“Bu il Azərbaycanda kreditlər ucuzlaşmayacaq”

Samir Əliyev: “Layihə qəbul olunsa, bu halda orta hesabla 5000 manatdan yuxarı olan bütün əmanətlər vergiyə cəlb ediləcək”

İqtisadçı-ekspert Samir Əliyev əmanət faizlərinə tətbiq edilən güzəştlərə ediləcək dəyişikliklər barədə danışıb. O, güzəşt müddətinin ən azı 1 il uzadılmasının vacibliyinə diqqət çəkib. Ekspert qeyd edib ki, Vergilər Məcəlləsinə təklif edilmiş dəyişikliyə əsasən, bundan sonra yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ancaq 500 manatadək olan hissəsi vergidən azad olunacaq.  Samir Əliyev bildirib ki, layihə qəbul olunsa, bu halda orta hesabla 5000 manatdan yuxarı olan bütün əmanətlər vergiyə cəlb ediləcək: "Əmanətin illik faizi azaldıqca vergiyə cəlb edilməyən əmanətin həcmi də artacaq və ya əksinə. Məsələn, illik 9%-lə 5555 manat, 8%-lə 6250 manat məbləğində güzəştli əmanət qoya biləcəklər. İllik faiz dərəcəsi 11-ə qalxdıqda isə güzəştli əmanətin məbləği 4545-ə qədər azalacaq. Ancaq burada əmanətçilərin 2 vacib nüansa diqqət yetirməsi çox vacibdir. Birincisi, göründüyü kimi, söhbət konkret olaraq bir banka yatırılmış əmanətdən gedir. Əmanətçi vergi ödəməmək üçün əmanətlərini bir neçə hissəyə bölməklə müxtəlif banklarda yerləşdirə bilər. Və ya ailə üzvlərinin adlarına keçirə bilər. Bu, ailə əmanətlərin inkişafını stimullaşdıracaq. İkinci nüans faizin vergiyə cəlb olunan hissəsi ilə bağlıdır. Əgər əmanətçi banka illik 10%-lə 10 min manat yatırıbsa, bu halda onun gəliri 1000 manat olacaq və deməli, ödəyəcəyi vergi məbləği 50 manat olacaq". S.Əliyev qeyd edib ki, yeni güzəşt mexanizminin bank sistemi üçün yeganə üstünlüyü əmanət bazarında təmərküzləşmənin azaldılması olacaq. Hazırda əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşdüyünü deyən ekspertin sözlərinə görə, yerdə qalan yarısına isə 39 bank nəzarət edir. Vergi güzəştinə düşmək üçün əmanətçilər vəsaitlərini banklar arasında bölməli olacaqlar ki, bu da vəsaitlərin bərabər paylanmasını stimullaşdıracaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31