Prezidentin fərmanı sosial inqilab nümunəsidir- Təhlil

Problemli kreditlər məsələsi vətəndaşların mənafeyinə uyğun həllini tapdı

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası istiqamətində ciddi iş aparılır. Artıq  Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir. Artıq dövlət başçısınının Fərmanına uyğun olaraq kompensasiya mexanizminin hazırlanması istiqamətində iş gedir. İndi insanları həmin prosesin necə həyata keçiriləcəyi maraqlandırır. İqtisadi ekspert Vüqar Bayramov bildirilib ki,  yaxşı olardı ki, bu istiqamətdə 10 min dollar qalıq məbləği differensial olaraq müəyyənləşdirilsin. Yəni, əgər vətəndaşımız 20 min dollar kredit alıbsa və devalvasiya zamanı onun əsas məbləğ üzrə kredit qalığı 14 min dollar olubsa o zaman kompensasiya mexanizmi həmin məbləğin 10 min dollarına hesablansın. Bu halda formula belə olsun; 14 min dollarlıq kredit üzrə kompensasiya hesablanan məbləğ 10 min dollar, kompensasiyaya düşməyən hissə 4 min dollar. Bu qayda tətbiq olunarsa o zaman devalvasiya zamanı qalıq məbləği 10 min dollardan çox olanlar da kompensasiyadan yararlana biləcəklər: "Nəmçinin əsas məbləğ üzrə qalıq məbləği 10500-dək olan bütün kreditlər yuvarlaq olaraq 10 min dollarlıq qalıq məbləği kimi qəbul olunsun və kompensasiya tətbiq olunsun. Məsələn, vətəndaşımız 20 min dollar kredit götürüb və onun əsas məbləğ üzrə qalıq məbləği devalvasiya zamanı 10100 dollar olub, yəni 10 mindən cəmi 100 dollar çox, və belə kreditlərə də kompensasiya hesablanıb ödənilsin. Zəruri qeyd: əgər birinci təklif qəbul olunarsa o zaman ikinci təklifin ayrıca qəbuluna ehtiyac qalmır. Təklif edərdim ki, manat kreditinə güzəşt hesablanan zaman kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsində 360 gündən çox gecikdirilmiş borclar əsas götürüləcək. Daha məqsədə uyğun olardı ki, qaydalar hazırlayan zaman güzəşt son 1 ildə problemli kredit kimi rəsmilləşən qalıq məbləği nəzərə alınmaqla bütün kreditlərə şamil olunsun. Yəni, vətəndaşımız 15 min manat kredit götürüb, onun krediti 1 il öncədən daha əvvəl problemli kredit kimi rəsmilləşib və o 1 il ərzində müəyyən ödənişlər də edib və həmin şəxs də güzəştdən faydalansın. Manatla kreditlərdə əsas qalıq məbləği müəyyənləşən zaman da differensial metodun tətbiq olunması məqsədəuyğundur. Yəni, əsas məbləğ üzrə qalıq 30 min manat olan problemli manat kreditinin 17 min manatına güzəştlərin tətbiqi həyata keçirilsin. Məbləği böyük olmayan xarici valyutada olan lizinq kreditlərinə də kompensasiyanın tətbiqi imkanlarına baxılması məqsədə uyğun olardı". Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, 800 mindən çox insanın böyük problemini həll edəcək fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı dünyada analoqu olmayan bir qərardır və sosial inqilab nümunəsidir. Çünki, qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirləri göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı: "Təsadüfi deyil ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi. Lakin qısa müddətdə həyata keçirilən sürətli iqtisadi islahatlar, eyni zamanda, enerji resurslarının ixracından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi Azərbaycan iqtisadiyyatını xarici amillərin təsirini azaldıb, iqtisadi artım tempinin bərpa edilməsinə imkan yaradıb. Məsələ burasındadır ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb. Fərmana görə, fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat nəzərdə tutulmaqla dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək. Fərmana əsasən, ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulub. Lakin bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 ABŞ dollarının manat ekvivalentindən çox olmayacaq. Fərmanda, eyni zamanda, ödəniş müddəti 360 günü keçən, kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdirsə, bunun üçün də mexanizm nəzərdə tutulub. Bu mexanizmə görə, banklar əhaliyə 5 ilə qədər, 1 ili güzəştli olmaqla illik 1 faiz olmaqla yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Bu məqsədlə banklara fevralın 28-nə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək. Eyni zamanda, banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərində olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Fərmanla banklara bu barədə tövsiyə verilib".Onun bildirdiyinə görə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, onun həlli ya təxirə salınmış, yaxud da bəlli olmayan müddətə uzadılıb. Azərbaycanda isə bu problem vətəndaşların mənafeyi nəzərə alınmaqla həll edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31