“Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2.9% azalıb”
Qubad İbadoğlu: “Vəziyyətdən ən çox əziyyət çəkən yalnız istehlakçılar deyil, həm də kiçik və orta sahibkarlar olacaq”
6 Yanvar 2015 12:42 İqtisadiyyat"Ötən ilin iqtisadi yekunları gözlənildiyi qədər uğurlu olmadı". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekpsert Qubad İbadoğlu çıxış edib. Q.İbadoğlunun sözlərinə görə, ilin sonuncu rübündən başlayaraq dünya bazarında xam neftin qiymətlərinin ucuzlaşması Azərbaycanın ixracatdan valyuta hasilatının, eləcə də, dövlətin maliyyə gəlirlərini azalmasını şərtləndirdi və bu da öz növbəsində ÜDM-in artım tempinə təsirsiz ötüşmədi. Ekspert qeyd edib ki, ötən il sənaye ili elan olunsa da milli iqtisadiyyatın bu önəmli sahəsində məhsul istehsalı əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2014-cü ilin 11 ayında 1.5%, eyni dövr ərzində digər vacib sektor olan kənd təsərrüfatında ümumi məhsul istehsalı 2.9% azalıb: "Gömrük məlumatlarına görə, xarici ticarət dövriyyəsi 6,7 faiz aşağı düşüb. İl ərzində diqqəti çəkən ən böyük iqtisadi hadisələr dünya bazarındakı qiymət dəyişmələrinin və Rusiyanın valyuta bazarındakı böhran meyllərinin Azərbaycana birbaşa təsirləri ilə bağlı oldu. Bu il Rusiyada rublun dəyərsizləşməsi və xam neftin qiymətinin ucuzlaşmasının davam edəcəyi halda Azərbaycanda alıcılıq qabliyyətinin də kəskin aşağı düşəcək. Bu da xüsusilə qeyri-ərzaq mallarının və məişət məhsullarının satışının əhəmiyyətli dərəcədə azalmasını şərtləndirəcək. Nəticədə, bu il bir tərəfdən ailə büdcəsində ərzaq xərcləmələrinə yönələn vəsaitlərin həcmi artacaq, digər tərəfdən də qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan ticarətçilər böhran şəraitində işləməli olacaqlar. Yeni ildə yeni şərtlərlə işləmək məcburiyyətində qalan milli iqtisadiyyatın neftin dünya bazar qiymətlərinin ucuzlaşmasına və Rusiyadakı böhrana necə adaptasiya olunacağından da çox şey asılıdır. Əks təqdirdə yaranmış vəziyyətdən ən çox əziyyət çəkən yalnız istehlakçılar deyil, həm də kiçik və orta sahibkarlar olacaq". ("OLAYLAR" İA)