir.

Uşaq evləri və bağçalarının,qocalar evləri,kimsəsizlər üçün düşərgələrin və sığınacaqların yaradılması və ya təmir edilməsi isə inkişafın humanizm prinsiplərinə əsaslandığını görmək olar.

Ölkədə təhsil sahəsində baş verən yeniliklər, tədris proqramlarının müasir Avropa metodikasına uyğun şəkildə tətbiq edilməsi,xüsusilə də,şagird və tələbələrə kiçik yaşlarından praktik dərslərin tətbiq olunması da sevindirici haldır.Həmçinin universitet və məktəblərin ildən-ilə  müasir avadanlıqlarla təmin olunması, tələbə və şagirdlərin düzgün  ixtisaslaşması onların gələcəkdə öz peşələrinə qarşı daha həvəskar və məsuliyyətli edir".

Ekspert bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə etmişdir: "Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini vermiş və "Açıq Hökumət Tərəfdaşlığı" beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olmuşdur.

Tez-tez əhali ilə ünsiyyətdə olan, onların problemləri ilə maraqlanan prezident İlham Əliyev şəhid ailələrinə və qazilərə xüsusilə həssas yanaşaraq onları məmnun etməyə çalışır. Prezident bu yaxınlarda məhbusların qanun pozuntusuna görə həbs olunmasına baxmayaraq,çoxunun gənc olmasını üstün tutaraq əhv fərmanı imzaladı.Bu həqiqətən təqdirəlayiq addım idi.

Son zamanlardan təcrübəsiz kadrların vəzifəsindən uzaqlaşdırılması və kadrların gəncləşdirilməsi müşahidə olunur.Dövlət başçısının kadr seçimində məhz gənclərə üstünlük verməsi onun uğurlu siyasətinin davamıdır. Bütün görülən bu işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında etibarlı strateji tərəfdaşa çevrilib.Tam əminliklə demək olar ki,ölkəmizin bütün dünya səviyyəsində öz sözünü deməsi onu tam inkişaf etmiş ölkələr siyahısına daxil edəcək". 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31