“Azərbaycanda sudan istifadədə israfçılığa yol verilir”
Vahid Məhərrəmov: “Ehtiyatlarımız quraqlıq vaxtı 24 milyard kubmetrə enir”
7 Yanvar 2015 16:44 İqtisadiyyat"Ölkənin 32 milyard kubmetr su potensialı var, bunun da 70 faizi qonşu ölkələrdən gələn çayların suyu hesabına formalaşır". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. "Bu ehtiyatlarımız quraqlıq vaxtı 24 milyard kubmetrə enir. Azərbaycanda keçən il 11 milyard kubmetrdən çox sudan istifadə olunub. Bunun 4 milyard kubmetri itkiyə gedib. İsrail Azərbaycan qədər kənd təsərrüfatı məhsulu istehsal etdiyi halda cəmi 1,1 milyard kubmetr sudan istifadə edir. Azərbaycanda sudan istifadədə həddindən çox israfçılığa yol verilir, bu da ona görədir ki, dövlət büdcəsindən bu sahəyə dotasiya ayrılır. Yəni, sudan istifadə nə qədər çox olsa, itkiyə nə qədər çox yol verilsə dövlət kompensasiya edir. Suyun belə israfçılıqla istifadə edilməsi bu sahədə çalışan məmurlara fayda gətirir. Necə deyərlər, su itkisi nə qədər çox olsa, gəlir bir o qədər çox olar" - deyə V.Məhərrəmov bildirib. ("OLAYLAR" İA)