Hansı MTK-lar vətəndaşları aldadır? - Araşdırma
Azərbaycanda mənzil tikintisi azalıb. Belə ki, əksər ölkələrdə iqtisadi artımın lokomotivi hesab edilən tikinti sektoru ildən-ilə bazardakı payını itirir. Yaranmış vəziyyətdə şirkətlərin payı daha böyükdür. Bura zaman-zaman vətəndaşların aldadılması - eyni mənzilin bir neçə vətəndaşa satılması, kommunal haqların yüksək olması, binanın ilkin layihəsi ilə təhvil verildikdən sonrakı vəziyyəti arasındakı fərqlər və sair daxildir. Nəticədə 12 il əvvəl 926 tikinti şirkəti fəaliyyət göstərirdisə, bu gün onların sayı 40-a qədər düşüb. Adekvat olaraq yaşayış evlərinin tikintisinə qoyulan investisiyaların həcmi də beş faiz azalaraq 1,030,608,6 min manat olub.
17 May 2017 18:04 İqtisadiyyatAzərbaycanda mənzil tikintisi azalıb. Belə ki, əksər ölkələrdə iqtisadi artımın lokomotivi hesab edilən tikinti sektoru ildən-ilə bazardakı payını itirir. Yaranmış vəziyyətdə şirkətlərin payı daha böyükdür. Bura zaman-zaman vətəndaşların aldadılması - eyni mənzilin bir neçə vətəndaşa satılması, kommunal haqların yüksək olması, binanın ilkin layihəsi ilə təhvil verildikdən sonrakı vəziyyəti arasındakı fərqlər və sair daxildir. Nəticədə 12 il əvvəl 926 tikinti şirkəti fəaliyyət göstərirdisə, bu gün onların sayı 40-a qədər düşüb. Adekvat olaraq yaşayış evlərinin tikintisinə qoyulan investisiyaların həcmi də beş faiz azalaraq 1,030,608,6 min manat olub.

Fərdi yaşayış evlərinin tikintisi artıb
Qeyd etdiyimiz kimi Azərbaycanda mənzil tikintisi geriyə doğru gedir. Vətəndaşlar fərdi yaşayış evlərinin tikintisinə üstünlük verirlər, nəinki MTK-dan ev almağa. Rəqəmlərə nəzər yetirsək, görərik ki, mənzil tikintisi 2014-cü ildən azalmağa başlayıb. 2013-cü ildə 21 min, 2014-cü ildə cəmi 17, 4 min, 2015-ci ildə 16,2 min mənzil tikintisi reallaşdırılıb. 2015-ci ildə qeyri-dövlət mülkiyyəti tərəfindən 1,761 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Ondan 1,616 min kvadratmetri vətəndaşların şəxsi hesabına tikilmiş mənzillər olub. Müqayisə üçün bildirək ki, göstərilən vaxtda iqtisadi göstəriciləri Azərbaycanla yaxın olan Qazaxıstanda mənzil tikintisi 69 min ədəd olub. Ümumiyyətlə (Ermənistan istisna olmaqla) MDB ölkələrində mənzil tikintisi son 5 ildə artıb.
Tikinti şirkətlərinin bazardakı payının azalmasında müxtəlif səbəblər rol oyanır. Bu bir tərəfdən durğunluqla, alqı-satqının azalması ilə bağlıdırsa, digər tərəfdən vətəndaşların MTK-lara inanmasından irəli gəlir. Söhbət mənzilin ərazisinin düzgün hesablanmaması, ərazinin planının səhv göstərilməsi, mənzil çıxarışının (kupça) olmaması, binanın vəd edilən vaxtda təhvil verilməməsi və keyfiyyət məsələlərindən gedir.

