“2015-ci il “neft ili” olacaq”
Natiq Cəfərli: “Siyasi böhran dərinləşsə, Yunanıstanın avrozonadan çıxması yenidən gündəmə gələ bilər”
5 Yanvar 2015 13:55 İqtisadiyyat"2015-ci il "neft ili" olacaq, yəni, bu ilin, ən azı birinci yarısında neft istehsal edən ölkələrin əndişəsi artacaq, istehlak edən ölkələrin üzü güləcək". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. ABŞ-ın neft ixracatına qadağanı ləğv etdiyini xatırlayan N.Cəfərli qeyd edib ki, əslində, 2014-cü ilin avqust ayında qadağanı yumşaltmışdı, 6 şirkətə linsenziya verilmişdi, indi isə daha 20 şirkət lisenziya aldı, həm də, avqustda neft kondensatına ixrac icazəsi verilmişdi, indi isə xam neftə belə icazə verildi. "Aprel ayında ABŞ-da FED faiz artımına gedəcək, uçot dərəcəsini artıracaq (çox güman, 0,25%), bu isə bütün dünyada dolların bahalaşmasına gətirib çıxaracaq ki, təsiri mütləq xammal bazarına da olacaq, yəni, baha dollar, daha ucuz neft deməkdir. 3. Avropa İttifaqı zonasında problemlər dərinləşəcək, Yunanıstanda olan siyasi böhran dərinləşə, hətta, Yunanıstanın avro zonadan çıxması yenidən gündəmə gələ bilər, bu isə, Avropanın digər problemli ölkələrinə də təsir edəcək. Aİ zonası gələn il ressesiya ilə qarşılaşa bilər, ya da, artım, 0,5%, 1% arasında ola bilər ki, bu da neftin qiymətinə aşağı yöndə təsir edəcək. 4. Çində son 15 ildə ilk dəfə ÜDM-in artım tempi 7%-dən aşağı olacaq, həm də, orada bank və əmlak bazarında şişmiş "balonlar" partlaya bilər ki, bu da dünyada xammalın qiymətinin aşağı çəkilməsinə təsir göstərəcək. 5. İyun ayında "altılıq" ölkələri ilə İran arasında böyük saziş olacaq, İran yenidən dünya bazarına açılacaq, bu isə İran neftinin daha çox həcmdə bazara daxil olması ilə yadda qalacaq. 6. Liviyada böhran bitəcək, indi gündə 300-350 min barel olan hasilat, 1,1-1,3 milyon barelə qədər qalxacaq ki, bu da qiymətlərin enməsinə səbəb olacaq. 7. İraq və İraq Kürdüstanı nefti gündə 1 milyon barel olmaq şərti ilə Ceyhan limanından ixraca başlayacaq" - deyə ekspert bildirib. Natiq Cəfərli hesab edir ki, ilin ilk yarısında neftin qiyməti indikindən də aşağı olacaq. N.Cəfərlinin sözlərinə görə, ortalama qiymət 2015-ci il üçün 55-60 dollar civarında olacağı təqdirdə bu ən yaxşı hal hesab olunacaq. Ekspert baş verən proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyib. ("OLAYLAR İA")