Valyuta bazarının yaxın gözləntiləri: Manat, rubl, avro və dollar

Natiq Cəfərli: “Mərkəzi Bankın qərarı rublun kəskin ucuzlaşmasına səbəb olacaq”

"Rusiya Mərkəzi Bankı uçot-faiz dərəcəsini aşağı salacaq". "Olaylar"ın məlumatına görə, Rusiya Mərkəzi Bankının aprelin 30-da keçiriləcək toplantısından gözləntilərini açıqlayan iqtisadçı-eskpert Natiq Cəfərli belə deyib. N.Cəfərli qeyd edib ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsi 14%-dir, bu yüksək rəqəmdir, ona görə də, Rusiyada kreditlər xeyli bahalaşıb, biznesin kredit resurslarına çıxış imkanları məhdudlaşıb. Ekspertin sözlərinə görə, Rusiya Mərkəzi Bankı rubl kəskin ucuzlaşan zaman məcburən faiz dərəcəsini bir gündə 17%-ə qədər qaldırdı ki, rublun dəyərsizləşməsinin qarşısını alsın, bu isə kreditləri bahalaşdırdı: "İndi Rusiya hökuməti də, biznes çevrələr də Mərkəzi Banka təzyiq edir ki, uçot dərəcəsini, ən azı 12%-ə salsın. Çox güman, aprelin 30-da Bank belə bir qərar verəcək, bu isə rus rublunun kəskin ucuzlaşmasına gətirib çıxaracaq. Rusiya hökuməti rublun dollara qarşı 55-60 arasında olmağında maraqlıdır".

"Dolların avro qarşısında yeni yüksəliş trendini izləyə bilərik"

Natiq Cəfərlinin sözlərinə görə, dünyada əsas izlənilən valyuta məzənnəsi dollar-avro nisbətidir. N.Cəfərli qeyd edib ki, son 1 həftədə dollar avro qarşısında xeyli zəiflədi, bunun əsas səbəbi isə ABŞ Federal Rezerv Sisteminin (FED, onların Mərkəzi Bankı) uçot-faiz dərəcəsinin qaldırılmasını ertələməsi oldu: "Aprelin 29-da FED-in toplantısı oldu, dəqiq bilinən odur ki, 2015-də faiz dərəcəsi artacaq, amma ola bilər ki, bu iyunda deyil, sentyabrda baş versin, bu isə dolları bahalaşdırdı. Amma avronun daha ağır bir dərdi var - Yunanıstan! Yunanıstanın avrozonadan çıxma ehtimalı xeyli yüksəlib. Afina 12 maya qədər ciddi qərar verməlidir: ya AB-nin təklif etdiyi şərtlərlə müqavilələri imzalamalı, ya da özünü bankrot elan etməlidir. 12 maya qədər Afina 750 milyon avro borc qaytarmalıdır ki, onların da buna imkanı yoxdur. Yəni, Çipras hökuməti AB paketini imzalasa seçicilərini, səsləri itirəcək, imzalamasa Yunanıstan bankrot elan olunacaq. Bu da avronun kəskin ucuzlaşmasına səbəb olacaq. Yunanların 330 milyard avro ümumi borcları var, Afinanın avrozonadan çıxması və bankrotluğunun elanı avronun 15-20% dəyər itirməsi ilə nəticələnə bilər. Yəni, yaxın zamanlarda dolların avro qarşısında yeni yüksəliş trendini izləyə bilərik, əslində bu AB ölkələrinə sərf edir: ucuz avro = daha çox ixrac formulu işləyəcək. Maraqli bir detal da var. Ən böyük totalizator şirkəti olan "William Hill"şirkəti aprelin 23-dən sonra Yunanıstanın Avrozonadan çıxmasına qoyulan stavkaları artıq qəbul etmir, çünki bu o qədər realdır ki, stavka qoyanların sayı kəskin artıb, "William Hill" uduzacağından çəkinərək stavkaları dayandırıb".

"Manata təsir edən əsas faktor neftin qiymətidir"

Natiq Cəfərli manata yeganə təsir amilinin neftin qiymətinin olduğunu deyib. O, hesab edir ki, son 2 həftədə müvəqqəti də olsa neftin qiymətinin 65 dollar civarında sabitləşməsi manatı uzun zaman 1.05 ətrafında saxlamağa yetərli deyil: "Manatın rahat nəfəs alması üçün neftin qiyməti ən azı 85-90 dollar olmalıdır ki, bu da mümkün deyil. Neft bazarı indi İranın bazara daxil olmasına hazırlaşır, ona görə də, oyunçular bazarda İran faktoruna qədər spekulyasiyalarla neft fyuçerlərində para qazanırlar. Amma dollar bahalaşanda, İran bazara daxil olanda, artıq spekulyasiyalar da qiymətə təsir etməyəcək. 2015-ci ilin ortalama qiyməti 55-58 dollar arasında olacaq ki, bu da manata ciddi təzyiq edəcək və manatın yumşaq devalvasiyası davamlı olacaq".



Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31