Mənzil fırıldağının qarşısını niyə almaq olmur?
17 Dekabr 2014 15:07 İqtisadiyyatYeni inşa edilən binada eyni mənzilin bir neçə şəxsə satılmasl ilə bağlı mütəmadi olaraq məlumatlar yayılmaqdadır. Belə cinayət işlərinin miqyası kifayət qədər geniş olmasına baxmayaraq nə inzibati, nə də maarifləndirmə yolu ilə qarşısını almaq mümkün olmayıb. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bir müddət öncə, belə problemlərin yaşanmaması və "mənzil fırıldağının" qarşısının alınması üçün tıkliflər hazırlayıb bu işə məsul olan qurumlara göndərilib. Baş verən proseslər göstərir ki, həmin təkliflər qəbul olunmayınca "mənzil fırıldağının" qarşısını almaq mümkün olmayacaq. Hazırda inşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pul ilə kifayətlənməyərək, vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları əllərindən alırlar. Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzilə görə pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də ortada onların pullarını geri qaytaracaq kimsə var. Odur ki, illər boyu qənaət edərək qəpik-qəpik pul yığan vətəndaşlarımızı aldadan işbazlara dayan deməyin zamani yetişib. Ekspertin sözlərinə görə, mənzil fırıldağının qarşısını almaq üçün bir sıra beynəlxalq təcrübə mövcuddur: "Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda şirkətlərin şəffaf işləməsinə imkan yaradır".Yaxud, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyatını, hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər. Yəni məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir: "Bundan başqa, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Beşincisi, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik deyil". Bununla yanaşı, mümkündür ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olması birmənalı şəkildə qadağan edilməlidir. Doğrudur, hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır. Nəhayət, yeni tikilən və istifadəyə qəbul edilməyə mənzillərin alqı-satqısı üçün "Asan" Xidmətin nəzdində xüsusi elektron baza yaradıla bilər. Bütün alqı-satqı əməliyyatları ilə bağlı məlumatın həmin bazaya daxil edilməsi məcburi xarakter almaqla yanaşı, MTK-ların birbaşa alıcıya mənzil satması qadağan edilməlidir.
Alim