“2015-ci ildə neftin ortalama qiyməti 60-65 dollar olacaq”

Natiq Cəfərli: “Sonra qiymət daha da enəcək”

"Bəzi ekspertlər deyirlər ki, ərəblər qiyməti salırlar ki, ABŞ-da slans neftinin hasilatının rentabelliyini öldürsünlər, bazarda daha da möhkəmlənsinlər, rəqiblər bazardan çıxanda qiymət yenidən qalxsın". "Olaylar"-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir iddia ilə çıxış edib. "Dünyada neft erası bitir, yeni texnologiyalar hər ay təzələnir və buna görə də, bütün dünya neftin indiki qiymətlərində belə tez istehsal və ixrac etmək istəyirlər ki, sonra qiymət daha da enəcək. Lakin hər iki ehtimal da tam doğru deyil: 1) Slans neftinin hasilatını bərpa etmək üçün bir quyuya 1 həftə zaman, 1,5 milyon dollar vəsait, 8-15 nəfər arası da işçi lazımdır. Yəni, tutaq ki, ərəblər slans istehsalçılarını bazardan sıxışdırmaq istəyirlərsə, maya dəyəri ortalama 37 dollar olan slans neftinin istehsalını qiymət 35-40 dollara düşəndə rentabelsiz edə bilərlər. Amma, qiymət yenirən 55-60 dollara qalxan kimi, qeyri-rentabelli slans quyularında 1 həftəyə yenidən hasilat başlayacaq. Yəni, bu oyun mənasızdır. Mən tam tərsini düşünürəm - ABŞ öz müttəfiqi və vassalı olan Körfəz ölkələrinə deyib ki, neftin erası bitir, bacarın, çıxardın, satın. 2) Yeni texnologiyalarla bağlı versiya düzgündür, sadəcə, burada zaman xətası var, əlbəttə ki, yaxın 3-5 ildə dünya tamam dəyişəcək, amma, bu 2015-ci ildə olmayacaq. Bir sözlə, neftin qiyməti proqnozu: 2015-ci ilin 1-ci rübündə 45 dollara qədər enə bilər, sonra yenidən qalxacaq, 2015-ci ilin ortalama qiyməti 60-65 dollar arası olacaq. Səbəbləri: Avropa, Çinin inkişaf zəifliyi, FED-in % artırma qərarı (2015-ci ilin aprelində), slans inqilabı, Rusiya məsələsi, İranın sanksiyalarının götürülməsi" - deyə N.Cəfərli qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31