Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki,....
Ölkədə artıq bir neçə ildir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılır. Əslində bu prosesə 2004-cü ildən etibarən start verilsə də, lakin dünyada baş verən neft böhranından sonra bu sahənin prioritetliyi bir qədər də artdı. Hazırda demək olar ki, qeyri-neft sektoru özünün uğurlu inkişaf mərhələsindədir. İxrac qabiliyyətinin artırılması, regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsi bu prosesə öz müsbət təsirini göstərir. Bütün bunlara rəğmən neft sektoru da hələlik əsas diqqət mərkəzində olan sahələrdəndir.
24 Noyabr 2017 13:16 İqtisadiyyatReal sektorun sürətli inkişafını təmin edəcək bütün rıçaqların işə salınmasının zamanı çatıb
Ölkədə artıq bir neçə ildir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılır. Əslində bu prosesə 2004-cü ildən etibarən start verilsə də, lakin dünyada baş verən neft böhranından sonra bu sahənin prioritetliyi bir qədər də artdı. Hazırda demək olar ki, qeyri-neft sektoru özünün uğurlu inkişaf mərhələsindədir. İxrac qabiliyyətinin artırılması, regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsi bu prosesə öz müsbət təsirini göstərir. Bütün bunlara rəğmən neft sektoru da hələlik əsas diqqət mərkəzində olan sahələrdəndir. Çünki Azərbaycanın mövcud neft və qaz imkanları, potensialı bunu zəruri edir. Elə bu səbəbdəndir ki, növbəti ilin dövlət büdcəsinin gəlirlərinin müəyyən mənada neftdən asılılığı özünü büruzə verir. İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə hesab edir ki, real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra, növbəti ilin büdcəsininin gəlirlərinin neftdən asılılığını 55,1 faizə qaldırmalı deyildik. Onun sözlərinə görə, ən azından ona görə ki, yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə apracağına heç kim təminatçı ola bilməz: "Necə ki, 2014-cü ildə onun birdən birə dörd dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədi. Növbəti ildə neftin qiymətləri özünü necə aparacaq? Bura dünyanın siyasi müstəvisində baş verən prossesləri və həm də alternativ enerji mənbələrinin çox böyük sürətlə inkişafına dair məlumatları da əlavə etmək lazımdır. Biz bir dəfə neftin qiymətlərinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük. Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur? İstərdim ki, büdcəyə yaxın olan, onu dərindən bilən hər kəs bunun fərqində olsun. Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var? Hesab edirəm ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür. Biz iri investisiya xərclərini birbaşa Dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik. Bu xəclər onsuz da Neft Fondundan Dövlət büdcəsinə ayrılacaq transferlər hesabına maliyyələşdiriləcək. Neft Fondunun büdcəsinə daxil olan vəsaitlər də dövlətə məxsusdur. Ancaq biz bu xərcləri Dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən maliyyələşdirdikdə vəziyyət tamamilə dəyişir. Daha doğrusu bu variantda biz Neft Fondundan vəsaitləri investisiya layihələrinə o halda yatıra bilərik ki, dünya bazarlarında neftin qiymətlərinin yüksək olması səbəbində bu büdcəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun". İqtisadçı hesab edir ki, neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir: "Biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır ya da tamamilə dayandırırıq. Belə olanda büdcə göstəricilərimizin kəskin pisləşməsinə yol verilmir. Ancaq bu xərcləri büdcədə nəzərdə tutub icra etməyəndə, büdcənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxarır".
Fikrət Yusifov onu da qeyd edib ki, qlobal iqtisadi prossesləri nəzərə almadan nöbəti illər üçün nə iqtisadi nə də maliyyə göstəriciləri üzrə düzgün proqnozlar tərtib emək mümkündür: "Azərbaycan dünya iqtisadi müstəvisinin bir parçasıdır, iqtisadiyyatımız isə netdən asılıdır. Bu səbəbdən biz ən azından dünyada gedən iqtisadi prossesləri daha yaxından izləməyə borcluyuq. 2014-cü ilin ortalarından etibarən neftin qiymətlərində baş verən kəskin azalmalar - bu qiymətlərin daha çox siyasi səbəblərdən aşağı düşməsi sübut etdi ki, dünya iqtisadi müstəvisində baş verən prosseslər heç də həmişə iqtisadi amillərlə bağlı olmur. Bu səbəbdən yaxın 3 il ərzində hadisələrin necə inkişaf edəcəyinə indidən dəqiq proqnoz vermək mümkün deyildir. Bəs belə olan halda ölkənin iqtisadi və maliyyə durumunu sabit saxlamaq, onu dünya iqtisadi müstəvisində baş verə biləcək təlatümlərdən sığortalamaq üçün nə etmək lazımdır? Yol birdir və bu yol ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edən addımlardan keçir". İqtisadçı hesab edir ki, qlobal iqtisadi müstəvidə baş verə biləcək "şoklardan" sığortalanmağın ən doğru yolu budur: "Hökumətin bu istiqamətdə müəyyən etdiyi strategiya tədqirəlayiqdir. İndi əsas məsələ bu strategiyanı mümkün qədər tez və səmərəli reallaşdırmaqdan ibarətdir. Bir sözlə bu yolda indi daha kəskin addımların atılması zəruridir. Neftin qiymətlərinin son dönəmlərdə artması bizi qətiyyən arxayınlaşdırmamalıdır. Bu qiymətlərin artımından əldə olunan vəsaitlər ilk növbədə qeyri-neft sektorunun inkişafını təmin edəcək layihələrin reallaşdırılmasına yönəldilməlidir. Biz real sektordan ixracımızı dəfələrlə artırmaq hesabına ölkə iqtisadiyyatının və onun maliyyə durumunun neftdən asılılığını optimal həddə endirə bilərik. Hesab edirəm ki, növbəti illlərdə real sektorun inkişaf sürəti rekord hədlərdə təmin edilməlidir". Fikrət Yusifov bildirib ki, 2017-ci ildə qeyri neft sektorundan ixracın ötən ilin eyni göstəricilərindən 17 faiz artıq olacağı gözlənilir: "Bu yaxşı artım sürətidir. Lakin unutmamalıyıq ki, bu gün real sektordan ixracımız ümumu ixracımızın 10 faizindən çox deyil. Müqaisə üçün nefti, qazı olmayan Belarusiyanın 2017-ci ildə ixracının həcmi 28 milyard ABŞ dollarına yaxın təşkil edəcəkdir. Belarusiyanın ərazisi bizim ərazimizdən 2,4 dəfə böyük olsa da, əhalisinin sayı bizdəkindən yarım milyon nəfərə qədər azdır. Orta hesabla Belarusiya 15-20 gün ərzində bizim qeyri-neft sektorundan bir il ərzində ixrac edə biləcəyimiz qədər məhsul ixrac edir. Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki, real sektorun sürətli inkişafını təmin edəcək bütün rıçaqların işə salınmasının zamanı çatıb. Yaxın illərdə neftin qiymətləri ilə bağlı hansı prosseslərin gedəcəyinə heç kim təminat verə bilməz. Artıq son bir neçə ildə siyasi oyunlar fonunda neftin qiymətlərinin birdən-birə necə kəskin azaldığının və bu səbəbdən iqtisadiyyatı neftlə bağlı olan ölkələrin iqtisadi proqnozlarının necə alt-üst olduğunun canlı şahidi ola bildik".
Süleyman