Məsələn, yeni tikilən binaların əksəriyyətində blokların sayı azdır. Bir dəhlizdə 15-ə yaxın mənzil yerləşir. Sovet dövrünün işçi yataqxanalarını xatırladan bu mənzərə əslində şirkətlərin blokların sayını az göstərməklə Bakı Şəhər İcra Hakimiyyətinə ödənilən müvafiq rüsumdan yayınmasından qaynaqlanır. Götürək "Melissa Group" un inşa etdiyi və hər yerdə reklamına rast gəldiyimiz "Melissa Park" inşaat kompleksini. Layihənin təqdimatında kompleksin 22 binadan ibarət olduğu irəli sürülür. Əvvəla ərazidə 22 bina yoxdur. Başqa tərəfdən hər binaya cəmi 1 blok, mərtəbələrə 15-ə yaxın mənzil düşür. O cümlədən əvvəldən təqdim edildiyi kimi kompleksdə nə tennis, nə futbol meydançası, nə uşaq baxçası, nə fitnes mərkəzi, nə də binalar arasında nəqliyyat yolu və yaşıllıq var. Yəni reklamlarda layihənin ümumi sahəsinin 30%-ni binalar, 70%-ni isə yaşıllıq təşkil etdiyi göstərilsə də reallıqda bu belə deyil.
Digər bir problem binaların isitmə sistemi ilə bağlıdır. Kompleksə daxil olan binalarda isitmə sistemi yaradılmayıb. Halbuki bu da mənzil alanlara verilən vədlər siyahısında olub.
Mənzillərin ərazisi düzgün hesablanmır
Azad İstehlakçılar Birliyinin hüquqşünası Qaçay Şahbazov bildirdi ki, bu gün istehlakçıların daha çox şikayət etdiyi şirkətlər Yasamal rayonunda yerləşən "İnşaatçı" MTK və "Meqasiti Holdinq" MMC-dir: "Sonuncu tərəfindən inşa edilmiş mənzil bir neçə nəfərə satılıb. Bununla bağlı məhkəməyə müraciət edilib. Bundan əlavə şirkətlər mənzilin sahəsini artıq göstərərək vətəndaşlardan əlavə pul alıblar. Belə ki, Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Eləcə də məcəlləyə görə, mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. MTK-lar bunu nəzərə almayaraq, binanın bayır divarlarından mənzilin sahəsini hesablayıb kvadratmetrə əlavə edirlər".
Q.Şahbazov digər özbaşınalığın kommunal haqlarla bağlı baş verdiyini dedi: "Kommunal xərclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı qərarı ilə tənzimlənir. Düzdür, həmin qərardan sonra Tarif Şurası yaradılıb. Bu qurum enerji, işıq, su, mavi yanacaq tariflərinin artırılması barədə qərarlar qəbul etsə də, lift xidməti, zibil və tullantıların daşınması, o cümlədən ətrafın təmizlənməsi xidmətləri əvvəlki qaydasında, yəni Nazirlər Kabinetinin qəbul elədiyi normalar çərçivəsində həll edilir. Buna baxmayaraq, MTK-lar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərini ciddi surətdə pozaraq özlərindən tariflər müəyyən edirlər. MTK-lar bununla həm də Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin 3-cü bəndinə, yəni hakimiyyətin bölgü prinsipinə müdaxilə etməklə Nazirlər Kabinetinin, hazırkı vəziyyətdə isə Tarif Şurasının səlahiyyətlərini mənimsəyiblər".
Bəzi şikrətlər fəaliyyətlərini dayandırmaq ərəfəsindədir

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirir ki, tikinti şirkətlərinin sayının hansı həddə qədər azalmasına dair statistik məlumatlar yoxdur: "Bazarda tənəzzül, durğunluq davam edir. Araşdırmalara əsasən bəzi şirkətlər fəaliyyətlərini dayandırmaq ərəfəsindədir. Başqa tərəfdən, burada rəqabətin də rolu var. Böyük şirkətlər kiçik şirkətləri sıradan çıxarır. Ümumiyyətlə son 10 ildə iri şirkətlər bazarda daha aktivdirlər. Əvvəla onlar şəhərin bir neçə ərazisində tikinti aparırlar, qiymətlərdə manevr etmək imkanına malikdirlər, eləcə də ucuz maliyyyə resurslarına çıxışları var".
O ki qaldı vətəndaşlarla tikinti şirkətləri arasında narazılıqların qalmasına, eləcə də şirkətlərin alqı-satqı zamanı irəli sürdükləri təkliflərə əməl etməməsinə, R.Əliyev deyir ki, bu sahəyə nəzarətin olmamasından irəli gəlir: "Vətəndaşların huquqlarını qoruyan qurum yoxdur. Tikinti şirkətləri ərazinin planını, mənzilin sahəsini səhv göstərirlər, eləcə də tikinti müddətini yubadırlar".
Qiymət və keyfiyyət məsələri həll edilməlidir

Mənzil tikintisinin azalmasına toxunan "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, ölkədə tikintinin ümumi həcmi azalıb: "Alqı-satqının həcmində azalmalar var. Bunun bir səbəbi də kredit imkanlarının daralmasıdır".
N.İbrahimov tikinti şirkətlərindən şikayətlərin davam etməsinə, şirkətlərin bazarda dayanıqlı olmamasına toxundu: "Qiymət və keyfiyyətlə bağlı məsələlər həll edilməlidir. Tikinti şirkətləri özlərinə tarixçə yaratmalıdır. Digər tərəfdən mövcud tələblər yumşaldılmalıdır. Həm şirkətlərə qarşı, həm də şirkətlərin vətəndaşlara qarşı tələbləri yumşaldılmalıdır".
Milli.az