“Əmanətlərə güzəşt müddəti uzadılmalıdır”

Samir Əliyev: “1999-cu ildən bəri fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən gəlir vergisi tutulmur”

"6 gündən sonra əmanətçilərə verilən növbəti güzəştin müddəti bitir. Bu o deməkdir ki, əgər yeni güzəşt olmasa, gələn il əmanətlərdən qazanılan gəlirlər vergiyə cəlb ediləcək". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-ekspert Samir Əliyev çıxış edib. "Bununla da hər bir əmanətçi qazancının 10%-ni itirməli olacaq. Müxtəlif hesablamalara görə, burda söhbət təxminən 60 milyon manat məbləğində vəsaitdən gedir. Məhz bu qədər vəsaiti dövlət büdcəsi hər il 6,4 milyona qədər əmanətçiyə hədiyyə edir" - deyə S.Əliyev qeyd edib. Ekspertin sözlərinə görə, 1999-cu ildən bəri fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən gəlir vergisi tutulmur və son dəfə 2013-cü ilin dekabrında qəbul edilmiş "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" Qanunla güzəşt müddəti daha 1 il uzadılıb. Samir Əliyev hesab edir ki, son 2 ildə güzəşt müddətinin cəmisi 1 il uzadılması əmanətçilərə verilən dəstəyin tezliklə dayandırılacağı deməkdir. O, vurğulayıb ki, əmanətlərə tətbiq etdiyi güzəştlərin müddəti ən azı 2015-ci ilin sonuna qədər uzadılmalıdır: "Əks halda bu əmanət bazarında, ümumilikdə isə bank sektoru üçün narahatçılıq yarada bilər. Bank sektorunun düşdüyü vəziyyət isə ölkə iqtisadiyyatına mənfi təsiri göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31