“Azərbaycana ərzaq məhsullarının idxalı artıb”

Natiq Cəfərli: “İxracatımızın 14 milyard dollara yaxını məhz Avropayadır”

İqtisadçı-ekspert Natiq Cəfərli yanvar-noyabr ayları ərzində Azərbaycanın ixrac-idxal rəqəmlərinin açıqlanması barədə məlumat verib. N.Cəfərli qeyd edib ki, rəsmi məlumatlara görə, ölkəmizin ticarət dövriyyəsi 28,825 mlrd. dollar olub və bu da 2013-cü ilin eyni dövrünə görə 9,13% azdır: "İxracımız 20,6 milyard dollar olub ki, bu da 2013-cü ilin eyni dövrünə görə 5,82% azadır. Maraqlı olan heç bu azalma da deyil, çünki, satdığımız tək neftdir, neftin hasilatı da bu dövrdə 3.2% azalıb. Diqqət çəkən başqa məqamdır: 20,6 milyard ixracatın 19,475 milyard dolları dövlət müəssisələrinin payına düşür, xüsusi sektor cəmi 1.026 milyard dollarlıq ixracat edib". N.Cəfərli bildirib ki, 2014-cü ilin yanvar-noyabr aylarında idxal 8,112 mlrd. dollar olub ki, bu da keçən ilin həmin dövrünə görə 16,61% azalma deməkdir. O, idxalda da ciddi azalmanın olduğunu iddia edib: "Əsas səbəb odur ki, ölkəmizə gətirilən avtomobillərin sayında keçən ilin həmin dövrünə nisbətən 41% azalma olub. Əsas ərzaq məhsulların idxalında ciddi artım var". Ölkəmizin ixrac etdiyi ölkələr arasında 1-ci yeri İtaliya tutur - ixracın tamamının 24%-i, 5,34 milyard dollar, sonra İndoneziya və Tayland gəlir - 4,4 mlrd. dollar, ardınca Almaniya - 1.146 milyard, Fransa - 1,065 milyard dollar. Bir sözlə, Azərbaycan satdığı məhsulların yəni, ixracatmızın 14 milyard dollara yaxını məhz Avropayadır, bu isə ümumi ixracatımızın 80%-dir. Bizim satdığımız neft və neft məhsulları isə Avropanın ümumi ticarət dövriyyəsinin heç 0.001%-də deyil, AB ölkələrin ixracatı 2 trilyon dollardan çoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31