2015-ci ildə dünya iqtisadiyyatı – ekspertdən sensasion iddialar
Natiq Cəfərli: “Əgər bu “balonlar” partlasa, Çin iqtisadiyyatında ciddi silkələnmələr olacaq, bu da bütün dünyaya təsir edəcək”
24 Dekabr 2014 16:00 İqtisadiyyatİqtisadçı-ekspert Natiq Cəfərli 2015-ci ilə dair iqtisadi proqnozlarını açıqlayıb. O, ABŞ iqtisadiyyatının yenidən dünyanın lokomotivi roluna qayıtdığını, 2014-cü ilin son rübündə iqtisadi artımın 5% olduğunu bildirib. "Əsas səbəbləri FED-in düzgün siyasəti, slans qazı və nefti bumu, yanacağın qiymətinin enməsinin iqtisadi canlanmaya təkan verməsidir" - deyə N.Cəfərli qeyd edib. Ekspert gələn il Şimal qonşumuzda vəziyyətin katostrafiq həddə olacağını proqnozlaşdırır: "ÜDM 4,5-5% azalacaq, dollar və avro yeni rekord səviyyələrdə olacaq, bir çox şirkətlər müflisləşəcək, işsizlik və sosial gərginlik artacaq. S&P və Moody's agentlikləri Rusiyanın reytinqini "zibil" səviyyəsinə salacaq, ölkədən gələn il daha 100 mlrd. dollar çıxacaq, bundan əlavə Rusiyanın dövlət və şirkətləri gələn il 136 mlrd. dollar borc qaytarmalı olacaqlar". Natiq Cəfərli 2015-ci ildə İrana qarşı sanksiyaların götürüləcəyini deyir. O, hesab edir ki, bu da öz növbəsində neftin qiymətinin aşağı enməsində rol oynayacaq. Daha sonra Natiq Cəfərli qeyd edir: "Avropada və Çində iqtisadi böyümə zəifləyəcək, Avropanın bəzi ölkələrində resesiya gözlənilir, Çinin iqtisadi artım tempi isə 7%-dən aşağı düşmə ehtimalı var ki, bu da digər ölkələr üçün fantastik yaxşı göstərici olsa da, Çin üçün çox aşağı göstəricidir (Çin iqtisadiyyatının strukturuna, əhali sayına və keçmiş illərdəki artım tempinə görə). Bundan başqa Çin iqtisadiyyatında, əsasən də tikinti sektorunda ciddi şişmiş "şarlar, balonlar" var, orada problemlər olması gözlənilir. Əgər bu "balonlar" partlasa, Çin iqtisadiyyatında ciddi silkələnmələr olacaq, bu da bütün dünyaya təsir edəcək". ("OLAYLAR" İA)